- Mehriban Əliyevanın təşəbbüsü ilə səhiyyədə yeni mərhələ başlayır
Azərbaycanda səhiyyə sisteminin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və tibb işçilərinin sosial rifahının gücləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan əməkdaşların əməkhaqlarının artırılması ilə bağlı yeni qərar səhiyyə sahəsində həyata keçirilən ardıcıl islahatların və dövlətin sosial siyasətinin növbəti mərhələsi kimi qiymətləndirilir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.
Yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq olunur və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisini əhatə edir. İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fonduna 189 milyon manat əlavə vəsait yönəldilib.
Yeni mexanizm çərçivəsində maaş artımları bütün tibb işçiləri üçün eyni formada müəyyənləşdirilmir. Əməkhaqqının məbləği vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılır. Bu yanaşma həm əməyin xüsusiyyətlərinin nəzərə alınmasına, həm də kadr çatışmazlığı olan sahələrə əlavə stimul yaradılmasına hesablanıb.
Yeni islahat son illərdə tibb işçilərinin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamıdır. 2023-cü ildən TƏBİB-in tabeliyindəki müəssisələrdə əməkhaqlarının artırılması, 2025-ci ildə minimum əməkhaqqının yüksəldilməsi ilə əlaqədar növbəti artımların tətbiqi və Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evlərinin əməkdaşlarının tarif maaşlarına 1,5–3 dəfə artım əmsallarının tətbiqi bu istiqamətdə görülən tədbirlər sırasındadır.
Ümumilikdə, yeni əməkhaqqı islahatı yalnız tibb işçilərinin gəlirlərinin artırılması deyil, həm də səhiyyə sisteminin kadr potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İslahatın qarşıya qoyduğu əsas məqsədlər tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması, peşənin cəlbediciliyinin artırılması, regionlarda kadr çatışmazlığının aradan qaldırılması və nəticə etibarilə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri müavini Azər Badamov Sherg.az-a bildirib ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsü və bu təşəbbüsün Prezident İlham Əliyev tərəfindən dəstəklənməsi, məncə, sadəcə əməkhaqqı artımı kimi qiymətləndirilməməlidir.
Deputat hesab edir ki, bu qərar dövlətin tibb işçilərinə göstərdiyi diqqət və qayğının növbəti təzahürü olmaqla yanaşı, səhiyyə sistemində həyata keçirilən ardıcıl islahatların mühüm tərkib hissəsidir:
“Əvvəla, burada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsünü xüsusi qeyd etmək istəyirəm. Mehriban xanım Əliyeva uzun illərdir səhiyyə və sosial məsələlərə xüsusi diqqət göstərir. Onun təşəbbüsü ilə bu sahədə bir sıra mühüm layihələr həyata keçirilib. Tibb işçilərinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş bu təşəbbüs də həmin yanaşmanın davamı kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin bu təşəbbüsü dəstəkləməsi isə dövlətin səhiyyə işçilərinə verdiyi yüksək dəyərin göstəricisidir. Qərarın TƏBİB sistemində çalışan 72 212 tibb işçisini əhatə etməsi və bunun üçün əməkhaqqı fondunun 189 milyon manat artırılması məsələnin miqyasını aydın şəkildə göstərir. Bu qərarın ən mühüm tərəflərindən biri əməkhaqqı artımında diferensial yanaşmanın tətbiq edilməsidir. Bu gün səhiyyə sisteminin qarşısında duran əsas məsələlərdən biri regionlarda ixtisaslı tibb