
Seçim haqqı türk xalqınındır
Türkiyədə seçkilərin nəticələri beynəlxalq siyasətə yeni düzən, yeni çalar gətirəcək
“Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Türkiyə-Azərbaycan qardaşlığını sarsıtmaq və yaxud zəiflətmək mümkün deyil"
“Mayın 14-də keçiriləcək tariximizin ən vacib seçkisində Allahın köməyi ilə yenə qələbə qazanacağıq”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb. O bildirib ki, seçkilərin nəticələrinə əsasən gənclər, yaşlılar, qadınlar və kişilər daxil olmaqla, 85 milyonluq xalqın hər biri qələbə qazanacaq: “Şərq, qərb, şimal və cənubda yerləşən 81 vilayətimizin hər biri qalib gələcək. Cəmiyyətimizin bütün təbəqələri qələbə qazanacaq. Fərqli inanclara sahib bütün vətəndaşlarımız qələbə qazanacaq.
“Daha ədalətli bir dünya mümkündür” şüarımızı eşidən Asiya və Afrikadakı yüz milyonlarla insan qələbə qazanacaq. Ay-ulduzlu al bayrağımızı görəndə hüzur tapan, özünü inamlı hiss edən soydaşlarımız qalib olacaq. Ölkəmiz və dünyanın dörd bir tərəfində Türkiyənin uğuru üçün dua edənlər qələbə qazanacaq”. Ərdoğanın sözlərinə görə, seçkilər nəticəsində Türkiyə, həmçinin bu regionda haqqı tapdalananlar qələbə qazanacaq: “14 may, Allahın köməyi ilə, hər birimizin bayramı, qürur günü, Türkiyə demokratiyasının bayramı olacaq.
Heç kəs pessimist olmasın. Heç kəs ölkəmizin parlaq gələcəyi ilə bağlı inamını itirməsin”. Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır. Türkiyəli köşə yazarı Abdulkadir Selvi Ərdoğanın 50 faiz həddini keçdiyini, Kılıçdaroğlunun isə 45 faizə yaxınlaşdığını qeyd edib. Onun sözlərinə görə, seçkilər yaxınlaşdıqca Məhərrəm İncə və Sinan Oğanın səsləri azalır:
“Ərdoğan və Kılıçdaroğluna isə dəstək artır. “Ərdoğan, yoxsa Kılıçdaroğlu?” soruşulan zaman insanların çoxu Ərdoğanı seçir. Belə ki, sorğuların ümumi orta nəticəsinə görə, Ərdoğan artıq 52 faiz həddini keçib. AKP mitinqlərində insanların coşğulu iştirakı, xüsusilə də İstanbul mitinqində rekord sayda iştirak bunu təsdiqləyir. Həmçinin AKP 40 faizlik psixoloji müqavimət həddini də keçib. Kılıçdaroğluna dəstəkdə də artım gözlənilir. Kılıçdaroğlu deyənlərin nisbəti 48 faizə yaxınlaşır". Onun sözlərinə görə, Ərdoğanın birinci turda qalib gəlmə şansı həddən artıq çoxalıb. Bu arada Məmləkət Partiyasının sədri Məhərrəm İncə CHP lideri Kamal Kılıçdaroğlunu növbəti dəfə tənqid edib: “21 ildir ki, Rəcəb Tayyib Ərdoğanı məğlub edə bilmirsən. Trollarınla üzərimə hücum edirsən. Məncə, utanmalısan. Təkrar soruşuram: Sənə əngəl oluram, yoxsa yardımçı? Səhv edirsiniz, trollar, mən olmasam, 1-ci turda seçkini Ərdoğan qazanacaq".
Qeyd edək ki, CHP tərəfdarları M.İncəni səsləri bölməkdə, Ərdoğanın şansını artırmaqda ittiham ediblər.

Politoloq Əli Oruclu "Şərq"ə açıqlamasında bildirib ki, Türkiyədə 14 mayda keçiriləcək seçkiləri dünya ictimaiyyəti də diqqətlə izləyir. Analitikin sözlərinə görə, seçkilərin nəticələri beynəlxalq siyasətə yeni düzən, yeni çalar gətirəcək:
"Türkiyədə keçiriləcək seçkilərin Azərbaycana da çox böyük təsirləri olacağından ölkə ictimaiyyəti qardaş ölkədəki kimi bu prosesə fokuslanıb. Prezidentliyə 4 namizəd olsa da, aydındır ki, əsas mübarizə hazırkı Prezident R.T.Ərdoğanla ana müxalifət lideri K.Kılıcdaroğlu arasında gedəcək. Aparılan rəy sorğuları da iki əsas namizəd olduğunu göstərir. Türkiyə demokratik cəmiyyətdir və seçki ənənələrinə sahib olduğundan hər səs uğrunda ciddi rəqabət var. Əlbəttə, Türkiyə vətəndaşlarının seçiminə hörmətlə yanaşmalıyıq. Ancaq fikrimcə, 14 may seçkilərində indiki Prezident Ərdoğan yenidən öz postunu mütləq səs çoxluğu ilə, bir qədər də konkretləşdirsək, 52-55 faiz səslə qoruyub saxlaya biləcək. Kamal Kılıcdaroğluna xarici dəstək göstərilməsinə və məqbul saymadığımız siyasi xətt götürməsinə, çağırışlar etməsinə baxmayaraq, onun qalib olması mümkün görünmür. Kılıcdaroğlunun platformasından bəlli olur ki, türk dünyası və Türkiyənin yürütdüyü siyasətdən tamam fərqli yol yürüdüləcək. Bu isə türk dünyasının bir parçası olaraq Azərbaycanın da maraqlarına cavab vermir. Ümumiyyətlə, PKK terror təşkilatının siyasi qanadı sayılan HDP ilə bir ittifaqda yer almağın özü gələcəkdə yaxşı heç nə vəd etmir. Bölücülük suçlaması ilə həbsdə yatan Səlahəttin Demirtaşa salam göndərilməsi qəbuledilməzdir".
Ə.Orucluya görə, seçkilər nə qədər Türkiyə üçün vacibdirsə, bir o qədər də Azərbaycan üçün önəmlidir:
"Təsadüfi deyil ki, bölgədə nüfuz uğrunda mübarizə aparan İran, Fransa, Rusiya, Avropa İttifaqı, ABŞ, həmçinin Ermənistanın özü Ərdoğanın uduzmasını səbirsizliklə gözləyir. Bu oyunçuların çoxu Azərbaycanla heç də dost sayıla bilməz. Eyni zamanda regionda təhlükəsizlik və sülhün dayanıqlı olması, Azərbaycanın maraqlarının təmin olunması baxımından Türkiyənin dəstəyinə ciddi ehtiyac var və bunu da Ərdoğan hakimiyyəti heç vaxt əsirgəməyib. Türk dünyasının sürətli inteqrasiyası, dünya siyasətində öz güclü mövqeyini saxlaması, Azərbaycanın çox vacib planlarının həyata keçirilməsi baxımından Prezident Ərdoğanın seçilməsi arzuolunandır. Bununla belə seçim haqqı qardaş Türkiyə xalqınındır və buna sayğı ilə yanaşmağı bacarmalıyıq. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Türkiyə-Azərbaycan qardaşlığını sarsıtmaq və yaxud zəiflətmək mümkün deyil".