Türkiyənin cavab imkanları çoxdur

“Terror təşkilatına abidə qoymaq, əlbəttə, türk millətinin heysiyyətinə toxunacaq”

  "İrəvanda “Nemezis” terror təşkilatına abidənin qoyulması Ermənistan dövlətinin terrorçu mahiyyətini ortaya qoyan növbəti faktdır. Bundan öncə də Zəngəzurda cinayətlər törətmiş və tutularaq 25 il həbs cəzasına məhkum edilmiş Qaregin Njdeyə heykəl qoyulması etirazlara səbəb olmuşdu". Bu barədə "Şərq"ə açıqlamasında Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı deyib. 

Professor bildirib ki, Njde alman faşistləri ilə əməkdaşlıq etmiş və SSRİ-yə qarşı erməni alman faşistlərinin tərkibində vuruşmuş legionun qurucularından biri idi: "Bu faşistə heykəl qoyulması Rusiyanın da təpkilərinə səbəb olmuşdu. 1921-ci ildə Osmanlı dövlətinin daxili işlər naziri Tələt Paşanı öldürən Soğomon Teyleryana da bu ölkədə heykəl qoyulub. Kim biz türklərə qarşı vuruşmuşsa, terror etmişsə, bu ölkədə "qəhrəman" hesab olunur. Terrorçuların qəhrəmanlaşdırılması Ermənistan dövlətinin ideologiyasıdır. 

Təsadüfi deyil ki, Njdenin "Tsexakronizm" adlı faşist təlimi Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın başçılıq etdiyi Respublikaçılar Partiyasının rəsmi ideologiyası olaraq qalır. "Nemezis" Daşnaksütyun Partiyasının qərar verdiyi və həyata keçirdiyi terror tədbirlərinin adıdır. Terrorçubaşı Şahan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında Erməni İnqilabçı Federasiyası - "Daşnaksütyun"  Partiyasının İrəvanda keçirdiyi IX qurultayında bu adda terror təşkilatı yaradılıb. Türklərdən intiqam almağa başlamaq haqqında qərar verilib. Bəhanə də o idi ki, guya, Bakıda 1918-ci ildə erməni əhalisinin qətlini təşkil etmiş şəxslər və 1915-ci ildə erməniləri Osmanlı ərazisində “soyqırıma məruz qoyanlar” olub. Onlar dünyanın harasında olursa olsun, öldürülməli idilər". Qətlə yetiriləcək şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş rəhbərləri var idi. “Nemezis”in siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadiminin və ziyalısının adları salınmışdı. Onların içərisindən 41 nəfər “əsas günahkarlar” seçilmişdi. Bu sui-qəsdləri həyata keçirəcək terror təşkilatına da “Nemezis” adı verilmişdi".

Qafar Çaxmaqlı vurğulayıb ki, erməni cinayətlərinin ortada olduğu bir zamanda bir terror təşkilatına abidə qoymaq, əlbəttə, türk millətinin heysiyyətinə toxunacaq: 

"Münasibətlərin nizamlanması ilə bağlı danışıqların keçirildiyi bir vaxtda belə bir abidənin qoyulması o deməkdir ki, Ermənistan irqçi ideologiyadan əl çəkməyib. Türkiyə ilə münasibətlərin normallaşmasını istəmir. Nikol Paşinyanın bu əlaqələrin sahmana salınması ilə bağlı bəyanları da saxtadır. Türkiyənin terroru dəstəkləyən və təbliğ edən bir dövlətlə bağlı atacağı çox addımlar var. Zamanı gəldiyində Prezidentin sözçüsü İbrahim Kalının dediyi kimi, adekvat addımlar atıla bilər. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Türkiyənin Ermənistana hava məkanını bağlaması səbəbini açıq şəkildə bildirdi. Bu ölkə ilə əlaqələrin qurulması prosesinin getdiyi  bir vaxtda düşməncəsinə davranış qəbuledilməzdir. İrəvanda “Nemezis” terror təşkilatına abidənin qoyulması göstərir ki, Ermənistan irqçi ideologiyadan, erməni "soyqırımı" adlı saxta iddiadan əl çəkməyəcək. Onların bu siyasətinə uyğun mövqe nümayiş etdirilməsi ən doğru addımdır".