kadrlarının çatışmazlığıdır. Son illərdə regionlarda yeni xəstəxanalar tikilir, tibb müəssisələri müasir avadanlıqlarla təmin olunur, səhiyyə infrastrukturunun yenilənməsinə böyük vəsaitlər yönəldilir. Amma müasir xəstəxana və ən müasir tibbi avadanlıq özü-özlüyündə kifayət etmir. Əgər həmin avadanlıqla işləyəcək ixtisaslı mütəxəssis yoxdursa, yaradılmış infrastrukturdan lazımi səmərəni əldə etmək mümkün deyil. Bu baxımdan regionlarda çalışan tibb işçilərinin əməkhaqlarına differensial yanaşmanın tətbiq olunması çox mühüm addımdır. Müəyyən əmsalların tətbiqi və regionlarda çalışan mütəxəssislərin daha yüksək əməkhaqqı ilə stimullaşdırılması onların bölgələrdə işləməyə marağını artıra bilər. Bu, həm regionlarda kadr çatışmazlığının aradan qaldırılmasına, həm də vətəndaşların yaşadıqları ərazidə keyfiyyətli tibbi xidmətə çıxışının yaxşılaşdırılmasına xidmət edəcək. Əslində, burada dövlət siyasətinin çox mühüm bir prinsipini görürük: təkcə infrastruktur yaratmaq deyil, həmin infrastrukturda işləyəcək insan kapitalına da investisiya qoymaq. Digər tərəfdən, tibb işçilərinin əməkhaqlarının artırılması uzunmüddətli perspektivdə tibbi təhsilə marağın yüksəlməsinə də müsbət təsir göstərə bilər. Gənclər üçün tibb sahəsinin həm sosial, həm də iqtisadi baxımdan daha cəlbedici olması gələcəkdə ixtisaslı kadr bazasının genişlənməsinə imkan yaradar. Eyni zamanda, layiqli əməkhaqqı və daha yaxşı sosial təminat Azərbaycan səhiyyəsində çalışan mütəxəssislərin xaricə getmək meylinin müəyyən qədər azalmasına da kömək edə bilər”.
A. Badamov qeyd edib ki, bu qərarı son illərdə həyata keçirilən əməkhaqqı siyasətinin davamı kimi də qiymətləndirmək lazımdır:
“Əvvəlki illərdə TƏBİB sistemində çalışan tibb işçilərinin, daha sonra Səhiyyə Nazirliyinin tabeliyində olan müəyyən müəssisələrin, o cümlədən körpələr evlərində çalışan əməkdaşların əməkhaqlarının artırılması həyata keçirilib. İndiki artım da səhiyyə və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl siyasətin növbəti mərhələsidir. Burada daha mühüm bir məqam var. Biz tibb işçisinin sosial rifahından danışarkən əslində vətəndaşın sağlamlığından danışırıq. Sosial təminatı və əmək şəraiti daha yaxşı olan, əməyinin dövlət tərəfindən qiymətləndirildiyini hiss edən tibb işçisinin işinə daha yüksək motivasiya ilə yanaşması mümkündür. Bu isə nəticə etibarilə tibbi xidmətin keyfiyyətinə və vətəndaş məmnunluğuna da müsbət təsir göstərə bilər. Ona görə də mən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu təşəbbüsünü yüksək qiymətləndirirəm. Çünki burada söhbət yalnız tibb işçilərinin maaşlarının artırılmasından getmir. Söhbət səhiyyə sisteminin insan resurslarının gücləndirilməsindən, regionlarda kadr probleminin həllindən, gənclərin tibb sahəsinə marağının artırılmasından və bütövlükdə vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsindən gedir. Prezident İlham Əliyevin bu təşəbbüsü dəstəkləməsi də dövlətin səhiyyə işçilərinə münasibətinin göstəricisidir. Mən hesab edirəm ki, bu qərar həm sosial dövlət siyasətinin, həm də Azərbaycanda səhiyyə islahatlarının mühüm mərhələlərindən biri kimi qiymətləndirilə bilər. Ən vacib nəticə isə odur ki, dövlət tibb işçisinə sərmayə qoymaqla əslində insan sağlamlığına, səhiyyənin gələcəyinə və cəmiyyətin rifahına sərmayə qoyur”.