- “Ermənistan Aİİ-dən ayrılsa, idxal xərcləri və qiymətlər arta bilər”
Ermənistanın Avrasiya İqtisadi İttifaqını (Aİİ) tərk etməsi ölkə iqtisadiyyatı üçün ciddi nəticələrə səbəb ola bilər. Ermənistan mediasının Aİİ hesabatına istinadən yaydığı məlumata görə, üzvlüyün dayandırılması İrəvanın iqtisadi göstəricilərinə mənfi təsir göstərəcək.
Hesabat Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan nümayəndələri tərəfindən hazırlanıb və orada Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünü dayandıracağı təqdirdə İrəvan üçün mümkün iqtisadi nəticələr təsvir olunub.
Hesabata əsasən, ittifaqa üzvlüyün dayandırılması Ermənistanın ÜDM-nin 15.6 faiz azalmasına, inflyasiyanın 14.9 faiz bəndi artmasına və istehlakın 14.6 faiz azalmasına səbəb olacaq.
Bəs belə bir mənzərə qarşısında Nikol Paşinyan nəyə ümid edir? Ermənistan hökuməti həqiqətənmi Avrasiya İqtisadi İttifaqından uzaqlaşmağın iqtisadi nəticələrini kompensasiya edə biləcəyini düşünür, yoxsa bu açıqlamalar daha çox siyasi mesaj və danışıqlarda mövqeləri gücləndirmək vasitəsidir?
Sherg.az xəbər verir ki, Milli Məclisin deputatı Azər Badamov Avrasiya İqtisadi İttifaqının Ermənistan üçün iqtisadi əməkdaşlıq imkanları yaradan bir təşkilat olduğunu deyib.
Onun sözlərinə görə, Ermənistanın istehsal etdiyi məhsullar bu ittifaqın bazarlarına ixrac olunur və gömrük rüsumlarından azad olmaq həmin məhsulların rəqabət qabiliyyətini artırır: 
"Eyni zamanda, ittifaqa üzv ölkələrdən Ermənistana məhsullar idxal edilir və bu ticarət əlaqələri ölkənin daxili bazarının təmin olunmasında mühüm rol oynayır.
Bundan başqa, Avrasiya İqtisadi İttifaqının üzvü olmaq Ermənistana Rusiya ilə güzəştli şərtlərlə iqtisadi əməkdaşlığı davam etdirmək imkanı verir. Ermənistan Rusiyadan qaz və digər enerji resursları alır. Ölkənin dəmir yolu şəbəkəsinin Rusiya tərəfindən idarə olunması da bu iqtisadi asılılığın mühüm elementlərindən biridir.
Lakin son dövrlərdə Ermənistanın Avropa İttifaqına inteqrasiya məsələsini siyasi gündəliyə gətirməsindən sonra Rusiya ilə münasibətlərdə gərginlik artır. Əvvəllər daha çox siyasi müstəvidə müşahidə olunan təzyiqlərin indi iqtisadi alətlər vasitəsilə də həyata keçirilməyə çalışıldığını görürük. Belə görünür ki, Moskva Avrasiya İqtisadi İttifaqı çərçivəsindəki imkanlardan istifadə etməklə İrəvana təsir göstərməyə çalışır".
Deputat qeyd edib ki, Ermənistan rəsmilərinin Avrasiya İqtisadi İttifaqından çıxmağın ölkə üçün böyük faciə olmayacağına dair açıqlamalarının arxasında isə müəyyən iqtisadi və siyasi hesablamalar dayanır: "Burada Avropa İttifaqının Ermənistana təqdim etdiyi və ya müzakirə etdiyi güzəştlər, xüsusilə Ermənistan məhsullarının Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi məsələsi mühüm əhəmiyyət daşıyır.
