Saxlanılan vəzifəli şəxs VHP-nin səlahiyyətli nümayəndəsidir: Partiyadan reaksiya

Azərbaycanda müəssisə rəhbəri saxlanılıb.

Trend-in məlumatına görə, Şirvan Kommunal Kombinatı müəssisəsinin rəhbəri Aqil Rəhimdil oğlu Vəliyev korrupsiya cinayətlərində təqsirləndirilib.

Müəssisə rəhbəri Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanıb. A.Vəliyevin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş prokurorluqdan xəbəri təsdiqləyiblər.

***

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 46 saylı Şirvan dairə seçki komissiyasındakı (DSK) təmsilçisi Aqil Vəliyevin saxlanılmasına münasibət bildirib.

VHP-dən Axar.az-a verilən məlumata əsasən, hazırda partiyada bununla bağlı məsələ araşdırılır:

"Araşdırma apardıqdan sonra Aqil Vəliyevin haqsız yerə saxlanıldığı məlum olsa, biz sona qədər onun hüquqlarını müdafiə edəcəyik".