Separatçıların Xankəndidə gizlədilməsi yolverilməzdir

Əvvəl-axır xəbər çıxacaq

Burada əsas məsuliyyət 
sülhməramlıların üzərinə düşür
  
Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində qalmaqda davam edən keçmiş xuntanın qondarma "başçıları" Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan barəsində məlumat yoxdur. Vitali Balasanyan da hələ ələ keçməyib. Erməni mediası onların Xankəndidən çıxarılması üçün Bakı ilə danışıqlar getdiyini iddia edir. Separatçıların Ermənistana keçməsi haqda iddialar yayılsa da, erməni mənbələr bunu təkzib ediblər. Separatçıların Rusiya sülhməramlı kontingenti tərəfindən himayə edildiyi, gizlədildiyi də deyilir. Azərbaycan ictimaiyyəti Qarabağda saysız-hesabsız qətliamlar, zorakılıqlar törətmiş, əlləri minlərlə insanın qanına batmış separatçı-terrorçuların həbs xəbərlərini intizarla gözləyir. Hələ ki separatçı-terrorçu başçılardan 4 nəfərin həbsi rəsmən təsdiqlənib. Onlar Ruben Vardanyan, David Babayan, Levon Mnasatkanyan və David Manukyandır.
  Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a açıqlamasında deyib ki, Rusiya sülhməramlıları tərəfindən himayə olunan separatçılar müəyyən yerlərdə gizlədilə bilərlər. Partiya rəhbəri vurğulayıb ki, hüquq-mühafizə orqanlarımız bölgədə tam şəkildə möhkəmlənməyib: "Proses yavaş-yavaş gedir və tədricən möhkəmlənirik. Əvvəl-axır separatçılardan xəbər çıxacaq. Burada əsas məsuliyyət sülhməramlıların üzərinə düşür. İndiyə kimi doğru-düzgün fəaliyyət göstərməyiblər, ciddi narazılıqlara səbəb olublar. Heç olmasa separatçıların ələ keçirilməsində məsuliyyətli davransınlar, düzgün mövqe tutsunlar. Separatçıların Xankəndidə gizlədilməsi, yaxud gizli yollarla Ermənistana qaçırılması yolverilməzdir. Eyni zamanda qaçaqmalçılıqla məşğul olması ifşa edilən Beynəlxalq Qırmızı Xaç Komitəsi də onların qaçırılmasını həyata keçirə bilər. Azərbaycanın iradəsi ortadadır. Separatçıların çığır-bağırlarına, hay-küyünə baxmayaraq, öz işimizi görəcəyik. Nəyin bahasına olur-olsun, bütün separatçılar Azərbaycana gətirilməli və ən sərt şəkildə cəzalandırılmalıdır. İlahi ədalət gec-tez yerini tapacaq. Məlumat var ki, 300-dən artıq separatçı-terrorçu beynəlxalq axtarışa verilib. Onların hamısı qatı cinayətkarlardır".