Professor bu işlə məşğul olan məmurlara dərs keçməyin vacib olduğunu vurğulayıb
Firudin Cəlilov: Bu yolun ilk addımı Əlifbadır, Azərbaycan 33 ildir ki, ortaq Türk Əlifbası üzərində işləyir
Dekabrın 15-ində türk dünyası mühüm bir tarixi hadisəni-3 noyabr 2025-ci il tarixində Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Ümumi Konfransında rəsmi olaraq elan edilən “Dünya Türk Dili Ailəsi Günü”nü qeyd edir. Türk ölkələrinin birliyi uzun illərdir Azərbaycan və digər türk dövlətlərinin gündəmində olan prioritet məsələlərdən biridir. Artıq Türk Dövlətləri Birliyi fəaliyyət göstərir, qərarlar qəbul edilir və birlik istiqamətində addımlar atılır. Lakin prosesin ləng getməsi və bəzi sahələrdə koordinasiyanın tam təmin olunmaması hələ də narahatlıq doğurur. Azərbaycanın isə bu yolda 33 illik təcrübəsi və əldə etdiyi uğurlar digər türk dövlətləri üçün örnək olaraq qalır.
Sabiq Təhsil Naziri, professor Firudin Cəlilov mövzu ilə bağlı Sherg.az-a deyib ki, Türk ölkələrinin birliyi uzun müddətdir arzumuz olub:
"Hətta keçən əsrin 70-ci illərində bu sahədə səmərəli iş gördüyümüzü düşünürdük. Türk ölkələrinin birliyi təxminən Avropa Birliyi modeli əsasında qurula bilər. Artıq Türk Dövlətləri Təşkilatı yaradılıb, qərarlar qəbul edilib və Turana doğru istiqamət götürülüb. Lakin bu proses çox ləng gedir. Ləngimənin səbəbi odur ki, bu işlə məşğul olanlar həmin sahələrin uzmanı deyil, məmurlardır. Onlara vəzifələrinə görə bu məsələlərin həlli tapşırılır, amma tanımadıqları və bilmədikləri sahəni inkişaf etdirə bilmirlər. Bu səbəblə də işlər pərakəndə gedir. Türk xalqlarının və dövlətlərinin birliyi müxtəlif mərhələlərdən ibarətdir. Birinci mərhələ-Əlifba birliyidir, ikinci mərhələ-ortaq dərsliklərin tətbiqidir, üçüncü mərhələ-ortaq ordu, dördüncü mərhələ- ortaq pul və valyuta, beşinci mərhələ-ortaq parlament və s. Bu yol bu cür mərhələlərlə davam etməlidir. Amma bu işlər pərakəndə gedir. Dediyim kimi, yolun ilk addımı Əlifbadır. Azərbaycan artıq 33 ildir ki, ortaq Türk Əlifbası üzərində işləyir. Lakin digər türk dövlətləri hələ indi-indi yığışıb qərara alırlar ki, ortaq əlifbaya keçmək lazımdır. Çünki onlar bu sahənin uzmanları deyillər, bu sahələrdən xəbərləri yoxdur".
Sabiq nazir Azərbaycanın 33 il əvvəl digər ölkələri qabaqlasığını aöyləyib:
"1990-cı illərdə Azərbaycanda başlanan əlifba reformu və İstanbulda türk alimlərinin yığışıb ortaq türk simpoziumunda qəbul etdikləri ortaq türk əlifbasından çoxlarının xəbəri yoxdur. Mən həmin layihənin komissiya sədri oldum, onu parlamentdən keçirdim. 1991-ci il noyabrın 25-i həm Sovetlərin dağılması günü, həm də Azərbaycanda ortaq Türk Əlifbasının qəbul günü kimi tarixdə qalıb. Bu, tarixi bir olaydır, amma çoxları ya bunu unudub, ya bilmir, ya da mahiyyətinə varmayıb. Hətta Türkiyə kimi böyük bir ölkə üç hərfi əlavə edə bilmir ki, ortaq əlifba tətbiq olunsun. Əlbəttə ki, arzumuz Türk dövlətlərinin ortaq mədəniyyəti, inkişafı, ortaq dəyərləridir. Məsələn, çox istərdim ki, Türk Dövlətləri Təşkilatı də Oscar və ya Nobel kimi, elmə, mədəniyyətə, incəsənətə, siyasətə töhfə verənlər üçün mükafat təsis etsin. Bu, TDT-ni daha da gücləndirər".
Professor bu işlə məşğul olan məmurlara dərs keçməyin vacib olduğunu vurğulayıb:
"Bu işlə məşğul olan məmurlara dərs keçmək, onları maarifləndirmək lazımdır ki, bilsinlər nə etmək lazımdır. Mən və mənim kimi düşünənlər həmişə Türk birliyinin tərəfdarı olmuşuq. İndi gec də olsa, prosesin yavaş getməsinə baxmayaraq, bu işin inkişafına ümid edir və buna sevinirik. Türk xalqlarını bayram münasibətilə təbrik edirəm".