Yolumuz birdir

Gürcüstan Azərbaycanın haqq işinə dəstək verən ölkələrdəndir

  "Gürcüstan ölkəmizin strateji müttəfiqlərindən hesab olunur". Bu sözləri millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. Deputat bildirib ki, Azərbaycanın reallaşdırdığı bütün regional layihələr məhz Gürcüstan üzərindən həyata keçirilib: "Regional enerji və nəqliyyat layihələri Gürcüstan iqtisadiyyatında xüsusi paya malikdir. İki ölkə arasındakı ticarət dövriyyəsi də əhəmiyyətli səviyyədədir. Bu ilin ilk 9 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 525 milyon 737 dollar olub. Bu, əvvəlki ilin ümumi dövriyyəsi ilə, demək olar, eynidir. 

Belə ki, 2021-ci ilin eyni dövründə ölkələr 549 milyon 297 min dollarlıq ticarət reallaşdırıblar. 2021-ci ildə isə illik dövriyyə 763 milyon 695 min dollar olub. Ötən il ölkələr arasındakı ticarət dövriyyəsi 2020-ci il ilə müqayisədə 30 faiz artıb. Rəqəmlər də göstərir ki, ölkələr iqtisadi sahədə geniş əməkdaşlığa malikdirlər.

 Digər tərəfədən, Azərbaycan Gürcüstanın enerji təhülkəsizliyinə xüsusi töhfə verir. Bu ilin ilk 9 ayında Gürcüstana 1,9 milyard kubmetr qaz ixrac edilib. Bu, Gürcüstanın qaza olan tələbinin əhəmiyyətli hissəsi deməkdir. İqtisadi əməkdaşlıqla yanaşı, Gürcüstan Azərbaycanın haqq işinə dəstək verən ölkələrdəndir. Vətən müharibəsində Gürcüstanın mövqeyi kifayət qədər təqdirəlayiq qiymətləndirilir. Bu isə münasibətlərimizin dayanıqlığını bir daha təsdiq edir".