Türkiyə qisasa hazırlaşır
Terrorun arxasında hansı güc olursa olsun mütləq cavabını alacaq
Türkiyənin İstanbul şəhərində noyabrın 13-də törədilən terror aktı bir neçə ay öncədən planlaşdırılıb. Bu informasiya PKK terror təşkilatının liderlərindən biri Duran Kalkanın təşkilatın televiziyasına müsahibəsində ortaya çıxıb. Terrorçuların lideri heç kəsin gözləmədiyi anda və yerdə hücumun olacağını bildirib. Hücumun təkcə cəbhələrdə deyil, Türkiyənin hər yerində olacağını deyib. O, hər yerin döyüş meydanı olduğunu və xüsusilə, noyabr ayında terror aktı törədəcəklərinə işarə edib. Türkiyə polisi İstanbulda terror aktı planlaşdıran şəxsi saxlayıb. “Hürriyət” qəzeti məlumat yayıb ki, Taksimdəki terror hücumunu planlaşdıran daha bir terrorçu - Əmmar Carkas da ələ keçirilib.
"Terrorçuların əlaqəsini Əsənlərdə birlikdə qaldıqları şəxs təmin edib"
Terror aktını törədən Əhləm əl-Bəşir və digər şübhəlilərlə bağlı yeni təfərrüat üzə çıxıb. Terrorçu Bəşirin təxminən bir il əvvəl PKK/YPG terror təşkilatı tərkibində kəşfiyyatçı kimi təlimlərə başladığı müəyyən edilib. Əhləm əl-Bəşir 4 ay əvvəl "B" adlı terrorçu ilə Afrindən qaçaq yolla Türkiyəyə daxil olub. Əsənlərdə yaşayan Suriya əsilli başqa bir terrorçunun yanına gələn Əhləm əl-Bəşir və "B" kim olduqları məlum olmasın deyə özlərini ər-arvad kimi göstərməyə başlayıblar. Cütlük kamuflyaj etmək üçün tekstil sexində də işə düzəlib. Terrorçular bu müddət ərzində türk kəşfiyyatına yaxalanmamaq üçün əmr aldıqları Eyn əl-Ərəbdəki terrorçularla heç bir rəqəmsal mühitdə əlaqə saxlamayıblar. Terrorçuların Eyn əl-Ərəblə əlaqəsini Əsənlərdə birlikdə qaldıqları şəxs təmin edib. Hadisə günü "B" adlı terrorçudan bomba yüklü paketi alan Əhləm əl-Bəşir diqqəti cəlb etməmək üçün 45 dəqiqə bombanı qoyduğu skamyada oturub. Saatlı bombanın partlamasına az qalmış skamyadan qalxaraq hadisə yerindən qaçan əl-Bəşir əvvəlcə taksi ilə Əsənlərdə qaldığı ünvana gedib. Buradakı evdəki qızıl və pulları götürdükdən sonra Küçükçəkməcəyə gedib.
Ankara İstanbul teraktından sonra Suriyanın şimalındakı PKK terrorçularına qarşı daha bir xüsusi əməliyyat keçirməyi planlaşdırır. Bu barədə “Röyters” adının çəkilməsini istəməyən türkiyəli yüksək səviyyəli məmura istinadla məlumat yayıb. Mənbənin sözlərinə görə, hazırda İraqda PKK terrorçularına qarşı əməliyyat davam edir: “Onun başa çatmasından sonra bizim Suriyada konkret hədəflərimiz yaranacaq. PKK və ya İŞİD-in Türkiyəyə qarşı təhdidləri qəbuledilməzdir. Ankara bu və ya digər şəkildə cənub sərhədi boyunca təhlükələri aradan qaldıracaq”.
Terrorun arxasında ABŞ izi...
