ABŞ-nin Bakı ilə təmasları anlaşılandır
Vaşinqtonun niyyəti Rusiyanı regiondan mümkün qədər sıxışdırmaq, bölgədə təsir imkanlarını və nüfuzunu azaltmaqdır
Amerika Birləşmiş Ştatlarının rəhbəri Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib. Məktubda qeyd olunub ki, Azərbaycan və Amerika ötən il ərzində enerji təhlükəsizliyini təmin etmək və xalqlarımızın üzləşdiyi transmilli çağırışlara cavab vermək üçün bir araya gəliblər. Bayden iki ölkə arasında əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb: "Xalqlarımız arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm". Ağ Ev rəhbəri Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə töhfə vermək niyyətini də ortaya qoyub: "ABŞ yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir". Xatırladaq ki, paralel olaraq Amerika Birləşmiş Ştatları dövlət katibinin köməkçisi Karen Donfridlə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. Telefon danışığı zamanı tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələləri, bölgədə cari vəziyyəti, eləcə də Azərbaycan-Ermənistan arasında sülh prosesini müzakirə ediblər". Nazir Ceyhun Bayramov bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Ermənistanın son təxribatları barədə məlumat verib. Laçın yolunun başlanğıcında sərhəd-keçid nəzarət məntəqəsinin yaradılmasının əhəmiyyəti bir daha qeyd olunub. Nazir həmçinin sülh sazişi üzrə danışıqlara maneçilik törədən Ermənistanın qeyri-konstruktiv yanaşmalarını diqqətə çatdıraraq, Azərbaycanın sülh sazişi üzrə danışıqlara hər an başlamağa hazır olduğunu vurğulayıb. Karen Donfrid öz növbəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının regional sülh və inkişaf üçün vacibliyini dilə gətirib. Son vaxtlar bölgədə gərginləşən vəziyyətdən narahatlıq ifadə edilərək bütün anlaşılmazlıqların danışıqlar yolu ilə həllinə çağırış edilib.
Politoloq İlqar Vəlizadə "Şərq"ə açıqlamasında bildirib ki, ABŞ dünyanın super gücüdür və bölgədə olduğu kimi Cənubi Qafqaza da müəyyən təsirləri mövcuddur. Analitik deyib ki, Amerikanın məqsədi bəllidir. Vaşinqtonun niyyəti Rusiyanı regiondan mümkün qədər sıxışdırmaq, bölgədə təsir imkanlarını və nüfuzunu azaltmaqdır: "ABŞ region ölkələri ilə sıx təmas quraraq Cənubi Qafqazda dayaqlarını möhkəmləndirməyə çalışır. O baxımdan Ağ Evin ara-sıra regionda baş verənlərlə maraqlanması, rəsmi Bakı ilə təmasları anlaşılandır. Azərbaycan-Ermənistan arasında sülh prosesinə töhfə vermək niyyəti də müsbət yanaşmadır. Ancaq məktublarla, bəyanatlarla iş keçmir. Söhbət konkret addımlardan, təşəbbüslərdən, layihələrdən gedir. ABŞ illərdir bölgədə Azərbaycan və digər ölkələrlə əməkdaşlıq çərçivəsində daha çox enerji və ümumi təhlükəsizlik məsələləri ilə maraqlanır. Hazırda da Vaşinqton bu siyasətini davam etdirir".
İ.Vəlizadə bəyan edib ki, ABŞ-nin öz maraqları olduğu kimi Azərbaycanın da maraqları, gözləntiləri var: "Bütün ölkələrlə maksimum səviyyədə münasibət qurmaqda maraqlıyıq. Məqsədimiz bölgədə müxtəlif güclərin maraqlarını balanslaşdırmaq, tarazlaşdırmaqdır. Əgər regionda hansısa bir gücün üstünlüyü olarsa, tarazlıq pozular və geostrateji gərginlik üçün şərait yaranar. Biz bunu istəmirik. ABŞ ilə münasibətləri normal səviyyədə saxlayaraq güclərin maraqlarını tənzimləyək. Rusiya, İran və digər güclərin fonunda öz mövqeyimizi möhləmləndirək. Bu baxımdan ABŞ-Azərbaycan münasibətləri bizim üçün çox önəmlidir. Azərbaycan heç kimin əlində alət rolunda çıxış etmək düşüncəsində deyil. Bir dövlətin əliylə hansısa ölkəni sıxışdırmaq, ona təzyiq göstərmək, imtiyazlar qazanmaq bizim siyasətimiz deyil. Bu siyasətlə Ermənistan məşğul olur. İrəvan hər zaman digər fövqəldövlətlərin əliylə öz siyasətini müəyyənləşdirib. Çünki etibar edəcəyi həqiqi dostları yoxdur".