50 ildir Türkiyəni Avropa İttifaqının qapısında gözlədirlər

Ziqmar Qabrielin səsləndirdiyi yeni model əslində Aİ-nin bəhanəsidir



Brüssel Ukrayna və Türkiyə ilə qarşılıqlı münasibətlərini yeni model üzrə qura bilər. Bu fikri Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel səsləndirib. Nazir bildirib ki, əgər Brexitdən sonra Böyük Britaniya ilə qarşılıqlı əlaqələr forması tapılarsa, bu üsul digər ölkələr, xüsusən Ukrayna və Türkiyə üçün də tətbiq edilə bilər. Qabrielin sözlərinə görə, yaxın illərdə bu iki ölkə Avropa İttifaqına üzv ola bilər: "Həmin ölkələrlə daha sıx əməkdaşlıq üçün alternativ formalar haqqında düşünməliyik”.

Alman siyasətçi onu da vurğulayıb ki, Ankara ilə gömrük birliyi çərçivəsində yeni, daha möhkəm qarşılıqlı fəaliyyət haqqında fikirləşmək olar. Nazir hesab edir ki, Türkiyənin prinsip etibarı ilə Avropa ilə münasibətlərin yaxşılaşması istiqamətində siyasi iradəsi var.


Əməkdaşlığın yeni formaları ilə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri bildirib ki, Brexit hadisəsindən sonra Avropa İttifaqı ilə Böyük Britaniya əməkdaşlığının yeni forması tapılmayıb. Ekspertin sözlərinə görə, hələlik İngiltərə ilə Avropa İttifaqı arasında həlli vacib olan mühüm iqtisadi, ticari problemlər mövcuddur. Ancaq perspektivdə tərəflər arasında razılaşmanın olacağı istisna edilmir:

 "Aİ-nin nəzərdə tutduğu yeni formatı Türkiyə və Ukraynaya tətbiq etmək istəməsini normal qarşılamaq lazımdır. Ancaq iki ölkənin xüsusi olaraq vurğulanması göstərir ki, Avropa İttifaqı məhz Ukrayna və Türkiyənin quruma daxil olmasını problem kimi görür. Ukraynanı indiki məqamda Aİ-yə daxil etmək müşkül məsələdir. Ukrayna hazırda korrupsioner sistemlə idarə olunur və aparılan islahatlar müsbət nəticə vermir. 

Bu vəziyyətdə olan bir ölkənin yaxın günlərdə quruma üzv olacağı gözlənilmir. Ortada bir də Rusiya faktoru var. Rusiya Ukraynanı yeni savaşın başlanması ilə təhdid edir”. Politoloq bildirib ki, Türkiyədəki standartlar Ukraynadan fərqlidir, Türkiyənin Rusiya kimi bir problemi yoxdur. 

Lakin Türkiyənin müsəlman ölkəsi olması qurum tərəfindən ən böyük "problem” kimi görülür: "Avropa İttifaqı türklər kimi dinamik bir toplumu Birliyə daxil etmək istəmir və xristian birliyi olduğunu hər fürsətdə büruzə verir. Böyük Britaniyadan sonra yeni modelin Türkiyə və Ukraynaya tətbiq ediləcəyi də əslində Aİ-nin bəhanəsidir. Bütün şərtlərin yerinə yetirilməsinə baxmayaraq, 50 ildir Türkiyə Avropa İttifaqının qapısında gözlədilir. Bu da onu göstərir ki, Türkiyəni konkret Aİ-yə qəbul etmək istəmirlər”.

İsmayıl