- Sözə xəyanət etməyənlərin yolu uzun olur
Noyabrın 1-də doğma qəzetim olan “Şərq” qəzetinin 30 illik yubileyidir. Otuz il tarix üçün böyük rəqəm olmasa da, zaman ölçüsü baxımından sadəcə rəqəm olsa da, müstəqilliyini 35 il əvvəl bərpa etmiş bir ölkənin ictimai-siyasi həyatı üçün kifayət qədər ciddi tarixdir. Ümumi mətbuat ömründə isə zəhmət, axtarış, dəyişən dövrlər və yaşanan talelər deməkdir. Bir qəzetin səhifələrində görünən yazılarla yanaşı, görünməyən əməklər, yuxusuz gecələr, məsuliyyətli qərarlar və sözə sədaqət dayanır. “Şərq” də bu yolun özünəməxsus səhifələrini yazıb.
“Şərq”də keçən 16 ilimin 8 ili müxbir, 8 ili isə redaktor kimi fəaliyyətimlə yaddaşımda dərin iz qoyub. Bu, sadəcə əmək fəaliyyəti dövrü deyil, həm də peşəkar jurnalist kimi formalaşdığım, təcrübə qazandığım, cəmiyyətdə azdan-çoxdan tanındığım, maddi və mənəvi qazanclar əldə etdiyim bir mərhələdir.
“Şərq”in 30 ilinin 16 ilində sözün məsuliyyətini, jurnalistikanın çətinliyini, qəzetçiliyin görünən və görünməyən zəhmətini, əksər hallarda isə məhrumiyyətlərini iliyimə qədər hiss etmişəm. Ona görə də “Şərq”in yubileyi mənim üçün sadəcə bir qəzetin növbəti yaşı yox, həm də xatirələrim, ömür yolumun əlamətdar bir mərhələsidir.
“Şərq”in otuz illik yoluna nəzər salanda bu mətbu nəşrin yaradılmasında və sonrakı inkişafında əməyi olan insanları xatırlamamaq mümkün deyil. Doğma qəzetin yaradıcıları olan doğma insanlar, hazırda Əməkdar jurnalistlər olan baş redaktor Akif Aşırlı və baş redaktorun birinci müavini Yusif Nəzərlinin zəhməti, təşəbbüskarlığı və fədakarlığı “Şərq”in 30 yaşa gəlməsində əsas amillərdəndir.
“Şərq” sözə xəyanət etmədən, mənəvi dəyərlərdən sapmadan, dövlətə və dövlətçiliyə arxa çevirmədən, dövlətin milli və təhlükəsizlik maraqlarına zidd mətnlər dərc etmədən, maarifçilik funksiyasından kənarlaşmadan 30 ildir ayaqda dayana bilirsə, bu, iki fədakar insanın, eləcə də onların yetişdirdiyi yüzlərlə peşəkar “Şərq”çinin zəhmətinin, prinsipiallığının, dövlətə və peşəsinə bağlılığının nəticəsidir.
Medianın sürətlə dəyişdiyi, informasiya axınının genişləndiyi bir dövrdə öz simanı qorumaqla yanaşı, qəzetçilik ənənəsini yaşatmaq asan deyil. Amma “Şərq” və onun gəlmiş-keçmiş kollektivi bunu bacardı. Qəzetimiz bu illər ərzində öz oxucusu, öz mövqeyi, öz mətbuat ənənələri ilə yoluna davam etdi, bundan sonra da davam edəcək.
30 il bir qəzetin tarixində kifayət qədər böyük zaman kəsiyidir. Bu müddətdə yüzlərlə jurnalist “Şərq” redaksiyasından keçib, minlərlə yazı onun səhifələrində işıq üzü görüb. “Şərq”in yubileyi həm də bu tarixdə əməyi olan hər kəsin yubileyidir.
Problemlər də, çətinliklər də yenə olacaq. Amma inanıram ki, “Şərq” məhrumiyyətlərə tab gətirərək yoluna davam edəcək və heç vaxt haqqı nahaqqın ayağına verməyəcək.
“Şərq”in rəhbərliyini, indiki və keçmiş əməkdaşlarını, oxucularını və bütün “Şərq”sevərləri təbrik edirəm. Arzu edirəm ki, “Şərq”in 30 illik tarixi yeni uğurların başlanğıcı olsun.
Yubileyin mübarək, doğma “Şərq”! 30 illik tarixinin 16 ilində imzamın, zəhmətimin və xatirələrimin yer alması mənim üçün həmişə qürur mənbəyi olacaq.
P.S. “Ayna-Zerkalo” kollektivi də “Şərq” qəzetinin rəhbərliyini və əməkdaşlarını yubiley münasibətilə təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!
Anar Bayramoğlu