“2018-də” də Rusiya Qarabağın açarını verməyəcək

“Minsk Qrupunun avropalı həmsədrləri münaqişənin tezliklə həll olunmasında maraqlıdırlar”




Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışıb. Nazir müavini 2017-ci ilin oktyabrında baş tutan prezidentlərin Cenevrə görüşünü xatırladıb. Deyib ki, həmin sammitdə danışıqlar prosesinin intensivləşdirilməsi, təmas xəttində gərginliyin azaldılmasına yönələn tədbirlərin görülməsi razılaşdırılıb.

Karasin Azərbaycan və Ermənistan XİN rəhbərlərinin bu il ərzində bir neçə dəfə görüşməsini müsbət dəyərləndirib və gələn ilin yanvar ayında olacaq görüşə böyük ümidlə yanaşdığını deyib. Nazir müavini həmçinin, rəsmi Moskvanın danışıqların nəticəli olmasında maraqlı olduğunu bildirib: "İrəvan və Bakının görülmüş işlər əsasında güzəştlərin axtarılmasında səylərini dəstəkləyirik. Həmsədrlərlə birlikdə öz tərəfimizdən həlli gecikmiş münaqişənin sülh yolu ilə həllinə bundan sonra da yardım edəcəyik. 

Rusiya, ABŞ və Fransanın bu vahid mövqeyi Vyanada ATƏT XİN başçılarının iclasında üç ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin birgə bəyanatında da dəqiq qeyd olunub”. Reallıq odur ki, bir neçə dəfə tərəflərin görüşü baş tutsa da, hansısa müsbət nəticə hasil olmayıb. Çünki təxribatçı Ermənistan rəhbərliyi hər vəchlə prosesə zərbə vurub. Buna rəğmən Rusiya rəsmisi cari ilin "uğurlu” olduğunu iddia edir və 2018-ci ildə pozitiv danışıqlara ümidlə yanaşdığını bildirir. Deməli, həmsədrlik missiyasını pozitiv dəyərləndirən Moskva hökuməti 2018-ci ildə də indiki mövqeyini davam etdirəcək.


Mövzu ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Vasif Əfəndiyev xatırladıb ki, 25 ildir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar nəticə vermir. Onun sözlərinə görə, ötən illər ərzində münaqişənin həlli variantları tapılsa da, icra mexanizmi tətbiq olunmayıb: 

"Minsk Qrupu ölkələrinin səyləri münaqişənin həllinə ümid yaradır. Lakin təəssüflər olsun ki, icra mexanizminin yaradılmasına nail oluna bilmir. Minsk Qrupunun avropalı həmsədrləri münaqişənin tezliklə həll olunmasında maraqlıdırlar. Ancaq region dövlətləri olan Rusiya və qonşu İran bütün imkanlardan istifadə edirlər ki, münaqişə ya dondurulmuş vəziyyətdə qalsın, ya da birbaşa Ermənistanın xeyrinə həll olunsun. İndiyə qədər aparılan bütün danışıqlar zamanı destruktiv mövqe sərgiləyən Ermənistan Rusiyaya arxayın olaraq ağlasığmaz bəhanə və təkliflərlə danışıqları uzatmağa cəhd edir. Ona görə də əldə olunan razılaşmaları pozur. Azərbaycan tərəfi isə öz torpaqlarını işğaldan azad etmək üçün qanuni haqqını tələb etdikdə və hərbi əməliyyatlara başladıqdaRusiyanın təzyiqlərinə məruz qalır”.


Ekspert deyib ki, bu yaxınlarda Sergey Lavrovun "münaqişənin həlli mümkünsüz kimi görünür” bəyanatı ciddi narahatlıq doğurdu. Buna baxmayaraq, Rusiya xarici siyasət idarəsinin digər sözçüsü Karasin hər ilin sonunda olduğu kimi bu dəfə də ümidverici bəyanatlar verməklə indiyə qədər həllinə maneçilik törətdikləri problemin çözülməsinin gələn ilə qaldığını bəyan etdi. 

Mövcud durumu incələdikdə isə növbəti ildə danışıqlar prosesində heç bir irəliləyiş olmayacağını tam əminliklə deyə bilərəm. Yuxarıda qeyd etdiklərimə əlavə olaraq onu bildirirəm ki, 2018-ci il hər 3 ölkədə Azərbaycan, Ermənistan və Rusiyada prezident seçkiləri keçiriləcək. Bu səbəbdən Ermənistan və Rusiyanın əlinə yeni bir fürsət düşəcək ki, danışıqlar prosesində növbəti "taym aut” götürsünlər. Bir sözlə, 2018-ci il Dağlıq Qarabağla bağlı danışıqlarda durğunluq olacaq”.

İsmayıl