“Rusiya İranı bir neçə dəfə “noqdauna“ saldı”

 “Artıq Rusiya da İranın bölgədə gərginliyi artırmasından narahatdır”


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova bildirib ki, Rusiya tərəfi Cənubi Qafqaz regionunda geosiyasi sabitliyin və təhlükəsizliyin qorunması prioritetindən çıxış edir.
M.Zaxarova vurğulayıb ki, İran tərəfinin açıqlamalarını onların öz rəsmi nümayəndələri şərh etməlidir. Moskvanın mövqeyi isə dəyişməz olaraq qalır.
“Ölkəmiz bütün regional oyunçularla dialoqu davam etdirməklə uyğun bildiyi hərtərəfli siyasət həyata keçirir”.
M.Zaxarova Rusiya, İran, Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyənin iştirakı ilə “3+3” formatının yaradılması təşəbbüsünü də xatırladaraq İran tərəfinin buna müsbət münasibətini qeyd edib.

Məsələni “Sherg.az”a dəyərləndirən siyasi analitik Turab Rzayevin sözlərinə görə, artıq bəlli oldu ki, Rusiya İranın bölgəni gərginləşdirmə siyasətindən kifayət qədər narahatdır:

“Bunu İran XİN başçısının nə qədər provokativ suallar versə də, rusiyalı həmkarının ona cavab verməməyində gördük. Rusiya İranı bir neçə dəfə “noqdauna “saldı. İran Xəzər dənizindəki təlimlərlə bağlı şikayət etdi ki, Azərbaycan Türkiyə ilə təlimlər keçirib. Lavro isə cavabında bildirdi ki, Xəzər konvensiyasını qəbul etməyən ölkə ancaq İrandır. Ona görə də İran bu konvensiyanı qəbul etdikdən sonra haqq tələb edə bilər.

İran xarici işlər naziri həmçinin bildirdi ki, Azərbaycan Türkiyə və Pakistanla təlimlər keçirir. Lavrov buna da çox “iynəli” cavab verdi və söylədi ki, Azərbaycan tərəfi İranın keçirdiyi təlimlərdən narahatdır.

Bütün bunlar onu göstərir ki, artıq Rusiya da İranın bölgədə gərginliyi artırmasından narahatdır. Kreml İranın onu bu gərginliyə alət etməsini istəmir və regional əməkdaşlığı dəstəkləyir. Rəsmi Moskva həmçinin “2+2””, yəni Türkiyə-Azərbaycan-Ermənistan-Rusiya formatına uyğun işlərin getməsini istəyir. Rusiya bu formatı “3+3” formasına da çevirmək istəyir və açıq şəkildə bildirir ki, İran hansısa rol oynamaq istəyirsə, yalnız bu formata qoşulmaqla istəyinə ola bilə. Zaxarovanın açıqlaması da eynilə bunu sübut edir. O, demək istəyir ki, İran nəsə söyləmək istəyisə, bunu öz adı ilə həyata keçirsin”.

T.Rzayev vurğulayıb ki, Rusiya da İranın nüvə silahı əldə etməsindən narahatdır:

“Ola bilsin İran rəhbərliyi hazırda Co Bayden hakimiyyətinin zəif olduğunu və müharibənin başlamayacağını düşünür. Ona görə də atom bombası ilə bağlı prosesi tezləşdirməyə qərar verib. Məhz İsrailin İranın 1-2 aya nüvə silahı əldə etməsinə dair xəbərdarlığı o deməkdir ki, rəsmi Tehran bu sahədə işləri gücləndirir. Rusiya da İranın tez zamanda nüvə silahı əldə etməsinə qarşıdır. Rusiya ola bilsin qorxur ki, İsrail İranı bombalayar və bölgədə vəziyyət qarışar, digər tərəfdən isə İranın nüvə dövləti olmasını istəmir. Kremlin mövqeyi budur ki, İran nüvə enerjisindən istifadə etsin, amma nüvə silahına sahib olmasın”.