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edən deputat Şamil Ayrım bildirib ki, terror aktının törədilməsində ABŞ-ın ittiham olunması səbəbsiz deyil. Onun sözlərinə görə, heç kim Türkiyəni bölə bilməyəcək: "Biz ilk dəfə deyil ki, belə halla qarşı-qarşıyayıq, əvvəllər də Türkiyəni bölməyə çalışan qüvvələr olub, indi də var. Təbii ki, xainlərin arxasında kimlər dayanıbsa, cavab verəcək. Xainlər böyük dövlətlər olmadan belə addım ata bilməzlər. Yəqin ki, Daxili işlər naziri Süleyman Soylunun əlində terrorun kimlər tərəfindən törədilməsi ilə bağlı sübutlar mövcuddur. Bu səbəbdən ABŞ-la bağlı açıqlama verildi". Tanınmış rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov da bildirib ki, İstanbuldakı terror aktının arxasında məhz ABŞ dayanır. Əsas məqsəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaqdır: "2023-cı ilin iyun ayında Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Ölkə Ərdoğanın tərəfdaşları ilə qərbyönümlü kürdlər arasında ciddi şəkildə yarıya bölünüb. Kürdlərin səsləri bu seçkilərdə həlledici rol oynaya bilər. ABŞ isə terror aktları ilə Ankaranı kürdlərə qarşı müharibəyə başlamağa təhrik etmək və bununla da bütün kürdləri Ərdoğanın düşməni etmək istəyir. Belə hal baş versə, kürdlər Ərdoğana, sözsüz ki, səs verməyəcək. Həmçinin ABŞ onu göstərmək istəyir ki, guya, Ərdoğan ölkədə təhlükəsizliyi təmin edə bilmir”.
"Bunu Türkiyəmizə bağışlamaq istəmirlər"
Politoloq Zaur İbrahimli deyib ki, İstanbuldakı terror aktı qardaş Türkiyənin 6 il əvvəl 2016-cl ildə 15 iyul dövlət çevrilişinə cəhddən sonra yürütdüyü müstəqil siyasətə, Ankaranın müstəqil siyasətinin yaratdığı yeni geosiyasi reallığa, türk dövlətləri coğrafiyasında inteqrasiyanın yeni mərhələsinə start verilməsinə hücumdur: "Qısası, Türkiyəmizə buxovlardan azad olmağına, dik durmağına, əsarəti qəbul etmədiyinə görə əclafcasına zərbədir. Türkiyə son 6 ildə yenidən sanki, ötən əsrin 20-30-cu illərinə qayıdaraq xarici ideoloji təsirlərdən azad, milli qüruruna, kimliyinə, möhtəşəm tarixinə söykənərək, türk yurdlarını bağrına basaraq irəli yürüməyə başladı. Bunu Türkiyəmizə bağışlmaq istəmirlər. Lakin son 900 ilin tarixi də sübut edir ki, türk harda varsa ora dünyanın mərkəzi olacaq, düşmənlər əfv diləyəcək".
"Türkiyənin reaksiyası çox təbiidir"
Siyasi şərhçi Turan Rzayev bildirib ki, hadisədən sonra Türkiyə tərəfi təkcə PKK-nın yox, PYD-nin də günahkar olduğunu açıqladı və ABŞ-ın başsağlığını qəbul etmədi: “Bu, təbii haldır və başadüşüləndir. Məsələ ondan ibarətdir ki, PKK və PYD-ni ABŞ tərəfindən maliyyələşdirilir və müdafiə edilir. Türkiyə uzun müddətdir ki, Suriyada hərbi əməliyyatlara başlamaq istəsə də, PYD-nin nüfuz dairəsində olan Suriyanın şimal-şərqindəki Deyr əz-Zor bölgəsinə girməyə ABŞ icazə vermir. Türkiyə dəfələrlə ABŞ-a terror təhlükəsi ilə bağlı müraciət edərək maliyyə dəstəyini kəsməsini istəsə də, rəsmi Vaşinqton Ankaranın Yaxın Şərqdə terror təşkilatı kimi tanıdığı silahlı qruplaşmalara pul ayırmağı dayandırmayıb. Əksinə, PYD-nin müxtariyyəti üçün əlindən gələn dəstəyi göstərir. Bu baxımdan Türkiyənin reaksiyası çox təbiidir”.
"Təşkilatı ABŞ maliyyələşdirirsə, onda terrorun sifarişçisi də Vaşinqtondur"
Analitik əlavə edib ki, törədilən terror aktında PKK və PYD faktorunun olması bir neçə istiqamətlərdə özünü göstərir: “PKK Türkiyənin daxili problemidir. PYD isə terrorla mübarizədəki əsas prioritetlərindəndir. Çünki PKK-nı dəstəkləyən ünsürlərdən biri də Suriyada fəaliyyət göstərən PYD-dir. Faktiki olaraq bunları eyni təşkilat kimi saymaq mümkündür. Fərq yalnız birinin Türkiyə, digərinin isə Suriya qanadı olmasındadır. ABŞ-ın bu iki təşkilatı maliyyələşdirdiyi isə heç kimə sirr deyil. Prinsip etibarilə Türkiyənin yanaşması doğrudur. Çünki bu təşkilatları ABŞ maliyyələşdirirsə, onda terrorun sifarişçisi də məhz Vaşinqtondur”.