Müzakirə olunan güzəştlərin mahiyyəti Ermənistanın Avrasiya İqtisadi İttifaqından uzaqlaşacağı təqdirdə iqtisadi itkilərini müəyyən müddət ərzində kompensasiya etmək və ölkənin yeni ticarət istiqamətlərinə uyğunlaşmasını asanlaşdırmaq ola bilər. Əgər Ermənistan məhsullarının əhəmiyyətli hissəsinin Avropa bazarına güzəştli şərtlərlə çıxarılması təmin olunarsa, bu, İrəvan üçün müəyyən alternativlər yaradacaq.
Ancaq burada mühüm bir məqam var: Avropa İttifaqı bazarına çıxışla həmin bazarda uzunmüddətli və dayanıqlı mövqe qazanmaq eyni şey deyil. Avropa bazarı yüksək alıcılıq qabiliyyəti ilə seçilsə də, burada məhsulların keyfiyyətinə, təhlükəsizliyinə və istehsal proseslərinə dair ciddi standartlar mövcuddur. Ermənistan istehsalçılarının bu tələblərə uyğunlaşması əlavə investisiyalar və istehsal xərcləri tələb edə bilər".
A.Badamov qeyd edib ki, söhbət Ermənistanın Avropa İttifaqına üzvlüyündən getmir: "Müəyyən məhsullara və ya ticarət rejiminə tətbiq edilən güzəştlər avtomatik olaraq daimi xarakter daşımır. Əgər bu güzəştlər müvəqqəti xarakter daşıyırsa və gələcəkdə uzadılmırsa, Ermənistan ciddi seçim qarşısında qala bilər. Ölkə bir tərəfdən Avrasiya İqtisadi İttifaqının təqdim etdiyi üstünlükləri itirə, digər tərəfdən isə Avropa bazarına çıxışda əlavə çətinliklərlə üzləşə bilər. Belə bir ssenari Ermənistanın idxal xərclərinə, daxili bazarda qiymətlərə, istehsal imkanlarına və iqtisadi artım tempinə təsir göstərə bilər. Bununla belə, nəticələrin miqyası Avropa İttifaqının təqdim edəcəyi güzəştlərin konkret şərtlərindən, onların müddətindən və Ermənistan iqtisadiyyatının yeni bazarlara uyğunlaşma qabiliyyətindən asılı olacaq".
Paşinyanın açıqlamalarına toxunan deputat bildirib ki, İrəvan Avropa İttifaqının iqtisadi dəstəyinə və bazar güzəştlərinə arxalanaraq Rusiyadan asılılığını tədricən azaltmağa çalışa bilər:
"Eyni zamanda, Ermənistan bu mövzunu Moskva ilə münasibətlərdə öz manevr imkanlarını genişləndirmək üçün istifadə edir. Onu da deyim ki, Avrasiya İqtisadi İttifaqından çıxmaq ehtimalına dair bəyanatlar real qərardan daha çox siyasi təzyiq və danışıqlar strategiyasının bir hissəsi ola bilər. Ona görə də əsas sual təkcə Ermənistanın hansı iqtisadi ittifaqda qalacağı deyil. Əsas məsələ İrəvanın mövcud iqtisadi asılılıqları nə dərəcədə qısa müddətdə və hansı xərclər hesabına alternativlərlə əvəz edə biləcəyidir. Avropa İttifaqının bazar güzəştləri Ermənistan üçün yeni imkanlar yarada bilər, lakin bu imkanların uzunmüddətli iqtisadi dayanıqlılığa çevrilməsi ayrıca məsələdir.
Beləliklə, Paşinyanın hesablamalarının nə dərəcədə real olduğunu müəyyənləşdirmək üçün Avropa İttifaqının təklif etdiyi güzəştlərin konkret mexanizminə, müddətinə və əhatə dairəsinə baxmaq lazımdır. Eyni zamanda, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmaqla itirə biləcəyi üstünlükləri və yeni bazarlardan əldə edə biləcəyi gəlirləri müqayisə etmək vacibdir. Əks halda, bu siyasətin real iqtisadi strategiya, yoxsa müəyyən mənada siyasi blef olduğunu dəqiq qiymətləndirmək çətin olacaq".