Nepalda 6812 metr hündürlüyü olan Ama Dablam dağına qalxan 57 yaşlı alman alpinist Volfqanq Vaşitçek zirvəyə çatdıqdan bir gün sonra yıxılaraq həyatını itirib.
Sherg.az xəbər verir ki, "CBS News"un məlumatına görə, alpinistin cəsədi dağın təxminən 4600 metr hündürlüyündə, ikinci düşərgə ərazisində tapılıb.
Real Himalaya dağçılıq şirkətinin rəhbəri Qokul Thapanın sözlərinə görə, Vaşitçek zirvəyə qalxdıqdan sonra 6200 metr yüksəklikdə yerləşən üçüncü düşərgədə qalıb. Ertəsi gün isə onun itkin düşdüyü məlum olub.
Alpinistin şəxsi bələdçisi Sonam Lama götürdüyü avadanlığı qaytarmaq üçün onu bir neçə dəqiqə çadırda tək qoyub və içəridə qalmasını tapşırıb. Geri qayıdanda Vaşitçekin çadırda olmadığı üzə çıxıb.
Cəsədi helikopterlə təxliyə edilib
Vaşitçekin cəsədi bazar ertəsi səhər saat 08:00 radələrində aşkarlanıb. Daha sonra helikopterlə götürülərək Everest bölgəsinə gedən alpinistlər və turistlər üçün əsas keçid məntəqələrindən biri olan Lukla qəsəbəsinə aparılıb.
Məlumata görə, bu, alman alpinistin Nepala ikinci səfəri olub.