"2019-cu ilə nikbin baxırıq, müəyyən ümidlər var. Ümidlər onunla bağlıdır ki, Ermənistanda inqilabi proseslər baş verdi və hakimiyyət dəyişdi. Biz yeni hökumətin sələflərinin xətalarından dərs çıxaracağına ümid edirik”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
Deputat bildirib ki, Ermənistanın hakim dairələri dərk etməlidir ki, İrəvanın üzləşdiyi bütün problemlərin, sarsıntıların kökündə Azərbaycan torpaqlarının işğalı faktı dayanır:
"Ermənistanın gələcək inkişafı bu səbəbin aradan qaldırılmasından asılıdır. Bu yaxınlarda Paşinyan ölkədə "iqtisadi inqilab” edəcəyinə söz verdi. Şübhə yoxdur ki, verilən vədləri yerinə yetirmək üçün Ermənistanda hər hansı resurs yoxdur. Belə məqamda "iqtisadi inqilab” sadəcə utopiyadır. Dəyişiklik o zaman ola bilər ki, Türkiyə ilə sərhədlər açılsın və qonşularla mehriban əməkdaşlıq edilsin. Bunun baş verməsi üçün İrəvan işğalçılıq siyasətindən əl çəkməli, qoşunları dərhal ərazilərimizdən çıxarmalıdır. Yalnız o halda Ermənistanın Azərbaycanın təşəbbüskarı olduğu regional layihələrdə də iştirak edə bilər”.
Deputat vurğulayıb ki, Paşinyan Qarabağ klanına faktiki müharibə elan edib:
"Robert Koçaryan həbs edildi, Serj Sarkisyanın qardaşı oğlu Praqada saxlanılıb Ermənistana gətirildi. Yaxın zamanlarda Sarkisyanın özünün də həbsxanaya düşməsi labüd görünür. Bununla bərabər Paşinyan separatçıların "rəhbəri” Bako Saakyana da barmaq silkələyir. Atalar deyiminə görə, "bir bankada iki hörümçək olmaz”. Görünür, tərəflərdən biri digərini məhv edənə qədər dayanmayacaq. Əgər mübarizədə Paşinyan qalib gələrsə, münaqişənin həllində münbit şərait yarada bilər. Bütün bunları nəzərə alanda, həmçinin, Rusiya Prezidenti Vladimir Putinin və XİN rəhbəri Sergey Lavrovun, o cümlədən Mariya Zaxarovanın mövqelərini əsas götürsək, 2019-cü ildə münaqişənin həlli ilə bağlı nikbin proqnozlar vermək
mümkündür”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hər şeyi edəcəyini deyib. XİN rəsmisi bəyan edib ki, həmsədr ölkə olan Rusiya üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək: "Bu məsələdə vaxt həddi qoyulmur. Əgər vaxt barədə danışsaq, hər zaman münaqişənin tez bir vaxtda nizamlanmasının və buna yönəlmiş tədbirlərin tərəfdarı kimi çıxış etmişik. Amma dəqiq vaxt barədə danışmaq çətindir. Təəssüf ki, bu, uzanmış münaqişədir. Biz həmişə münaqişənin tezliklə həll olunmasına çalışmış və bu problemin tezliklə həllinə yönələn addımları dəstəkləmişik”. "Rəsmi Moskvanın XİN rəhbərlərinin yanvar ayında görüşünün təşkilatçısı kimi çıxış etməsi mümkündürmü” sualını cavablandıran Zaxarova onda belə bir məlumatın olmadığını söyləyib.
İsmayıl