Ulu Öndər Heydər Əliyev Azərbaycanda dövlət gənclər siyasətinin banisidir

  “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir". "Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”. 
Bu kəlamların müəllifi Ulu Öndər Heydər Əliyevdir. Məlumdur ki, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bu məlum həqiqəti Azərbaycanda hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımi tədbirləri görən şəxslərdən biri Heydər Əliyev idi. Ümummilli Lider ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dölət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi. Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Azərbaycanın tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq. Ümummilli Lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmışdı. Minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdi. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdı. Dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdu. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər də onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Düzdür, 1988-ci ildən 1993-cü ilə qədər ölkə gəncliyi ictimai-siyasi proseslərdən kənarda qalmışdı, onun potensialı lazımınca qiymətləndirilmirdi. Lakin, Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra bu vəziyyət kökündən dəyişdi. Belə bir məqamda hakimiyyətə qayıdan Ümummilli Liderimiz Heydər Əliyev ilk görüşünü məhz gənclərlə keçirdi. 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında onlara dərin inam bəslədiyini ifadə etdi. Onun “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” -sözləri hər kəsin həyat devizinə çevrildi. Ulu Öndərin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı. İstedadlı gənclərə diqqət və qayğını artırmaq üçün H.Əliyevin “Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına dövlət qayğısının artırılması haqqında” 6 dekabr 1999-cu il tarixli və "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”  22 iyun 1996-cı il tarixli fərmanları bu qayğının təcəssümüdür. 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanun milli dövlətimizin və unudulmaz Prezidentimiz Heydər Əliyevin gənclərə verdiyi yüksək dəyəri əks etdirməkdədir. 

  “İslahatçı Gənclər” İctimai birliyinin sədri gənc fəal Fərid Şahbazlı "Şərq"ə açıqlamasında bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda dövlət gənclər siyasətinin banisidir. Gənc fəal vurğulayıb ki, məhz onun hakimiyyətə gəlişindən sonra Azərbaycanda gənclərlə iş üzrə mərkəzi icra hakimiyyəti orqanı olan Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərlə bağlı çoxsaylı forumların keçirilməsi və Ümumilli Liderin tövsiyələri əsasında qanunvericilik bazasının möhkəmləndirilməsi, sərəncam və fərmanların verilməsi reallaşıb:
 "Ulu Öndər öz çıxışlarında dəfələrlə gənclərə olan inam və etimadını dilə gətirib. Qeyd edib ki, o, hər zaman gənclərə güvənir, gənclər də daim ona etibar edə bilər. Ümummilli Liderin Azərbaycan gənclərinə olan xüsusi münasibəti onun ikinci dəfə hakimiyyətə gəldiyi dövrü əhatə etmir. Heydər Əliyev SSRİ-də rəhbər vəzifələr tutduğu zamanlarda Azərbaycan gənclərinin təhsil məsələsinə, xüsusən, xarici ölkələrdə təhsil almasına önəm verirdi. Baxmayaraq ki, bu, həmin dövrdə olduqca çətin proses idi. Ulu Öndər gənclərin orduya cəlb edilməsində, vətənpərvər ruhda yetişdirilməsi istiqamətində də ciddi təşəbbüslər göstərib, mühüm addımlar atıb. Məlumdur ki, sovet imperiyası Azərbaycan gənclərinin hərb sənətinə yiyələnməsinə imkan vermir, müxtəlif metodlarla buna maneçilik törədirdi". 
  F.Şahbazlı bəyan edib ki, Heydər Əliyev Azərbaycan gənclərinin digər sahələrlə yanaşı, hərbi sahədə də təmsil olunmasına, öz sözünü deməsinə nail oldu: "Böyük çətinliklər hesabına "Naxçıvanski" adına hərbi məktəb yaradıldı. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərin dövlət qurumlarında, idarəetmə sahəsində iştirakına xüsusi diqqət yetirirdi. Məhz onun ölkəyə rəhbərliyi dönəmində xeyli sayda gənc yüksək vəzifəyə təyinat almışdı. Həmçinin, Yeni Azərbaycan Partiyasının idarəetməsinə xeyli gənc cəlb olunmuşdu. Bütün bunlar Heydər Əliyevin gənclərə və gənclər siyasətinə göstərdiyi böyük diqqətin və qayğının təzahürləri idi. Sevindirici hal ondan ibarətdir ki, bu siyasət dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və bir model kimi dünya ölkələri tərəfindən öyrənilir".