Türk yurdunda huzurun pozulmasına imkan verilməyəcək

Ərdoğanın Kərkük davası

“Türkiyə Prezidentinin təklifi regional güclərə, İraqın mərkəzi hakimiyyətinə, eyni zamanda kürd muxtariyyətinə mesajdır”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqlə bağlı danışarkən bir məsələni gündəmə gətirib. Ərdoğan vurğulayıb ki, Ankara hökuməti sərhədlərin təhlükəsizliyini təmin edərkən bölgənin tarazlığını qoruyan siyasət yürüdür. Türkiyə liderinin sözlərinə görə, ən doğru, sağlam və davamlı həll yolu Kərkük şəhəri başda olmaqla, bölgənin, xüsusən də şəhərin demoqrafik reallıqlarına diqqət yetirən bir inzibati strukturun qurulmasıdır: “Suriyada ABŞ-ni dəfələrlə separatçı terror təşkilatı ilə əməkdaşlıq etməməsi, bu cür davranmağa davam edərsə, gələcəkdə həm öz maraqlarına, həm də bölgəyə ziyan vuracağı ilə bağlı xəbərdar etdik. Əslində son dövrlərdə baş verənlər narahatlıq və xəbərdarlıqlarımızın haqlı olduğunu açıq şəkildə göstərir. Rejimin həll yolu yox, problemin bir parçası olmaqda inad etməsi bölgədəki problemləri daha da dərinləşdirir". Ərdoğan vurğulayıb ki, Türkiyə qonşu ölkələrin ərazi bütövlüyünün demoqrafik reallıqlara əsaslanan qalıcı həlli üçün çalışmaları davam etdirmək əzmindədir: "Amerika, Rusiya, İran və Suriya rejimi də daxil olmaqla, regiondakı qruplara təsiri olan bütün tərəfləri bu istiqamətdə səy göstərməyə dəvət edirik”. 
  
Türkiyə liderinin gündəmə gətirdiyi təklifi "Sherg.az"a dəyərləndirən politoloq Natiq Miri deyib ki, Kərkük min illərdir türk yurdudur. Ekspertin sözlərinə görə, Kərkükdə demoqrafik vəziyyəti dəyişmək üçün çoxsaylı cəhdlər edilib: "Hətta Kərkükü kürd hakimiyyəti adı altında bir "kürd şəhəri" kimi təqdim etməyə çalışdılar. Şimali İraq Kürd Muxtariyyəti 2018-ci ildə referendum keçirtdi. Referendumun nəticələrinin həyata keçməsinin qarşısı İran və İraqın mərkəzi hakimiyyəti tərəfindən alındı. Hiss olunur ki, hakimiyyət dəyişikliyi fonunda Kərkükü yenidən kürdlərin nəzarətinə almaq cəhdləri mövcuddur. Türkiyə prezidentinin Kərküklə bağlı təklifi regional güclərə, İraqın mərkəzi hakimiyyətinə, eyni zamanda kürd muxtariyyətinə mesajdır. Vurğulanır ki, demoqrafik vəziyyəti süni şəkildə dəyişməklə hakimiyyəti ələ almağa, dominant türkləri sıxışdırmağa imkan verilməyəcək. Birinci mesaj budur. İkincisi, inzibati ərazi vahidi kimi hansısa strukturun gündəmə gətirilməsi o anlam ifadə edir ki, Kərkükün idarə edilməsində əsas amil əhalinin sayı olmalıdır. Yəni əhalinin sayına əsasən idarəetmədə təmsilçilik təmin edilməlidir. Kərkükdə dominantlıq türk etnosuna məxsusdur. Ərdoğan bəyan edir ki, Türkiyə bunun əksinin baş verməsinə imkan verməyəcək". 
  Həmsöhbətimizin fikrincə, paralel olaraq Suriya məsələsinin qabardılması da önəmlidir və orada vəziyyətin daha kritik hal almasından xəbər verir: "Suriyada yenidən hərbi toqquşmalar başlanıb. İranın dəstək verdiyi, maliyyələşdirdiyi qruplaşmaların, toplumların əliylə PKK-nın Suriya qolu olan YPG-nin nəzarətində olan 24 kənd onlardan alınıb. Əlbəttə, bu, cavabsız qalmayacaq, çünki sözügedən terrorçuların arxasında ABŞ və onun rəhbərlik etdiyi koalisiya dayanır. Bölgədə fəaliyyət göstərən başqa güclər də var və orada yaşananlar Türkiyənin təhlükəsizliyi üçün müəyyən təhlükələr yaradır. Ona görə də Türkiyə rəhbərliyi hər kəsin qəbul edə biləcəyi təklifləri irəli sürür. Türkiyə rəhbərliyi Suriya ərazisindən birmənalı çıxmalarını tələb edən Əsəd hökumətinin diqqətinə çatdırır ki, "ölkənin bütün ərazilərinə nəzarət etmək gücündə deyilsiniz". Türkiyə silahlı qüvvələri Suriyanın şimalından çıxarsa, PKK və onun qollarının nəzarətində olan ərazilər genişlənə və həmin bölgədə Aralıq dənizinə çıxış imkanına sahib terror dövlətinin yaradılması layihəsi yenidən gündəmə gələr. Bu təhlükə realdır və aradan qaldırılması üçün birgə mübarizə modeli təklif olunur. Ancaq təəssüf ki, Suriya rəhbərliyi öz ərazilərinə nəzarət edə bilmədiyi halda Türkiyə ordusunun varlığını qəbul etmir və danışıqlara müsbət yanaşmır. 1996-cı ildə Türkiyə-Suriya arasında Adana sazişi imzalanıb. Həmin sazişə əsasən, Türkiyə öz ərazisinə terror təhdidi olarsa, Suriya ərazisindən istifadə etməklə hərbi müdaxilə hüququnu özündə saxlayır".