Zaman daralır, ermənilər təlaş içindədir
Rusiya sülhməramlıları Qarabağda uzun müddət qala bilməyəcək
Bunu yaxşı bilən Ermənistan özü üçün növbəti təminatçı axtarır
Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır. Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib. Onun sözlərinə görə, Rusiya, Aİ və ABŞ Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin qarantı olmağa hazırdırlar:
“Lakin bunun üçün ən güclü mexanizmi seçmək lazımdır. Tərəflərdən birinin təminatçısı olması yaxşıdır, amma bunun kim olacağı barədə düşünməliyik”. Simonyan deyib ki, üçüncü tərəf sülh müqaviləsinin qarantı olmalıdır. Məlumat üçün deyək ki, Ermənistan rəsmiləri bir neçə dəfə sülh müqaviləsinə qarantiya və təminatçı məsələsini gündəmə gətirib.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"ə açıqlamasında bildirib ki, Ermənistan, o cümlədən Qarabağdakı separatçılar müvəqqəti olaraq ərazimizə yerləşdirilmiş Rusiya sülhməramlı kontingentini özləri üçün qarant görürlər. Partiya rəhbəri vurğulayıb ki, ermənilər 2 ildən sonra qarantiyasız qalacaqlarının da fərqindədirlər: "Qarabağa yerləşdirilmiş rus hərbi kontingenti 5 ilin tamamında bölgəni tərk etməlidir. Azərbaycan dövlətinin və ictimaiyyətinin haqlı iradları ilə üzləşən, dəfələrlə səlahiyyətlərini aşan, separatçı hərəkətlərə imkan yaradan Rusiya sülhməramlı qüvvələrinin Qarabağda uzun müddət qalması qəbuledilməzdir. Bunu yaxşı bilən Ermənistan özü üçün növbəti qarant axtarışındadır. Hansısa təminatçı ölkənin, yaxud Minsk qrupu kimi mənasız beynəlxalq təşkilatların nəzarətində sülh danışıqlarını dalana dirəmək, prosesi pozmaq niyyətindədirlər. İrəvan tərəfi adətən qarant məsələsini ortaya atarkən Qarabağdakı erməniləri, onların hüquqlarını, təhlükəsizliyini bəhanə edirələr. Halbuki rəsmi Bakı dəfələrlə açıq bəyan edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdırlar və onların təminatçısı Azərbaycan dövlətidir. Monoetnik Ermənistandan fərqli olaraq Azərbaycan çoxkonvensiyalı, tolerant bir ölkədir. Müxtəlif millətlərin nümayəndələri Azərbaycanda rahat, təhlükəsiz, rifah içində həyat sürürlər. Ölkənin hər bir vətəndaşı kimi bütün hüquq və təminatlardan yetərincə istifadə edirlər. Azərbaycanda heç bir milli diskriminasiya yoxdur. Bunu beynəlxalq təşkilatlar da gözəl bilirlər".
A.Əlizadə bəyan edib ki, Ermənistanın məqsədi regionda siyasi-iqtisadi marağı olan kənar qüvvələri "qarant" adı altında bölgəyə gətirmək, Azərbaycanla sülh prosesinə cəlb etməkdir:
"Özləri üçün münbit fəaliyyət meydanı yaratmaq arzusundadırlar. Ermənilər üçün fərqi yoxdur. Paşinyan qərbyönlü siyasət yürütdüyü üçün bölgəyə Qərb ölkələrinin gəlməsində maraqlıdır. Avropa İttifaqının "müşahidə missiyası"nı da Azərbaycan-Ermənistan sərhədinə həmin məqsədlə gətirmişdilər. Qərb dövlətləri, yaxud Rusiya olmasının heç bir fərqi yoxdur, istənilən halda Azərbaycan ərazisində hansısa kənar güclərin "qarant" rolunda iştirakı yolverilməzdir. Çünki bütün kənar güclər ancaq və ancaq ermənilərin xeyrinə mövqe sərgiləyəcəklər".