İnsanların belə hava şəraitində əməyə cəlb olunması onun sağlamlığının bilərəkdən təhlükə altına atılması deməkdir
Şahvələd Məmmədov: “Günvurmanın ən təhlükəli halı yüksək qızdırmanın olmasıdır”
Son günlər ölkəmizdə müşahidə edilən isti hava şəraiti günvurmalara səbəb olub. Təcili tibbi yardıma müraciət edənlərin sayı günü-gündən artır. Buna baxmayaraq açıq havada, günün altında işləmək məcburiyyətində qalan xeyli insan var. Onlar günün ən qızmar çağlarında belə yol çəkir, körpü tikir, daş qaldırırlar.
İsti yay günlərində temperatur müəyyən həddi keçdiyi təqdirdə qanunla işlər dayandırılmalıdır. Bu məsələlər Əmək Məcəlləsinin 233-cü maddəsində həllini tapsa da çörəyini "daşdan” çıxaran fəhlələr işləməyə məcbur olduqlarını, bəzən isə işəgötürən şəxslər tərəfindən məcbur edildiklərini deyirlər. 233-cü maddədə nəzərdə tutulub ki, işçilər havanın temperaturu 41 dərəcədən çox olan isti və açıq şəraitli iş yerlərində işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır. Bəs qaydalara əməl etməyən hüquqi və ya fiziki şəxslər qanunvericilik qarşısında hansısa məsuliyyətə cəlb oluna bilərmi?
Hüquqşünas Əliməmməd Nuriyevin sözlərinə görə, isti hava şəraitində əmək qanunvericiliyi ilə bağlı qanunları pozan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi tərəfindən cəzalandırılmalıdır:
"Havanın temperaturu 41-dərəcədən çoxdursa, həmin vaxt iş dayandırılmalıdır. Söhbət işin baş verdiyi ərazidən gedir. Ola bilsin ki, çöldə 41 dərəcə istidir, amma insanlar kölgə şəraitində işləyirlər, bu tamamilə başqa bir məsələdir. Temperaturun 41 dərəcədən çox olması zamanı insanların əməyə cəlb olunması qanunla işçinin hüququnun pozulması, onun sağlamlığının bilərəkdən təhlükə altına atılması deməkdir. Bütün bu məsələlər açıq və aydın şəkildə Əmək qanunvericiliyində də öz əksini tapıb. Artıq Əmək Müfəttişliyi tərəfindən sahibkarlara isti hava şəraitində işin dayandırılması ilə bağlı müəyyən xəbərdarlıq da edilib”.
Günvurma zamanı ilkin tibbi yardım haqqında "Şərq”ə danışan Bakı şəhər Təcili yardım stansiyasının səyyar həkimi Şahvələd Məmmədov deyib ki, ilk olaraq zərərçəkən şəxs sərin bir yerə aparılmalı və daha sonra bədəni yaş dəsmalla silinməlidir:
"Qızmar yay günləri özü ilə müxtəlif fəsadlar gətirir. Ən çox uşaqlarda mədə- bağırsaq pozuntuları olur. Bu hal yayda çox tez büruzə verir, qusma, qarın işləməsi kimi hallar yaranır. Günəş şüaları həmçinin böyüklərə də mənfi təsirlərini göstərir.
Bu gün ən böyük təhlükələrdən biri ərzaq məhsullarının günəş şüaları altında qalmasıdır. Marketlərə gələn ərzaqlar elə boşalmalıdır ki, bir dəqiqə də günəş şüasının təsiri altına düşməsin. Həmin ərzaqların qəbulu da insan orqanizmi üçün çox təhlükəlidir.
Çox təəssüf ki, günvurma zamanı bizim həkimlərimiz xəstələrlə bağlı dəqiq məlumatlar toplamadan müxtəlif diaqnoz qoyurlar. "Xəstə dənizdə və günəş altında olubmu?” Bunu aydınlaşdırmadan kəskin respirator xəstəliyi adını verirlər. Ancaq elə deyil, həmin xəstənin boğazına, burnuna baxsan heç nə yoxdu, sadəcə qızdırması var. Günvurmanın fəsadları çox ola bilər. Bəzi insanlar saatlarla dəniz kənarında günəş şüası altında olub qaralmaq istəyirlər. Lakin bu çox təhlükəlidir. Bu hal hətta dəri xərçənginin əmələ gəlməsinə səbəb olur. Səhər saat 11-ə qədər və axşam saat 6-dan sonra dənizdə olmaq məsləhətdir. Günəşin təsiri altında qalmaq immunitetin aşağı düşməsinə, nevroloji halların əmələ gəlməsinə, uşaqlarda psixikanın pozulmasına səbəb olur. Günvurmanın ən təhlükəli halı yüksək qızdırmanın olmasıdır. İlk olaraq qızdırmanı aşağı salan dərman preparatları verilməlidir. Bu zaman zərərçəkən şəxsin çoxlu miqdarda maye qəbul etməsi məsləhətdir. Günvurma 1 gündən bəzən 4 günə qədər davam edə bilər. Belə hallarda isə ürəkbulanma, qusma, iştahasızlıq baş verir”.
Yeganə Bayramova