Fransada ölkə üzrə genişmiqyaslı etiraz aksiyaları başlayıb. Təhlükəsizlik tədbirləri çərçivəsində 70 min polis və jandarma əməkdaşı xidmətə cəlb edilib.
Sherg.az xəbər verir ki, Fransanın daxili işlər naziri Loran Nunez yerli vaxtla saat 13:00-dək 135 nəfərin saxlanıldığını, 136 insident qeydə alındığını və aksiyalarda 35 min nəfərin iştirak etdiyini açıqlayıb.
Paris də daxil olmaqla bir sıra şəhərlərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Paytaxtda 24 metro stansiyası bağlanıb, bəzi muzeylər fəaliyyətini dayandırıb. Lion şəhərində isə qadağan olunmuş əraziyə daxil olmağa çalışan maskalı qruplara qarşı polis gözyaşardıcı qazdan istifadə edib.
Nunez asayiş keşikçilərinə müraciətində günün gərgin keçəcəyini bildirərək, mağazalara, dövlət müəssisələrinə və təhlükəsizlik qüvvələrinə hücumlara qarşı sərt tədbirlər görüləcəyini vurğulayıb.
Xatırladaq ki, ötən həftə Fransada yaşayış xərclərinin artması və dövlət xidmətlərinin qeyri-kafi olması səbəbindən tələbələr, işçilər və həmkarlar ittifaqları etiraz aksiyalarına çıxmışdı. Həmin aksiyalar zamanı təxminən 3 min mağazaya ziyan dəymiş və ya onlar talan edilmişdi.