3 aydır valyutadəyişmə məntəqələri açılmır

İqtisadçılar məsələnin mahiyyətini açıqladılar




Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov valyutadəyişmə məntəqələrinin bərpa edilməməsinə etiraz edib: "Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qanun qəbul etdik. Ancaq indiyə qədər bu sahədə dəyişiklik yoxdur. Həmin məntəqələrdə 3-9 min adam çalışırdı, evinə çörək aparırdı. Bu biznesi də kimsə inhisara alıb. Bu məsələyə aydınlıq gətirilməlidir”.

Məsələ ilə bağlı "Şərq”ə danışan iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib ki, valyutadəyişmə məntəqələrinin açılmasına qanun icazə versə də, nədənsə, bu məsələdə aidiyyəti iş adamları bir o qədər aktivlik göstərmirlər:
"Bu məntəqələrin iki il öncə - 2016-cı ilin yanvar ayından etibarən bağlanmasından sonra cəmiyyətdə belə fikirlər formalaşmışdı ki, bu addım valyuta bazarında problemlərin yaranmasına gətirib çıxaracaq. Əslində isə gözlədiyimiz kimi ciddi heç nə baş vermədi. Banklarda, onların filiallarında, nümayəndəliklərində, vağzallarda, hava limanlarında və digər zəruri sayılan yerlərdə də valyutadəyişmə məntəqələri fəaliyyət göstərdi. Mərkəzi Bankın təşəbbüsü ilə bayram günlərində bankların xüsusi qrafiklə işləməsi bu sahədə mümkün ola biləcək bütün problemləri çözməyə imkan verdi. Cari ilin yanvar ayından etibarən valyutadəyişmə məntəqələrinin fəaliyyətinə yenidən yaşıl işıq yandırıldı. Lakin 3 aya yaxın vaxt keçməsinə baxmayaraq bu məsələdə bir irəliləyiş gözə çarpmır. Daha çox inandırıcı səbəb bu məntəqələrə doğrudan da bir o qədər ehtiyacın olmamasıdır. Əgər belə olmasaydı, yeni qaydalardakı bəzi tələblərin bir qədər ciddiləşdirilməsinə baxmayaraq iş adamları çoxdan bu məntəqələrin açılışına start vermişdilər”.

İqtisadçı, maliyyə bazarı üzrə ekspert Cəfər İbrahimli isə deyib ki, daha əvvəl aparılan müzakirələr zamanı məntəqələrin bağlanmasının valyuta bazarı üçün müsbət nəticələr gətirməyəcəyi qeyd edilib: "Səbəbi çox sadədir. Belə ki, bazarda nə qədər çox vasitəçi olsa, bu bazarda rəqabətin və bazar dərinliyinin artması nəticəsində daha real qiymətlərin formalaşmasını təmin edir.
Hazırda isə "Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edərək yeni formada bu fəaliyyətin qurulması tələb olunur. Qanuna görə məntəqələr ayrıca subyekt kimi fəaliyyət göstərməli (əvvəl isə bankların nəzdində fəaliyyət göstərirdilər və fəaliyyətin qurulması bank tərəfindən həyata keçirilirdi) yəni vergidən qeydiyyatdan keçməli, lisenziya almalı, seçilən yer tələblərə cavab verməli, mühafizə, inkasasiya və texniki təminat tələblərə uyğun həll edilməli (burada çox ciddi tələblər var), Bank hesabında təminat vəsaitinin saxlanması və nəhayət, Palataya bütün əməliyyatlarla bağlı aylıq və illik hesabatların göndərilməsi tələb olunur. Yeni tələblər əvvəlki vəziyyətdən fərqli olaraq əlavə sərmayə qoyuluşu, şəffaflıq və hesabatlılıq tələblərinin təmin edilməsini tələb edir.
Hələlik bu tələblərin bu sahədə təcrübəsi olan mütəxəssislərin, yəni bank nəzdində məntəqə işlədən insanların sahibkar kimi yenidən fəaliyyətin qurulmasında çətinlikləri olduğu müşahidə olunur”.

Şəymən