Hüquqi faktlar və normativ baza bu cür iddiaların əsassız olduğunu tam şəkildə təkzib edir
Prezident İlham Əliyev Milli Məclisə ünvanlı amnistiya təşəbbüsü ilə çıxış edib. Təşəbbüs 2025-ci il "Konstitusiya və Suverenlik İli" münasibətlə irəli sürülüb.
Bu təşəbbüs dövlət başçısının cəmiyyətin sosial-siyasi sabitliyinə, insan amilinə və ədalət prinsipinə verdiyi önəmin növbəti təzahürüdür. Amnistiya aktları, bir qayda olaraq, cəmiyyətdə yumşalma, sosial gərginliyin azalması və hüquqi münasibətlərin humanist çərçivədə tənzimlənməsinə xidmət edir.
Amnistiya Aktının layihəsinə əsasən, dövlət suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror tədbirlərində iştirak etmiş şəxslər xüsusi kateqoriya kimi nəzərə alınır. Həmçinin, bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistanın hərbi təxribatları nəticəsində əlil olmuş mülki şəxslər, qadınlar, 60 yaşına çatmış şəxslər, yetkinlik yaşına çatmayan cinayət törətmiş şəxslər və digər sosial həssas qruplar da amnistiyanın əhatə dairəsinə daxil edilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsünü regionda davam edən informasiya müharibəsi fonunda Ermənistan cəmiyyətində müəyyən radikal və revanşist dairələr manipulyasiya predmetinə çevirməyə çalışırlar. Sözügedən çevrələr informasiya mühitinə məqsədli şəkildə belə bir impuls ötürüblər ki, guya, Amnistiya Aktı Azərbaycanda mühakimə olunan ermənilərə də şamil edilə bilər. Bu cür iddialar, əslində, həm hüquqi reallıqların təhrif olunmasına, həm də Ermənistan ictimai rəyində yanlış gözləntilərin formalaşdırılmasına hesablanıb.
Məsələ ondadır ki, Amnistiya Aktının hüquqi mahiyyəti, tətbiq dairəsi və subyektləri qanunvericilik çərçivəsində dəqiq müəyyən olunur və hər bir halda dövlətin suveren hüquqları, milli təhlükəsizlik maraqları və törədilmiş cinayətlərin xarakteri əsas meyar kimi çıxış edir. Bu baxımdan, Ermənistanın radikal çevrələrinin yaydığı tezislər daha çox daxili auditoriyaya hesablanmış siyasi spekulyasiya xarakteri daşıyır və reallığı əks etdirmir.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə təqdim edilən Amnistiya Aktı ölkədə humanizm siyasətinin, hüquqi dövlət prinsiplərinin və sosial ədalət anlayışının ardıcıl şəkildə davam etdirildiyini göstərir:
“Qanunvericilik təşəbbüsü hüququndan istifadə edilərək irəli sürülən bu təklifin 19 dekabr 2025-ci il tarixində parlamentin plenar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub. Bu Akt dövlətin vətəndaşlara yönəlik etimad və sosial məsuliyyət siyasətinin növbəti mühüm mərhələsidir. Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə əfv və amnistiya institutlarının sistemli və məqsədyönlü şəkildə tətbiq edilməsi artıq bir ənənəyə çevrilib. Ümumilikdə müstəqillik dövründə imzalanmış 71 Əfv Sərəncamının 39-nun məhz Prezident İlham Əliyevin dövrünə təsadüf etməsi, eyni zamanda indiyədək 5 Amnistiya Aktının qəbul edilməsi dövlət başçısının humanizm, islah və reinteqrasiya siyasətinə verdiyi önəmi açıq şəkildə ortaya qoyur. Hazırda müzakirəyə çıxarılan təşəbbüs sayca 6-cı amnistiya olmaqla yanaşı, miqyasına görə ən geniş və əhatəli Amnistiya Aktı kimi qiymətləndirilir. Bu amnistiyanın tətbiq dairəsi və əhatə etdiyi şəxslərin sayı onu müstəqillik tarixinin ən genişmiqyaslı humanist hüquqi aktlarından birinə çevirir. İlkin hesablamalara görə, sənəd 20 mindən artıq şəxsə şamil ediləcək. Onlardan 5 mindən çoxu azadlıqdan məhrumetmə cəzasından tam azad ediləcək, 3 mindən artıq şəxsin cəzası azaldılacaq, minlərlə məhkum isə digər cəza növlərindən və ya cinayət məsuliyyətindən azad olunacaq. Bu, yalnız hüquqi deyil, eyni zamanda dərin sosial-humanist məzmun daşıyan bir addımdır. Minlərlə ailənin sosial vəziyyətinə müsbət təsir göstərilməsi, məhkumların cəmiyyətə yenidən inteqrasiyası və ictimai etimadın möhkəmləndirilməsi baxımından bu amnistiyanın əhəmiyyəti ölçüyəgəlməzdir”.
