Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrinin Rusiyaya hücum edəcəyi təqdirdə müharibənin fərqli xarakter daşıyacağını və çox qısa sürəcəyini bildirib.
Sherg.az xəbər verir ki, Lavrov Moskvada xarici diplomatik nümayəndəliklərin rəhbərləri ilə dəyirmi masa görüşü keçirib.
Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli formatda danışıqların yenidən başlaması ehtimalını dəyərləndirən Lavrov Moskvanın ciddi danışıqlara hər zaman hazır olduğunu bildirib.
“Danışıqlardan imtina etməmişik. Danışıqlar üçtərəfli və ya ikitərəfli formatda keçirilə bilər. Biz heç vaxt danışıqları uzatmamış və çətinləşdirməyə çalışmamışıq”, - deyə o qeyd edib.
Lavrov 2022-ci ildə Rusiya ilə Ukrayna arasında İstanbulda aparılan danışıqları xatırladaraq bildirib ki, Qərbin müdaxiləsi nəticəsində İstanbul razılaşmalarının qarşısı alındıqdan sonra belə, danışıqlar prosesi zamanı Rusiyanın xüsusi hərbi əməliyyatı dayandırmaq niyyəti yoxdur.
Rusiyanın Ukrayna ilə bağlı mövqeyinin dəyişmədiyini vurğulayan Lavrov Moskvanın təhlükəsizliyinin təmin edilməsi, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasına imkan verilməməsi, eləcə də rusların və rusdilli insanların qanuni hüquqlarının təmin olunması məqsədlərindən geri çəkilmədiyini bildirib.
“Avropanın Ukrayna ilə bağlı mövqeyi mənasızdır”
Lavrov Avropa İttifaqı ölkələrinin Ukrayna ilə bağlı mövqeyini də tənqid edib.
“Avropalılar Krımı və Donbası heç vaxt tanımayacaqlarını, 1991-ci il sərhədlərini qəbul etdiklərini bildirirlər. Aİ bu mənasız mövqeyini davam etdirir və bunu siyasi sənədlərində, bəyanatlarında və deklarasiyalarında əks etdirir. Aİ həmçinin Ukraynanın NATO üzvü olacağını daim bildirir”, – deyə Lavrov söyləyib.
O, Avropa ölkələrinin zaman-zaman Moskva ilə Ukrayna məsələsi üzrə gizli kommunikasiya kanalları yaratmağa çalışdığını bildirib.
Lavrov Rusiyanın Avropa ölkələrinə hücum etmək niyyətində olmadığını vurğulayaraq deyib:
“Avropalılar bizə hücum etsələr, bu müharibə fərqli olacaq və çox qısa sürəcək”.
Rusiya xarici işlər naziri Avropa ölkələrinin Rusiya gəmilərini saxlaması məsələsinə də toxunub. Onun sözlərinə görə, son dövrlərdə naviqasiya azadlığına müdaxilələrin artması narahatlıq doğurur. Lavrov bildirib ki, Avropa ölkələri ilin əvvəlindən etibarən “uydurma səbəblərlə” 12 gəmini saxlayıb.
“ABŞ Ukrayna, İran və Fələstin məsələlərinin həllində hələ uğur qazana bilməyib”
Lavrov ABŞ-İran arasında iyun ayında imzalanmış anlaşma memorandumunun pozulduğunu, ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı planının isə həyata keçirilmədiyini bildirib.
O qeyd edib ki, ABŞ Ukrayna, İran və Fələstin məsələlərinin həllində hələlik uğur qazana bilməyib.
Lavrov İran məsələsinin region ölkələrinin təşəbbüsləri əsasında həll edilməsinin vacibliyini vurğulayıb.