- "Bilet sistemi və qatar planlaması kökündən səhvdir"
Bakı-Tiflis sərnişin qatarı polad relslər üzərinə çıxar-çıxmaz narazılıqlar, problemləri də üzə çıxarıb. Qiymət bahalığı bir yana, bilet almaq da müşkülə dönüb.
Jurnalist Rasim İsmayılov sosial şəbəkə hesabında yazır ki, hər gecəyarısı 00:30-da növbəti 30-cu günün biletləri satışa çıxır. Və 15-20 dəqiqə ərzində onlayn şəkildə satılır. Amma bu bilet satışı qatarın keyfiyyəti ilə antoqonistdir. Bilet satışı ilə bağlı cədvəli də təqdim edən R.İsmayılov qeyd edib:
- Təxminən bir saat əvvəl baş verən prosesdir. 00:34-də sistem açılır və 5-6 dəqiqə ərzində 2 nəfərin bileti üçün şəxsi məlumatları doldurub pulu köçürürsən. Pul daxil olur. "Proses uğurlu oldu!" yazılır. Və "tudje"(həmən) pul geri qaytarılır. İndi "ağıllılar" izah edəcəklər ki, o biletləri sizin cəhdinizdə bir saniyə əvvəl kimsə alıb. Belə olan halda proqram pulu niyə götürür? Ardıcıllıq yoxdurmu? Çoxlu suallar çıxır. Suallar cəhənnəm olsun. Lap cavabları da cəhənnəm olsun. 21-əsrdə bunun adı nədir ay Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi? Bu işin iki başı da sizin qurumun birbaşa adıdır! Nəqliyyat da, rəqəmsal da.
P.S. Artıq bir neçə gündür turizm şirkətləri Gürcüstana qatarla turları reklam edir. Bizim 30 gün əvvəl ala bilmədiyimiz 2-3 bileti 20-30 nəfər üçün necə alacaq turizm şirkəti? Bəlkə hakerlər oturdacaqlar kompyuterin arxasına? Axı bu sıravi vətəndaşların gediş-gəlişi üçün nəzərdə tutulmuşdu”. Turizm şirkətinin əldə edə bildiyi biletləri sıravi vətəndaşlar – o kəslər ki 6 ildir ata-anasının üzünü görməyə, qohumları, rəhmətə gedənlərini, doğma el-obasını ziyarət etməyə həsrət qalıb – niyə əldə edə bilmir?
Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında bildirdi ki, vətəndaşın iradı haqılıdır:
- Mən efirdə də bu barədə elə birinci reysi yola salan gün öz fikrimi bölüşmüşdüm, indi də səsləndirirəm. Birincisi, tələb böyükdür, təklif isə azdır. Yəni, bu nüanslar gözləniləndir. Bunun üçün bir neçə iş görülməlidir. Qatarın tutumu 10 vaqondur. Onun bir vaqonu restorandır, qalan 9 vaqonda isə kupe, kupenin daha yaxşılaşdırılmış variantı və SV yerləşir - indi bunlar komfort, komfort plus və biznes kimi adlandırılır. İlk günlərdə sərnişindaşıma tutumu barədə müxtəlif rəqəmlər səslənirdi - 118 nəfər, sonra 150 nəfər. Səhv etmirəmsə, maksimum 234 nəfərə qədər daşıya bilir. İlk günlərdə 7 vaqon idisə, son xəbərlərdə əlavə vaqon qoşulacağı qeyd olunmuşdu. Yəni bu yeni alınmış vaqonlardan cəmi 20 vaqonumuz var. Məntiqlə, 10 vaqon o tərəfdən gəlməli, 10 vaqon isə bu tərəfdən getməlidir. Bu nəzərdə tutulmuşdu. Bakı–Tbilisi–Ankara reysi üçün İsveçrənin Stadler Rail Qrupu tərəfindən yataq tipli qatar hazırlanıb. Çox müasirdir, daha yaxşılaşdırılmış şərait yaradılıb. Amma burada bir neçə sual var. Birincisi, bu qatar marşrutu əslində Batumiyə qədər uzadılmalıdır. İkinci məsələ - əgər biz 1 noyabr 2024-cü ildən dinamik tarif siyasətinə keçmişiksə, hansı ki aviabiletlərin satıldığı formata bənzəyir, niyə bileti almaq imkanı yalnız bir ayla məhdudlaşdırılır? Avropada 90 gün, 120 gün öncədən satış olur. Mən təklif edərdim ki, ümumiyyətlə biletlər bir il öncədən satışa çıxarılsın və vətəndaş üçün əlçatan olsun. Vətəndaş əvvəlcədən hansı ayda, hansı gündə getmək istəyirsə, planlaşdırsın. Bu problem insanlar üçün doğrudan da aktualdır. Rəqəmsal dövrdə 30-cu günün biletini almaq üçün gecə saatlarında sistem gözləmək hansı məntiqə sığır?