Politoloq Amnistiya Aaktı ilə Əfv İnstitutunun hüquqi mahiyyəti arasında ciddi fərqlər olduğunu xatırladıb:
“Əfv fərdi xarakter daşıyan, yalnız məhkəmə hökmü qüvvəyə minmiş şəxslərə münasibətdə tətbiq olunan və müstəsna səlahiyyət kimi dövlət başçısına məxsus hüquqi mexanizmdir. Amnistiya isə fərdi deyil, ümumi xarakter daşıyır və cinayət qanunvericiliyinin konkret maddələri üzrə cəzadan və ya cinayət məsuliyyətindən azad olunmanı nəzərdə tutur. Bu baxımdan amnistiya daha geniş sosial-hüquqi təsir imkanlarına malikdir. Konkret sualınıza gəldikdə isə onu deyim ki, məsələ ilə bağlı həm yerli, həm də beynəlxalq ictimaiyyətdə müzakirələrin aparılması, xüsusilə Ermənistan və digər ölkələrə məxsus sosial şəbəkə platformalarında məqsədli manipulyasiyaların edilməsi diqqət çəkir. Bu manipulyasiyaların əsas mahiyyəti guya Azərbaycanda terror, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş erməni silahlı qruplaşma üzvlərinin də Amnistiya Aktından faydalana biləcəyi iddiası üzərində qurulub. Halbuki bu iddialar hüquqi reallıqla heç bir halda uzlaşmır. Azərbaycan qanunvericiliyində amnistiyanın tətbiqinə dair konkret və birmənalı məhdudiyyətlər mövcuddur. Ağır və xüsusilə ağır cinayətlər, terrorçuluq, dövlətə xəyanət, qəsdən adam öldürmə, təkrar zorakılıq cinayətləri amnistiya aktlarının tətbiq dairəsindən istisna edilir. Xüsusilə 1994-cü ildə qəbul edilmiş 793 nömrəli qanuna əsasən, 20 Yanvar hadisələrində, Xocalı soyqırımında və Azərbaycan ərazilərinin işğalında iştirak etmiş şəxslərin hər hansı Amnistiya Aktının təsiri altına düşməsi qəti şəkildə qadağandır. Bir sözlə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etmiş, insanlıq əleyhinə cinayətlər və soyqırım törətmiş şəxslərin dövlətin humanizm siyasətindən faydalanması nə hüquqi, nə də siyasi baxımdan mümkün deyil. Bu, yalnız Azərbaycanın deyil, bütün müasir beynəlxalq hüquq sisteminin qəbul etdiyi fundamental prinsipdir. Belə cinayətləri törətmiş şəxslər xüsusi ictimai təhlükə yaradan cinayətkar kateqoriyasına aiddir və onların əfvi və ya amnistiyaya düşməsi ehtimal xarakteri belə daşımır”.
X.Bəşirov qeyd edib ki, Ermənistanda bu məsələnin süni şəkildə gündəmə gətirilməsi isə açıq şəkildə daxili siyasi manipulyasiyalara, revanşist və təxribatçı qüvvələrin maraqlarına xidmət edir. Məqsəd Azərbaycan cəmiyyətində və beynəlxalq müstəvidə yanlış təsəvvür yaratmaq, eyni zamanda Ermənistan daxilindəki siyasi gərginlikdən diqqəti yayındırmaqdır. Lakin hüquqi faktlar və normativ baza bu cür iddiaların əsassız olduğunu tam şəkildə təkzib edir.