Seçkiləri müşahidə etmək üçün MSK-ya 2 minə yaxın müraciət daxil olub

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək üçün Mərkəzi Seçki Komissiyasına 2000-ə yaxın müraciət edilib və onların hamısına müsbət cavab verilib. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müraciət edənlərdən 1630-a yaxını yerli müşahidəçilərdir. Təxminən 70-ə yaxın beynəlxalq müşahidəçi müraciət edib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, MDB-nin müşahidə missiyası artıq fəaliyyətə başlayıb. O cümlədən müxtəlif ölkələrin seçki komissiyalarının müşahidəçiləri də artıq Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçiblər. Amma proses sürətlə gedir və say artacaq.

“Qeyd edim ki, bələdiyyə seçkilərində yerli müşahidəçilərin sayı 52 mindən çox idi. Bu seçkidə də müşahidəçi baxımından problemimiz olmayacaq”.