Sərhədlərin delimitasiyası məsələsində Avropa və Rusiya arasında fikir ayrılığı yoxdur 

Bu isə öz növbəsində prosesin həllini sürətləndirə bilər
Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların ilk görüşü keçirilib. Tərəflər delimitasiya və digər məsələlər üzrə komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər. Komissiyaların birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə olunub. Həmçinin, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəlinib. İkinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.
Siyasi şərhçi Turan Rzayev “Şərq”ə bildirib ki, bu, 44 günlük müharibədən sonra tərəflər arasında ilk ciddi görüş sayılır. Ekspertə görə, Brüssel görüşündən iki gün sonra Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsi həm rəsmi Bakının, həm də İrəvanın prosesdə maraqlı olduğunu göstərir. Tərəflərin delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını bildirməsi də bunu təsdiqləyir:
 “Bununla belə, Bakı və İrəvan arasında sərhədlərlə bağlı ziddiyyətlər tam aradan qalxmayıb. Ermənistan Baş naziri Nikol Paşinyan delimitasiyanın SSRİ dağılandan sonrakı mövcud sərhədlər üzrə aparılmasını istəyir. Azərbaycan isə delimitasiya prosesində həm anklavların, həm də vaxtilə otlaq və əkin sahəsi adı ilə Ermənistana verilən ərazilərin nəzərə alınmasını tələb edir. 
Dövlət Komissiyasının tərkibində Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini, Qazax Rayon İcra Hakimiyyətinin başçısının yer alması da Bakının bu mövqeyindən geri dönməyəcəyini açıqca göstərir. Prinsip etibari ilə sərhədlərin delimitasiyası məsələsində Avropa və Rusiya arasında fikir ayrılığı yoxdur. Bu isə öz növbəsində prosesin həllini sürətləndirə bilər. İkinci Brüssel görüşündə tərəflər aprel ayının sonuna qədər birgə komissiyanın yaradılması barədə razılığa gəlmişdi.
  Həmin razılaşma 26 noyabr Soçi bəyanatındakı “birgə komissiyanın yaradılmasına” əsaslanırdı. Bu mənada ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi əslində yeni bir şey deyil. Mövcud prosesin öncədən təyin edilən qrafik üzrə aparıldığı görünür. Görüş məkanı kimi fərqli məkanların seçilməsi Azərbaycan-Ermənistan sülh gündəliyindəki ehtimal edilən Qərb-Kreml rəqabətini neytrallaşdıra bilər”.