“2018-ci ili “Cümhuriyyət ili” elan etməliyik”

Nəsiman Yaqublu: “Yoxsa, quru-quru konfrans keçirməklə, əl çalmaqla AXC-nin yüzilliyinə heç bir töhfə verə bilməyəcəyik”
“Dövlət quranların məzarları da Azərbaycanda olmalıdır. Soruşuram, yubiley münasibəti ilə əlimizdəki bir dəstə gülü hara qoyaq? Kimin məzarını ziyarət edək? Heç birinin Azərbaycanda məzarı yoxdur”


2018-ci ilin may ayında respublikamızda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd olunacaq. Xatırladaq ki, bu il may ayının 16-da Prezident İlham Əliyev AXC-nin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzaladı. Sərəncama əsasən, Cümhuriyyətin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanmasına tapşırığı verildi və müvafiq dövlət qurumları qarşısında öhdəlik qoyuldu. Tədbirlərin həyata keçirilməsi üçün 5 milyon manat vəsait ayrıldı. Artıq 2017-ci ilin son günlərini yaşayırıq. Yəni Cümhuriyyətin yüzilliyinə çox az zaman qalıb.

 Mətbuata verilən açıqlamalara görə, yubileyə hazırlıq işləri davam etməkdədir.

 Məlumat üçün deyək ki, dekabrın 19-da AMEA-nın əsas binasında "Prezident Sərəncamının işığında: 

Azərbaycan Xalq Cümhuriyyəti-100” mövzusunda elmi konfrans keçirilib. Akademiyanın vitse-prezidenti İsa Həbibbəyli konfransın müvafiq Sərəncama əsasən təşkil edildiyini diqqətə çatdırıb. Alim Şərqdə ilk parlamentli respublikanın yubileyinin ölkəmizdə dövlət səviyyəsində geniş qeyd olunacağını bəyan edib. Vitse-prezident xarici ölkələrdə aparılan tədqiqat zamanı xarici dil bilgisinin önəmini vurğulayıb və tədbirlərin bundan sonra da davam edəcəyini bildirib. 

AXC-nin yüzilliyi ilə bağlı görülən işlər barəsində "Şərq”ə danışan tarixçi-alim Nəsiman Yaqublu yubileyə az zaman qaldığını və görülməsi lazım olan çox iş olduğunu deyib...

- Nəsiman müəllim, AXC-nin yüzilliyinə hazırlıq necə gedir, görülən işləri necə qiymətləndirirsiz?

- Bu sahədə görülən işləri intensivləşdirmək lazımdır. Çünki çox az vaxt qalıb. Ən əsası odur ki, görülən işləri və tədbirləri məzmunlu etməliyik. Yəni konfranslar və çıxışlar dekorativ xarakterli olmamalıdır. Daha çox əməli işə meyillənmək lazımdır. Məsələn, hesab edirəm ki, 2018-ci il "Cümhuriyyət ili” elan edilsə, çox gözəl olar. Gələn ili "Cümhuriyyət ili” elan etməklə müsəlman və türk aləmində cümhuriyyəti ilk dəfə bizim yaratdığımızı bütün dünyaya göstərə bilərik. Bunu dünyaya çatdırmaq üçün ən gözəl vasitə məhz budur. Digər tərəfdən dünyaya sübut edərik ki, biz xalq olaraq Qafqazda ən demokratik dövləti qurmuşuq, bunu bacarmışıq. 

Üçüncü məqam isə ondan ibarətdir ki, biz həqiqətən də demokratik və hüquqi əsaslara söykənən dövlət qurmağa qadir xalq olduğumuzu sübut edəcəyik. Özü də bunu yüz il əvvəl etmişik. Ozamanki coğrafi ərazidə formalaşan Azərbaycan Cümhuriyyətinin tərkibində bu gün işğal altında olan Qarabağ da, Zəngəzur da var idi. Bu torpaqlar həmin vaxt de-fakto olsa da, beynəlxalq aləm tərəfindən Azərbaycanın ərazisi kimi tanınırdı. Bax, belə məqamları vurğulamaq üçün gələn ili "Cümhuriyyət ili” elan etməyə dəyər. Yoxsa, quru-quru konfrans keçirməklə, əl çalmaqla AXC-nin yüzilliyinə heç bir töhfə verə bilməyəcəyik.

