Türk dünyası indiki qədər bütöv olmayıb


Buna görə Rusiya kanalları Azərbaycanı, İran kanalları da Türkiyəni hədəfə alıb

  "Azərbaycanın zəfəri regionda çoxlarını narahat etməkdədir". Bunu millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, məsələ bütövlükdə türk dünyasının üclənməsi ilə bağlıdır: "Rusiya dövlət kanalı Azərbaycanı hədəfə alırsa, İran kanalları Türkiyəni də yaddan çıxartmırlar. Türk Dövlətləri Təşkilatı regionda daha da real gücə çevrilincə ənənəvi türk düşmənləri daha aktivləşirlər. Məsələ sadədir. Əgər türk ölkələri bir dövlət olsaydılar, o zaman həmin dövlət alıcılıq qabiliyyəti nəzərə alınmaqla ümumi daxili məhsulun (ÜDM) həcminə görə dünyada ən böyük 7-ci ölkə olardı. 

Türk dövlətlərinin alıcılıq qabiliyyəti nəzərə alınmaqla ümumi daxili məhsulun həcmi 4 trilyon 586 milyard dollardır. Bu, Böyük Britaniya, Fransa və İtaliya kimi ölkələr ilə müqayisədə daha böyük real iqtisadiyyat deməkdir. Alıcılıq qabiliyyəti ilə Türkiyə 3 trilyon 320 milyard, Qazaxıstan  596,7 milyard, Özbəkistan 334.3 milyard,  Azərbaycan 178.7 milyard dollar ÜDM-yə malikdirlər. Strateji coğrafı yerləşməni də keyfiyyət meyarı olaraq nəzərə alsaq, o zaman türk dünyasının gücünü təsəvvür etmək çətin olmaz. Bu güc bəzilərini narahat etməkdədir. Amma türk dünyası bütövləşir, əməkdaşlıq genişlənir. Türk dövlətləri indiki qədər heç zaman yaxın və birgə olmayıblar. Buna sevinənlər də var, narahat olanlar da".