Ərdoğan Türk dünyasının birliyi ideyasını yenidən gündəmə gətirdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Asiyadan Afrikaya, Qafqazdan Balkana qədər Türkiyə, türk milləti deyildikdə ilk ağla gələnin nə olduğu məlum deyilmi? Allah eşqinə, bu dəyişməz həqiqətlərə göz yummaq, bu reallıqlara arxa çevirmək mümkündürmü?
Sadəcə kimlərəsə sərf etmir deyə, öz kökümüzü, nəslimizi və mənəvi əsaslarımızı inkar etməliyikmi? Nəsli kəsilməkdə olan bir neçə köhnə düşüncəli adam narahat olur deyə, bizi biz edən qurucu dəyərlərimizi yox saymalıyıqmı? Bəziləri istəmirlər deyə, “Allah, Allah” nidaları ilə üç qitə, yeddi iqlimdə at çapmış qəhrəman əcdadımızı rədd etməliyikmi?
Heç bir daxili və xarici qüvvənin bu xüsusiyyətlərə zərər verməsinə, inancımız və iradəmizi sarsıtmasına, bu milləti saxta və süni qorxularla əsir almasına imkan verməyəcəyik. 86 milyon insan birlikdə bir-birimizin və Türkiyə Cümhuriyyətinin hüququnu canımız bahasına qoruyacağıq.
AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli deyib ki, türkçülüyü yalnız dar mənada milliyyətçilik kimi başa düşmək doğru deyil:
“Türkçülük daha geniş bir anlayışdır və bütün türk xalqlarının ortaq tarixini, mədəniyyətini və mənəvi dəyərlərini əhatə edir.
Tarixdə türk xalqları İslam dinini qəbul etdikdən sonra ədalət, haqq və nizam prinsiplərini daha güclü şəkildə ön plana çıxarıblar..
Türkçülük fəlsəfəsi yalnız etnik üstünlük ideyası deyil. Əksinə, bu düşüncə insanlara hörmət, ədalət və birlik kimi dəyərlərlə bağlıdır. Buna görə də türkçülüyü yalnız milliyyətçilik çərçivəsində izah etmək düzgün olmaz.
Türk xalqları arasında birlik və həmrəylik ideyası həm mədəni, həm də mənəvi baxımdan mühüm hesab olunur. Bu birlik anlayışı həm türk kimliyini qorumağa, həm də İslamın ədalət və mənəviyyat prinsiplərini yaşatmağa xidmət edə bilər.
Bu gün də müxtəlif ölkələrdə yaşayan türk xalqları arasında əlaqələrin güclənməsi vacib sayılır. Bu prosesdə birlik, qarşılıqlı hörmət və ədalət prinsipləri əsas rol oynamalıdır.
Türkiyə Cümhutiyyətinin rəhbəri Rəcəb Tayyib Ərdoğanın da fikri bunun ifadəsidir. O, Türk dünyasının əməkdaşlığı və birliyi ideyasını tez-tez vurğulayır. Bu cür fikirlər türk xalqları arasında daha güclü əlaqələrin qurulmasına təsir edə bilər”.