Vəziyyət Saakaşvilinin xeyrinədir: "“Gürcü arzusu” böyük şəhərlərdə uduzur”
“Saakaşvili bununla da bütün resurslarını işə salaraq hakimiyyəti zəiflətməyə çalışacaq”
“Artıq bir çox müxalifət partiyaları Saakaşvili partiyasına ikinci turda səs verəcəklərini bildirib”
“Sabiq prezidentin partiyası bütün qanun pozuntularını sənədləşdiriblər, bunu həm küçə iğtişaşlarına çıxara, həm də məhkəmələrə müraciət edib nəticələrin tanınmamasına çalışa bilərlər”
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili yaydığı müraciətdə bildirib ki, “Gürcü Arzusu” hakimiyyətinin son günlərini sayır. O, qeyd edib ki, lideri olduğu Vahid Milli Hərəkat Partiyası yerli seçkilərdə çox yaxşı nəticə əldə edib:
“Biz nəinki gücdən düşməmişik, həm də daha mübariz olmuşuq. Sizinlə fəxr edirəm”.
Eyni zamanda bu gün Gürcüstanın Rustavi şəhərində sabiq prezidentə azadlıq tələbi ilə kütləvi aksiya keçirilir. “Mişaya azadlıq!” şüarlı aksiya siyasətçinin saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında təşkil olunub.
Mitinqdə M.Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının (VMHP) çox sayda tərəfdarları iştirak edirlər. Aksiyaya ölkənin müxtəlif bölgələrindən dəstək qrupları da qoşulub.
Aksiyaçılar Gürcüstan, Ukrayna, Azərbaycan və NATO-nun bayraqlarını da tutublar.Penitensiar müəssisənin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Gürcüstandakı olayları “Sherg.az”a şərh edən siyasi analitik Turab Rzayev bildirib ki, Saakaşvili bu olanların hər birini öncədən planlamışdı. Analitik qeyd edib ki, Saakaşvili qayıtmasa, partiyası çox böyük zərbə alacaqdı:
“Ona görə də Saakaşvili düşündü ki, tərəfdarlarını ruhlandırmaq üçün şəxsən özünün ölkəyə qayıtması lazımdır. Qayıtdıqdan sonra isə birinci hədəfi o idi ki, “Gürcü arzusu” partiyasının qələbəsinə mane olsun. Düzdür, hakimiyyət fərqli nəticə elan edib. Ancaq Saakaşvili iddia edir ki, hakimiyyət 38 faiz səsi keçməyib və müxalifət 62 faiz səs yığıb. Halbuki Avropa İttifaqı ilə razılaşmaya görə, “Gürcü arzusu” 43 faiz səsi keçməsə, o zaman 2024-cü ildə keçirilməli olan parlament seçkiləri indi təyin olunmalı idi. Saakaşvili də buna cəhd edir ki, yeni seçkilərdə hökumətə birdəfəlik qalib gəlsin və “Gürcü arzusu”nu tarixin arxivinə qovuşdursun. “Gürcü arzusu”nun da məqsədi budur ki, 43 faiz səs yığsınlar və göstərsinlər ki, biz səs toplamışıq və 2024-cü ilə qədər Saakaşvilinin partiyası hakimiyyətdən pay istəyə bilməz”.
T.Rzayev vurğulayıb ki, Saakaşvilinin qayıtmağı ölkədə böyük əhval-ruhiyyə yaradıb:
“ “Gürcü arzusu” Gürcüstanın demək olar ki, böyük şəhərlərindən heç birində qələbə qazana bilməyib. Sadəcə kiçik və azərbaycanlıların toplaşdığı şəhərdə böyük saxtakarlıqlarla bəzi qələbələr qeydə alınıb. Düşünürəm ki, Saakaşvili bununla da bütün resurslarını işə salaraq hakimiyyəti zəiflətməyə çalışacaq. Artıq bir çox müxalifət partiyaları Saakaşvili partiyasına ikinci turda səs verəcəklərini bildiriblər. Sabiq prezidentin partiyası bütün qanun pozuntularını sənədləşdiriblər, bunu həm küçə iğtişaşlarına çıxara, həm də məhkəmələrə müraciət edib nəticələrin tanınmamasına çalışa bilərlər. Gürcüstan qanunvericiliyinə görə, seçkilərin 2-ci turu 3 həftə ərzində keçirilir və b 3 həftə ərzində ola bilsin ki, xarici müşahidəçilərin çoxu Avropaya geri qayıtdı. Bu zaman insanların seçkiyə marağı müəyyən qədər azalar, az iştirakçı gələr və bu durum “Gürcü arzusu”nun istəyini reallaşdırmağa şərait yarada bilər. Yəni məsələnin bu yöndə olması Saakaşvilinin xeyrinədir ki, hakimiyyəti birinci turda bir dənə olsun böyük şəhəri ələ keçirə bilməyib və tərəfdarlarını küçələrə səsləyə bilər. Lakin hadisələrin ikinci tura qalması ilə müşahidəçilərin Avropaya geri qayıtması müəyyən yerlərdə saxtakarlıq imkanlarını da artırır”.