Separatizmin sonu ədalət məhkəməsidir - RƏY

  • Əkrəm Bəydəmirli: “Erməni separatçılarını cinayətin mahiyyətini bilmədən müdafiə edirlər”

Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır. Bu məsələdə ikili standartlara yol verilməməlidir. Lakin təəssüf ki, Azərbaycana münasibətdə bunu dəfərlərlə müşahidə etmişik. Beynəlxalq təşkilatların hüquqdan kənar davranışları bu gün də davam edir. 

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli Sherg.az-a açıqlamasında bildirdi ki, həm Avropa Parlamentinin, həm də digər qurumların nümayəndələri ağır cinayətlərdə ittiham edilən və məhkəmənin qərarı ilə cəza almış erməniləri mütəmadi olaraq müdafiə edirlər. Bu hiyləgər proses Rusiyanın və Ermənistanın mediasında özünü göstərir: 

- Çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının dünyanın gözü qarşısında məhkəmə prosesi ötən illər çox aşkar keçirildi. Hüququn bütün tələblərinə uyğun aparılmış bu prosesdə çoxsaylı şahid ifadələri dinlənildi, irəli sürülmüş ittihamlar öz əsaslı təsdiqini tapdı. Bakı Hərbi Məhkəməsində ağır cinayətlərdə ittiham olunan həmin ermənilər təkzibolunmaz faktlarla, əsaslı sübutlarla üz-üzə qaldılar. Bu gün dünyada bəzi qüvvələrin belə cinayətkarla bağlı hay-küy qaldırması anlaşılan deyil. Beynəlxalq hüquqa etinasızlıq o həddə çatıb ki, günahsız azərbaycanlıların qanını tökən həmin qatillərin müdafiəsi ilə bağlı müxtəlif məkrli dairələr kampaniya aparırlar. Təsəvvür etmək mümkün deyil ki, həmin erməni sevdalısı qüvvələr dünyanın digər məkanlarında baş qaldırmış separatçıları eyni formada müdafiə etsin. Amma həmin şəbəkə erməni separatçılarını cinayət işinin mahiyyətini bilmədən müdafiə edirlər.Görünür həmin şəbəkəni ifşa etmək üçün daha çox çalışmaq lazımdır. Dünyada separatizmlə məşğul olana, müharibə cinayəti törədənə beynəlxalq hüququn münasibəti eyni olmalıdır. Qənaətimcə, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan yalnız torpağını işğaldan azad etmədi, həm də ermənilərin yaratdığı cəzasızlıq mühitinə, separatizmə son qoydu. Bu gün münaqişələrdən, separatizmdən, əsassız torpaq iddialarından əziyyət çəkən dünya üçün bu yaxşı örnəkdir. İstər Ermənistanın daxilində, istırsə də, xaricində yaşayan ermənilər artıq dərk etməlidirlər ki, separatizmin, terrorun, qanunsuz əməllərin sonu ədalət məhkəməsidir, cəzadır. Gerçəkdən əsrin məhkəməsi cəzasızlıq mühitinə son qoymaqla həqiqət anını ortalığa çıxardı.