Ekspert bildirdi ki, məsələnin ikinci tərəfi vaqonların sayının artırılmasına çalışmaqdır:
- Əlimizdə olan nə qədər köhnə vaqon varsa, onları təcili təmir edib xəttə buraxmaq və daha aşağı qiymətli təklif formalaşdırmaq lazımdır. Məsələn, köhnə Tbilisi qatarı haradadır? O vaxtlar təmirdən də çıxmışdı, vəziyyəti pis deyildi. Dünyada lizinq və ya idarəetməyə götürmə variantları da var. İşlənmiş qatar da ola bilər. Bu gün Azərbaycanda buna ehtiyac var. Bizim üçün Gürcüstan ən yaxın istiqamətlərdən biridir və Qara dəniz ilə Xəzər dənizi arasında qarşılıqlı turist səfərlərini ilboyu təşkil etməliyik ki, dövlət bundan faydalansın. Çünki burada milyonluq ölkələrdən və milyonluq şəhərlərdən gələn sərnişin axınından söhbət gedir və bu axına cəmi 234 nəfərlik bir reys kifayət etmir. Hətta imkan varsa, bunu tamam başqa formatda da düşünmək olar; gündüz oturaq tipli, 500 nəfərlik iki mərtəbəli qatar buraxmaq olar. Orada qoyulan tələblər - məsələn, 23 kiloqrama qədər yükün daşınması - oturaq tipli qatarlarda məntiqlidir. Amma yataq tipli qatarda bunu tətbiq etmək bir qədər anlaşılmaz görünür. Çünki insanlar ailəsi ilə gedir, yükü daha çox olur və buna görə əlavə 50 manat ödəməli olur. Bu suallar həmişə açıq qalacaq. Nə qədər ki tələb böyük, təklif isə azdır, bu məsələnin həlli reyslərin sayını artırmaq və satış limitini uzatmaqdan keçir.
R.Ağamirzəyev bildirdi ki, bilet stışı üçün bir ay vaxt təyin etmək çox azdır:
- Vaxtilə dəmir yolu vağzalının birinci mərtəbəsində xarici ölkələrin dəmir yollarının kassaları yerləşirdi. Məsələn, Rusiyanın, Ukraynanın, Gürcüstanın. O vaxt bizdə bilet satışının son müddəti 10 gün idisə, onlarda artıq 45–60 gün idi. İndi biz 30 günə keçmişik, amma düşünürəm ki, bu böyük problem olmamalıdır. Əgər dinamik tarif siyasətinə keçmişiksə, bu məsələnin də həlli tapılmalıdır. Əsas hədəfimiz sərnişinləri məmnun etmək olmalıdır. Sərnişinin məmnunluğu nədən asılıdır, əlbəttə ki, evindən, ofisindən çıxmadan bileti əldə etmək və özünə uyğun qiymət tapmaq. Alternativlərin çox olması vacibdir ki insan yalnız bir qatardan asılı qalmasın. Bizim 5 aviareysimiz var, amma qiymətlər yüksəkdir. Müasir qatarla yanaşı daha aşağı qiymətli alternativ də vacibdir. Buna görə oxşar gecə qatarlarının təşkili barədə düşünmək lazımdır. Axının böyüklüyünü nəzərə alaraq gündüz oturaq tipli qatar da təşkil edilə bilər. Hazırda yol məsafə yataq tipli qatarla təxminən 9 saat 30 dəqiqə çəkir. Yataq tipli qatarın sürəti təbii olaraq aşağı olur. Amma oturaq tipli qatar daha sürətli ola bilər. Dayanacaqlar da adi qatardan azdır. Bunları optimallaşdırıb, Gürcüstan tərəfi ilə sərhəd-keçid prosedurlarını sadələşdirib daha əlçatan təklif formalaşdırmaq olar. Gündüz və gecə olmaqla bir neçə reys təşkil etmək olar, gündüz oturaq tipli, gecə isə yataq tipli. Müasir qatarın marşrutunu Batumiyə qədər uzatmaq olar. Əlavə olaraq, dediyim kimi, lizinq və ya mövcud köhnə qatarlardan istifadə etməklə daha çox platskart tipli vaqonlar formalaşdırmaq olar. Beləliklə, daha çox insanın məmnunluğunu təmin etmiş olarıq.
Ekspert qeyd etdi ki, bilet satışı məsələsi də vacibdir. Əgər vaqonların konfiqurasiyasına baxsaq, kupe vaqonu təxminən 32 nəfər tutur, SV daha az, amma platskart vaqonu 58 nəfər tutur. Bu da ciddi fərq yaradır:
- Yəni, eyni vaqon fərqli siniflər üzrə fərqli sayda sərnişin daşıyır. Ona görə insanların imkanlarını da nəzərə alaraq təkliflərimizi buna uyğun formalaşdırmalıyıq.