Alkoqollu içkilər üçün yeni minimum satış qiymətlərinin müəyyən edilməsi bazara keyfiyyətsiz məhsulların “ayaq açması”na səbəb olacaq. Bu barədə “Sherg.az”a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov danışıb. Məlumdur ki, yeni qaydalara əsasən, 0.5 litrlik içkilər ən azı 9.50 manata, 0.7 litrliklər 12.42 manata, 1 litrliklər isə 16.73 manata satılmalıdır. AİİB isə spirtli içkilərin minimum qiymətinin müəyyən olunmasına dair hökumətin qərarı ilə razılaşmır.
“2025-ci ilin oktyabr ayında İqtisadiyyat Nazirliyi tərəfindən qablaşdırma həcminə uyğun olaraq, yerli və idxal olunan qeyri-meyvə araqlarının pərakəndə satışının minimum qiymətləri təsdiq olunub və bu qərar cari ilin noyabr ayının 24-dən qüvvəyə minib. Qərarla təsdiq olunan minimum satış qiymətləri yalnız pərakəndə satışa tətbiq olunur. Yəni qərarın istehsal müəssisələrinə aidiyyəti yoxdur. Problem də elə buradan qaynaqlanır”, söyləyən E.Hüseynov qeyd etdi ki, qərarın qüvvəyə minməsindən keçən bir ay müddətində, istehlakçılardan AİİB-ə daxil olan məlumatlar, araşdırmalar istehsalçılar üçün minimum satış qiyməti tətbiq olunmadığından bəzi istehsalla məşğul olanlar tərəfindən yenə də ticarət şəbəkələrinə, şadlıq evlərinə, ictimai-iaşə obyektlərinə hətta maya dəyərindən də aşağı qiymətlərlə keyfiyyətsiz araq (vodka) məhsullarının təklif olunduğunu göstərir: 
- 2026-cı ildən istehsalda 1 litr araq (vodka) üçün 5,0 man. Aksiz Vergisi müəyyən edilib. Deməli, istehsal olunan 1 litrlik qablaşdırmada arağın 5,0 manat Aksiz Vergisi və 1,20- 1,50 manatını isə ƏDV təşkil edəcəkdir. Yəni orta hesabla 6,20-6,50 manatını yalnız vergi təşkil edir. Məhsulun maya dəyəri, istehsal xərcləri, rentabellik faizi nəzərə alınmaqla 1 litrlik qablaşdırılmış arağın istehsalçılar tərəfindən minimum satış qiyməti 14,0 manata yaxın olmalıdır. Lakin AİİB-ə istehlakçılar tərəfindən verilən məlumat göstərir ki, bu hesablamalara məhəl qoymayan bəzi istehsalla məşğul olanlar tərəfindən regionlarda 6,0-7,50 manat qiymətlərlə 1 litrlik qablaşdırılmış araq təklif olunur. Təbii ki, bu cür məhsulların mənbəyi və mənşəyi bəlli olmadığı üçün onların keyfiyyəti də şübhə altında olacaqdır.
Yəni qərar qüvvəyə minənə qədər istehlakçılar pərakəndə satışdan ucuz araq alaraq qiymətdə qənaət edib yalnız keyfiyyətdə uduzurdularsa, qərardan sonra istehlakçılar həm qiymətdə, həm də keyfiyyətdə uduzmaya düçar olurlar və bu, istehlakçılarda təbii olaraq narazılığa səbəb olur. İstehlakçı hüquqlarını qoruyan, beynəlxalq istehlakçı təşkilatı - "Consumers İnternational"ın (Cİ) üzvü olaraq, doğma Azərbaycanımızı dünyanın çoxsaylı ölkələrində təmsil və təbliğ edən bir vətəndaş cəmiyyəti nümunəsi olaraq hökumətin bu qərarı ilə razı deyilik. Onu da qeyd edim ki, ölkəmizdə 2016-cı ildən alkoqollu içkilərin istehsalı, satışı və idxalı ilə bağlı xüsusi icazələrin (lisenziyaların) tələbi tamamilə aradan qaldırılıb. Amma dünyanın bütün ölkələrində alkoqollu içkilərin istehsalı, idxalı və satışı müvafiq lisenziyalarla tənzimlənir. Lisenziyalar ləğv olunana qədər ölkədə şərab istehsalı ilə 19 müəssisə, araq (vodka) istehsalıyla isə 8 müəssisə fəaliyyət göstərirdi. Lisenziyalar ləğv edildikdən bəri bu günə qədər ölkədə yalnız bir yeni şərabçılıq müəssisəsi – “Şirvan Şərabları” MMC (Meysəri) yaradılıb; araq (vodka) istehsalçılarının sayı isə artıq 90-a yaxınlaşıb. Bundan sonra müvafiq nəzarət sxeminin olmaması nəticəsində ölkəyə ucuz və aşağı keyfiyyətdə olan araq (vodka) məhsullarının idxalı kəskin surətdə artıb, alıcıların məlumatsızlığı və ənənəvi düşüncəyə əsasən idxal olunmuş mallar yerli istehsal olunmuş məhsulların satışını üstələməyə başlayıb. Odur ki, haqsız rəqabətə son qoyulması, istehlakçı maraqlarının təmin olunması, vergi yığımının artırılması və spirtli içkilər bazarını keyfiyyətsiz araq məhsullarından təmizləmək məqsədilə ən azı qonşu MDB ölkələrinin bu sahədəki təcrübəsinə istinad olunmasını təklif edirik.
E.Hüseynov istehsal müəssisələrində ciddi yoxlamaların aparılmasını vacib sayır:
- 2016-cı ildən alkoqollu içkilərin istehsalı, satışı və idxalı ilə bağlı xüsusi icazələrin (lisenziyaların) ləğv olunmasından sonra dövlətin biznes qurumları üçün yaratdığı bu əlverişli, toxunulmazlıq jestindən sui-istifadə edib, istehlakçı maraqlarına məhəl qoymayaraq fəaliyyətə başlamış 90-a qədər araq istehsalı müəssiəsində ciddi monitorinqlər keçirilməli və hökumətin minimum qiymətə dair qərarı istehsal müəssisələrinə də tətbiq olunmaldıır.