Xankəndiyə gedən yol bağlanmalıdır
Əgər Ermənistan sülhə hazır deyilsə biz də güzəştləri dayandırmalıyıq
Ermənistan silahlı qüvvələrinin təxribatları davam etməkdədir. Düşmənin silahlı birləşmələri sentyabrın 14-ü gün boyu Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində yerləşən mövqelərini minaatanlardan və artilleriya qurğularından atəşə tutublar. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri tədbirlər görülüb və qarşı tərəf susdurulub.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Şərq"ə bildirib ki, bu ilin ortalarından etibarən Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində məhsuldar görüşlər keçirilirdi. Avqust ayının son günündə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşlərdə dayanıqlı sülhün işartıları yarandı:
"Paşinyan da münasibətlərin yaxşılaşdırılmasında maraqlı olduğunu göstərməyə çalışırdı. Ancaq Ermənistanın qəfil genişmiqyaslı hərbi hücumu bölgədə ciddi qarşıdurmaya səbəb oldu. Bu cəhd faktiki olaraq indiyə qədər əldə olunan razılaşmaları pozmaq deməkdir. Ermənistanın pozucu metodu ilə dəfələrlə rastlaşdığımız üçün buna hazır olmalıydıq. Sülh danışıqlarının pozulmasına hesablanmış gərginlik Minsk qrupunu yenidən diriltmək məqsədi daşıyır.
Sentyabrın 13-də, səhər saatlarında atəşkəs əldə olunsa da, Ermənistan tərəfi artilleriya atışı ilə ərazilərimizə mərmi yağdırmaqdadır. Paşinyan əmindir ki, Ermənistanın içərilərinə doğru hərbi əməliyyat olmayacaq. Ancaq Azərbaycanı buna təhrik edərək bütün dünyanı bizə qarşı ayağa qaldırmağa cəhd edir. Fransa da fürsətdən istifadə edərək rəsmi Bakıya qarşı məkrli planını işə salıb. Prezident E.Makron BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaqla yanaşı, Avropa İttifaqından bizə qarşı sanksiya tətbiq edilməsini tələb edir. ABŞ rəsmiləri Ermənistanın bu saldırısını qınamaq əvəzinə tərəfləri güc tətbiq etməməyə çağırır ki, bu da ədalətli deyil".
V.Əfəndiyev vurğulayıb ki, vəziyyət qeyri-stabil olaraq qalmaqdadır:
"İndiki şəraitdə yeganə çıxış yolu Xankəndinə gedən yolu bağlamaqdır. Əgər Ermənistan sülhə hazır deyilsə biz də güzəştləri dayandırmalıyıq. Zəngəzura çıxışımız təmin olunmayana qədər sərhəd qapanmalı və Qarabağa Ermənistanın girişi qadağan olunmalıdır. Rusiya ilə münasibətləri də Türkiyə ilə koordinasiya etməliyik".