- Xarici ölkələrdə, məsələn, Türkiyədə dəfn olunan Cümhuriyyət liderlərinin məzarlarının Azərbaycana gətirilməsinin zəruriliyi vurğulanır. Ancaq bəziləri hesab edir ki, Türkiyə onların ikinci vətənidir, ona görə də qardaş ölkədə qala bilərlər. Bu yanaşmaya münasibətiniz necədir?

- Bilirsiz, bir var doğma Vətən, bir də var ikinci vətən. İndi deyin görüm, Azərbaycanda kim razı olar ki, onu doğma torpağında deyil, başqa ölkədə dəfn etsinlər?! Hər bir kəsin arzusu öz Vətənində torpağa tapşırılmaqdır. Söhbət dövlət quran insanlardan gedir. Onlar Azərbaycanda dövlət qurduqlarına görə ikinci vətən adlandırdıqları Türkiyəyə mühacirət etməyə və orada həyatlarını başa vurmağa məcbur qalıblar. İndi onların mənəvi haqqı çatır ki, öz müstəqil dövlətlərinin ərazisinə, birinci Vətənlərinə qayıtsınlar və burada əbədi uyusunlar. Unutmayaq ki, biz həmin şəxslərin ideyaları əsasında müstəqil Azərbaycan Respublikasını bərpa etmişik. Bu halda onların məzarları da Azərbaycanda olmalıdır. Soruşuram, yubiley münasibəti ilə əlimizdəki bir dəstə gülü hara qoyaq? Kimin məzarını ziyarət edək? Heç birinin Azərbaycanda məzarı yoxdur. Bəzisi Avropada, digərləri Türkiyədədir. Bu, həm də mənəvi məsələdir, borcdur. Dövlət quran şəxslərin haqqını özlərinə qaytarmalıyıq.

- Cümhuriyyətlə bağlı abidə məsələsi də tez-tez gündəmə gətirilir. Bir qisim düşünür ki, AXC-nin xatirəsini əbədiləşdirmək üçün ümumi kompleks kifayətdir. Digərləri isə hesab edir ki, bir neçə liderə büst qoyulmalıdır. Bu barədə fikriniz nədir?

- İlk növbədə Cümhuriyyət liderlərinin muzeyləri olmalıdır. Bakının hər tərəfindən görünən bir yerdə ümumi abidə kompleksi yaradılmalıdır. Sadəcə, Əlyazmalar İnstitutunun yanında balaca bir abidə qoymuşuq. Axı ora darısqal yerdir. Halbuki abidə geniş məkanda olmalıdır ki, xalq gedib oranı rahat ziyarət edə bilsin. Bunu reallaşdırmaq çətin iş deyil.

- Təklif edilir ki, AXC-nin yüz illiyinə sadəcə bir neçə dövlət qurumları səviyyəsində deyil, siyasi təşkilatlar, QHT-lər və cəmiyyət olaraq ümumi şəkildə hazırlaşmalıyıq. Yəni hər kəs öz sahəsi üzrə bir iş görməlidir. Bu ideyanı dəstəkləyirsizmi?

