Zəngəzur dəhlizi açılacaq 

Buna nə İran, nə də Rusiya əngəl ola biləcək “Naxçıvanla Azərbaycanın əsas ərazilərinin birbaşa birləşməsi bizim üçün prioritetdir”
  İranın ardınca Rusiyanın Ermənistanın Qafan şəhərində baş konsulluq açacağı deyilir. Maraqlıdır ki, 
həm İran, həm də Rusiya 44 günlük müharibə və Zəngəzur dəhlizi ideyasından sonra Qafanda 
konsulluq eşqinə düşüblər.
 Məlum olduğu kimi, Naxçıvandan Meğriyə qədər uzanan yollar demək 
olar ki, tam təmir edilib. Şərqi Zəngəzurda, əsasən də Qafanla sərhəd olan Zəngilanda sürətli 
quruculuq işləri aparılır. Regional maraqlarının təhlükədə olduğunu bəhanə edən İran tələm-tələsik 
Qafanda konsulluq açdı. İndi də Rusiya Qafanda diplomatik korpusunu açmaq niyyətindədir. 
Görünən odur ki, İrandan fərqli olaraq, Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Birincisi 
ona görə ki, bu dəhliz Moskvanın Şərqə çıxışını təmin edən quru yoludur. Və bu yol hazırda Rusiya 
iqtisadiyyatına fayda vermək baxımından Kremlin maraqlarına uyğundur. İkincisi, böyük ehtimalla, 
Ermənistan tərəfdən dəhlizin təhlükəsizliyinə nəzarət rusların əlində olacaq. Bu da Moskva üçün 
geostrateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Rusiya Zəngəzurda konsulluq açmaqla, dəhlizlə 
yanaşı, həm də bölgəyə nəzarət etmək istəyir. 
 Türkiyənin Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl "Sherg.az"a açıqlamasında 
bildirib ki, əslində bir dövlətin başqa bir ölkənin ərazisində diplomatik nümayəndəlik yaratması iki 
məqsədə xidmətə edir. Birincisi, həmin ölkədə yaşayan insanlarının problemini həll etmək, onların 
qayğısına qalmaq, ikincisi isə açıq şəkildə orada öz mənfəətini güdmək, öz maraqlarını təmin 
etməkdir. Professorun sözlərinə görə, İranın Ermənistan ərazisində, Qafan şəhərində konsulluq 
açmasının səbəbi bölgədə öz maraqlarını həyata keçirməkdir: "Təbii ki, indiki dönəmdə Rusiyanın 
Cənubi Qafqazda nəzarəti tamamilə İranın öhdəsinə buraxması mümkün deyil. Azərbaycan və 
Ermənistan arasındakı üçtərəfli sazişə görə, Zəngəzur dəhlizində təhlükəsizliyi Rusiya tərəfi təmin 
etməlidir. Rusiya burada iki məqsəd güdür. Həm Qafan vasitəsilə Zəngəzur dəhlizinə tam nəzarət 
etmək, həm də ümumən bölgəyə təsir gücünü artırmaq niyyətindədir. Bunu eyniylə İran da istəyir. 
Hər iki ölkənin Qafanda konsulluq açmaqdakı qayəsi öz maraqlarını reallaşdırmaqdır. Məhz indiki 
mərhələdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada konsulluğun açılması barədə sözləri 
olduqca önəmlidir. İnanırıq ki, Şuşada Türkiyənin konsulluğu ən qısa zamanda reallaşacaq". 
  Professor vurğulayıb ki, Zəngəzur dəhlizi açılacaq və nə İran, nə də Rusiya buna əngəl ola biləcək: 
"Bu dəhliz bölgədə dayanıqlı sülhün təmin olunması və regional əməkdaşlıq üçün gündəmə gətirilmiş 
mühüm məsələdir və çox ciddi əhəmiyyətə malikdir. Bunu əngəlləməyə çalışan istənilən ölkə ilk 
növbədə özünə ziyan verməkdədir. Ancaq əfsuslar ki, bəzi ölkələr üçün iqtisadi maraqlar, regional 
əməkdaşlıq o qədər də önəm kəsb etmir. Məsələn, İran daha çox öz maraqları kontekstində siyasət 
yürüdür. Problem isə ondadır ki, İranın öz maraqlarını önə çıxarması bölgədə sülhün təmin 
olunmasına maneçilik törədir. İstənilən halda sülh olacaq və dəhliz fəaliyyətə başlayacaq. Naxçıvanla 
Azərbaycanın əsas ərazilərinin birbaşa birləşməsi bizim üçün prioritetdir. Bunun da reallaşacağına 
səmimiyyətlə inanıram".