
Zəngəzur əməkdaşlıq dəhlizinə çevriləcək -ŞƏRH
Mümkündür ki, təhlükəsizliyin təminatında ABŞ ilə yanaşı Türkiyə də yer alsın
"Əsas məsələ odur ki, biz dəhliz məsələsində hansısa qarşıdurmanın, güc savaşlarının olmasını istəmirik"
Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında açılacaq yol dəhliz statusunda olacaq. Bu barədə erməni politoloq Ara Poqosyan bildirib. Ekspert vurğulayıb ki, xəttin “Tramp yolu” və ya “Zəngəzur dəhlizi” adlandırılmasının heç bir fərqi yoxdur: "Dəhlizdə olduğu kimi, Ermənistan istənilən vaxt yolu bağlaya bilməyəcəksə, eyni prinsip Azərbaycan ərazisində Ermənistana da şamil olunmayacaqsa, demək, həmin şərtlər tətbiq olunacaq. Sonra deməyin ki, bu, dəhliz deyil. “Politiko” nəşri də məlumat yayıb ki, uzun müddətdir davam edən münaqişənin yumşaldılmasının açarı tranzit dəhlizinə dair sazişdir: "Bu, Azərbaycanla anklavı Naxçıvan arasında Zəngəzur dəhlizi kimi tanınan - Ermənistan ərazisinin dağlıq hissəsindən keçən yolun açılmasını ehtiva edir. Biz onun blokunu aça bilsək, bəlkə də, qalan hissələr yerinə düşməyə başlayacaq". Nəşr yazıb ki, Ermənistan Zəngəzur dəhlizinə nəzarətin 99 il müddətinə ABŞ-yə verilməsinə razılaşıb: "ABŞ torpaq sahəsini (Qərbi Zəngəzur) dəmir yolu, neft, qaz və fiber optik xətləri və 27 millik (32 km) dəhliz boyunca elektrik enerjisinin ötürülməsini inkişaf etdirəcək konsorsiuma icarəyə verəcək". Qeyd edək ki, "Tramp körpüsü" (Zəngəzur dəhlizi-red) təşəbbüsünün reallaşdırılması istiqamətində gələn həftədən etibarən praktiki işlərə başlanacaq. Məlumata görə, tərəflər arasında texniki qrupların formalaşdırılması, marşrut üzrə ilkin razılaşmaların müzakirəsi və təhlükəsizlik mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə ilk danışıqlar keçiriləcək. Bu layihə regionda geosiyasi mənzərəni dəyişə biləcək mühüm bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Layihə Cənubi Ermənistan ərazisindən keçən və Azərbaycanın materik hissəsini Naxçıvanla birləşdirən kommersiya marşrutunun tikintisini nəzərdə tutur. Layihənin əsas məqsədi Zəngəzurdan keçən marşrut vasitəsilə Azərbaycan üçün maneəsiz və təhlükəsiz ticarət və yükdaşımaları təmin etməkdir. Hərbi və ya təhlükəsizlik yönümlü deyil, sırf iqtisadi və ticarət xarakterli bir layihə kimi təqdim olunur. Vaşinqton bu marşruta sadəcə nəzarət funksiyasını həyata keçirəcək.
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu Sherg.az-a deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri tarixi əhəmiyyət daşıyır. İmzalanacaq sənədlər həm regional, həm qlobal nizamın gələcəyi baxımından önəmli hadisələrdir.
Ekspert vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsi və ardınca həyata keçirdiyi ardıcıl, sistemli siyasət nəticəsində ərazi bütövlüyünü bərpa etdi, suverentliyini təsis etdi:

"Cənubi Qafqazda yeni geosiyasi şərait yaranıb. Cənab Prezidentin ABŞ-yə səfəri nəticəsində dünyanın bir nömrəli gücü olan Amerikanın qəlbindən bütün dünyaya yeni geosiyasi reallıq bir daha elan ediləcək. Azərbaycan Cənubi Qafqazda yüksələn və Türkiyə ilə birlikdə lokomotivə çevrilən gücdür. Əlbəttə, mühüm məqamlardan biri Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Zəngəzur dəhlizi Çinin Avropa ilə bağlantısı, türk dünyasının siyasi-iqtisadi inteqrasiyasının dərinləşməsi baxımından mühüm rola malikdir. Bu dəhlizin açılması qaçılmazdır. İstəyirik ki, Zəngəzur dəhlizi əməkdaşlıq dəhlizinə çevrilsin. Bütün geosiyasi oyunçular, böyük dövlətlər, regional qüvvələr buradan faydalansın. Bu dəhliz bütün ölkələrin maraqlarına cavab verir. Şimal-Cənub və Şərq-Qərb dəhlizləri baxımından dəhlizin açılması olduqca strateji məsələdir".
T.Nüsrətoğlunun fikrincə, Türkiyənin mövqeyi də bu yöndədir:
"Nikol Paşinyanın Türkiyəyə səfərində dəhliz məsələsi müzakirə olunmuşdu. Paşinyanın erməni icması ilə görüşündə ifadə etdiyi "biz Turandan, Zəngəzur dəhlizinin açılmasından qorxmamalıyıq" sözləri də göstərir ki, İrəvan hökuməti də yeni reallıqları qəbul edir. Daha sonra cənab Prezidentlə Ermənistan baş nazirinin Əbu-Dabidə görüşündə də Zəngəzur dəhlizinin açılması və yeni münasibətlərin sisteminin qurulmasına doğru irəliləyiş əldə olundu. Əlbəttə, istəyirik ki, regionda, qlobal sistemdə antoqanizmlər ortadan qalxsın, müharibələr, münaqişələr bitsin. Dövlətlər bir-biri ilə qarşılıqlı maraqları, iqtisadi münasibətləri ön plana çıxardaraq əməkdaşlığı inkişaf etdirsinlər. Ancaq bizim də iradəmizin xaricində dünyada bir reallıq var. Çin yüksələn güc olaraq ortadadır. Azərbaycan Çinlə də əməkdaşlığı inkişaf etdirir".
Alim hesab edir ki, Türkiyə, Azərbaycan və Ermənistanın Zəngəzur dəhlizini ortaq şəkildə işlətməsi, təhlükəsizliyə təminat verməsi və xarici qüvvələrin regiona müdaxiləsinin qarşısının alınması bölgə üçün daha faydalı olar:
"ABŞ-nin Türkiyəyə münasibəti müsbətə doğru xeyli dəyişib. Eyni zamanda Vaşinqtonun Bakıya münasibəti konstruktivdir. Mümkündür ki, Zəngəzur dəhlizinə nəzarət konsorsium şəklində olsun. Yəni dəhlizin işlədilməsində, təhlükəsizliyinin təminatında ABŞ ilə yanaşı Türkiyə də yer alsın. Əsas məsələ odur ki, biz dəhliz məsələsində hansısa qarşıdurmanın, güc savaşlarının olmasını istəmirik".