- Mən tarixçi və tədqiqatçı kimi öz işimi görürəm və bu istiqamətdə fəaliyyət göstərirəm. Hazırda Cümhuriyyət dövrü ilə bağlı dəyərli əsər üzərində işləyirəm. Konkret olaraq AXC-nin qurucuları haqqında təxminən 500 səhifəlik böyük bir kitabı nəşrə hazırlayıram. Orada Cümhuriyyəti quran və idarə edən bütün şəxslərin həyatı, yaradıcılığı və fəaliyyəti fotolarla, sənədlərlə öz əksini tapacaq. Mənim AXC-nin yüz illiyinə töhfəm budur. Yəqin ki, 2-3 aya kitab çap olunacaq. Adətən, biz Cümhuriyyəti quranlardan sadəcə üç-beş şəxsi tanıyırıq. Digərləri haqda məlumatımız yoxdur. Mən həmin kitabda 30-a yaxın AXC qurucusunun həyat və fəaliyyətini vermişəm. Belə bir əsər bizim üçün çox vacibdir.

- Vurğulanan məsələlərdən biri də Almaniya, Fransa, İngiltərə, Türkiyə və s. ölkələrdə AXC ilə bağlı mühüm arxiv sənədlərinin olmasıdır. Həqiqətən varmı həmin sənədlər? Onlar üzərində tədqiqat aparmaq, hansısa formada ölkəmizə gətirmək mümkündürmü?

- Əlbəttə, xarici ölkələrdə həm mühüm sənədlər, həm də nadir fotolar var. Hətta cəmiyyətimiz üçün indiyə qədər bəlli olmayan görüntülər də mövcuddur. Ancaq onlarla məşğul olmaq, ölkəyə gətirmək üçün ciddi vəsait lazımdır. Ümumiyyətlə, AXC ilə bağlı görülən işlər "özfəaliyyət dərnəyinə” çevrilməməlidir. Cümhuriyyəti bilən və araşdıran adamlara xüsusi vəsaitlər ayrılmalıdır. Çünki vurğulanan işləri görmək üçün pul lazımdır. Hər tarixçi Cümhuriyyət tarixini yaza bilməz. Bunu ancaq Cümhuriyyətlə mənəvi bağı olan adamlar yaza bilər. Hələ sovet vaxtı bu dövrü ilk dəfə araşdıran adamlar olub. Məsələn, Mövsüm Əliyev AXC haqqında yazan ilk tarixçi alimdir. Mən onun haqqında bir məqalə hazırlayıram.

- Diqqət yetirilən məqamlardan biri də odur ki, Cənubi Qafqazdakı hər üç dövlətin müstəqillik günü eyni dövrə təsadüf edir. Vurğulanır ki, regionun ən güclü dövləti olan Azərbaycan yubileyin keçirilməsində qonşu ölkələri, xüsusən düşmən Ermənistanı kölgədə qoymalıdır. Bununla bağlı görüşünüz nədir?

- Mən ölkə başçısı cənab İlham Əliyevə AXC-nin yüz illik yubileyi ilə bağlı 12 maddəlik təkliflər paketi göndərmişəm. Orada Cümhuriyyətin yüzilliyi ilə bağlı görüləcək işləri sıralamışam. 12 maddədən biri məhz o idi ki, gələn il bizimlə yanaşı, Gürcüstan və Ermənistan da öz bayramlarını qeyd edəcəklər. Artıq hər iki ölkədə bununla bağlı hazırlıq işləri görülür. Bilirsiz, bu həm də regionda demokratiya yarışıdır. Ermənilər iddia edəcək ki, Qafqazda demokratik dövləti onlar qurub, gürcülər isə deyəcək ki, "biz qurmuşuq”. Azərbaycan bu yarışda geri qala bilməz. Xüsusən, düşmən ölkəyə heç vaxt üstünlük vermək olmaz. 

Ona görə də işi bilən adamları bir yerə yığmaq, onlarla məsləhətləşmək lazımdır. Artıq Gürcüstanda alimləri bir yerə toplayıb, məsləhətləşmələr aparıblar və iş bölgüsü ediblər. Bizdə də başlamaq lazımdır. Əslində təkliflərimiz dövlət və xalq üçün çox faydalıdır. Şəxsən mənim elə təkliflərim var ki, onları reallaşdırmaqla millətə böyük mənfəət gətirmək mümkündür. Amma bunun üçün dəstək lazımdır. Çünki bahalı işlərdir.

İsmayıl