Terrorçular Türkiyənin təhlükəsizliyinə ciddi təhlükədir

Şimali İraqda hərbi əməliyyatların aparılması ölkənin maraqlarına tam uyğundur
Türkiyə ordusunun İraqın şimalında yerləşən PKK düşərgələrini ləğv etmək üçün aprelin 18-dən başlatdığı “Pençe Kilit” kod adlı antiterror əməliyyatı davam edir. Əməliyyatları Türkiyə hərbi hava qüvvələri, artilleriya və xüsusi təyinatlı qüvvələri həyata keçirirlər.
İndiyədək yüzlərlə terrorçu məhv edilib. Türkiyə ordusu da şəhidlər verib. Buna rəğmən, genişmiqyaslı əməliyyat-axtarış, məhvetmə hərəkətlərinin davam edəcəyi deyilib. Qeyd edək ki, Türkiyə hökuməti 2015-ci ilin iyul ayından etibarən ölkə daxilində terrora qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Daha sonra əməliyyatlar İraq və Suriya ərazilərində davam etdirilib. Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, bu günə qədər əməliyyatlar nəticəsində 34 min 259 terrorçu zərərsizləşdirilib. Eyni zamanda bu ilin əvvəlindən zərərsizləşdirilən terrorçu sayı 991-dir. Hazırda davam edən “Pençe-Kilit” əməliyyatı da seriya şəklindədir. İlk “Pençe” əməliyyatı 2019-cu ildə başlayıb. Bu seriyadan olan əməliyyatlar Türkiyənin PKK-nın möhkəmləndiyi cənub-şərq vilayətlərində, eləcə də İraqda, Qəndil, Zap rayonlarında davam etdirilib. 
Türkiyənin terrorçulara qarşı növbəti hərbi əməliyyatlarını “Şərq”ə dəyərləndirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri Samir Hümbətov deyib ki, qardaş ölkənin öz sərhədlərindən kilometrlərcə uzaqda hərbi əməliyyat keçirməsinin səbəbləri var. Analitik bildirib ki, Türkiyənin cənub-şərq bölgələrində, İraq və Suriya ilə sərhəddə PKK, PYD, YPG qüvvələri davamlı terror həyata keçiriblər:
 “Terrorçular sadəcə türk əsgərlərinə deyil, eyni zamanda mülki əhaliyə də hücum çəkirdilər. O baxımdan Türkiyə hökuməti qərara gəldi ki, terrorçuları öz sərhədlərindən kənara çıxartsın və həmin ərazilərdə terrorun kökünü kəssin. Məqsəd ərazini təhlükəsiz bölgə halına gətirməkdir. Ölkə ərazisində terrorçu qruplaşmaların qalması və kənardan lojistik dəstək alması Türkiyənin təhlükəsizliyi üçün təhdid deməkdir. O cümlədən Şimali İraqda və digər yerlərdə terrorçuların cəmləşməsinə imkan verilməsi də Türkiyə üçün ciddi təhlükədir. Qərb ölkələri mütəmadi şəkildə PKK-ya və onun qolu YPG-yə hərbi dəstək verirlər. Ankara hökumətinin narazılıq etdiyi məsələlərdən biri də budur. Türkiyə bölgənin təhlükəsizliyini təmin edənədək hərbi əməliyyatları davam etdirəcək. Əlbəttə, hərbi əməliyyatlarda şəhidlərin verilməsi üzücüdür, amma indi aparılan bu əməliyyatlar gələcəkdə yüzlərlə günahsız insanın, əsgər və mülki şəxslərin həyatını xilas edəcək. O baxımdan Türkiyənin Şimali İraqda hərbi əməliyyatları ölkənin maraqlarına tam uyğundur”.