Onlara avtobusu idarə etmək qadağası qoyulur, bu etiraza səbəb olacaq
Gündəlik həyatda insanların böyük hissəsi ictimai nəqliyyatdan istifadə edir. Amma sərnişinlərin böyük hissəsi avtobus sürücülərindən razı deyil. Belə ki, avtobus sürücülərinin tez-tez qaydaları pozması, sükan arxasında siqaret çəkməsi, mobil telefonla danışması, sərnişinlərlə davranışda etik qaydalara riayət etməməsi, avtobusu sürətlə idarə edərək sərnişinlərin həyatı üçün təhlükə yaratması adi hala çevrilib.
Məsələnin aktuallığı nəzərə alınaraq avtobus sürücülərinə yaş senzinin tətbiqi yenidən gündəmə gəlib. Milli Məclisin payız sessiyasının ilk iclasında "Yol hərəkəti haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan layihə müzakirə edilib. Qanunla sərnişin daşınmasını həyata keçirən avtomobillərin (avtobuslar) sürücüləri üçün yaş və təcrübə ilə bağlı daha sərt yeni tələblər müəyyən edilib.
Belə ki, "D” kateqoriyasında olan nəqliyyat vasitələrini idarə etmək üçün yaş həddi 21-dən 23-ə, "DE” kateqoriyasında isə yaş tələbi 24-dən 26-ya qaldırılır. Həmçinin, bu kateqoriyalarda olan nəqliyyat vasitələrini idarə etmək üçün maksimum yaş həddi 65 müəyyənləşdirilir.
Eyni zamanda, "D” kateqoriyası üzrə ümumilikdə azı 5 il sürücülük təcrübəsi, "DE” kateqoriyası üzrə isə təkcə "D” kateqoriyasında azı 3 il sürücülük təcrübəsi tələbi müəyyən edilir. Dəyişikliklər Milli Məclisdə səsə qoyularaq qəbul edilib. Bəs görəsən, ekspertlərin bu yeniliklərə münasibəti necədir?
"Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynovun sözlərinə görə, hazırda yaşı 65-i ötmüş və "D” və "DE” kateqoriyalı sürücülük hüququ olan şəxslər var ki, dəyişikliklərdən sonra ən maraqlısı bu kateqoriyalar üzrə sürücülük hüququnun taleyi ilə bağlı olacaq: "Konstitusiyaya (149-cu maddə) "Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırmayan (yəni pisləşdirən) normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Deməli, hazırda yaşı 65-i ötmüş şəxslər malik olduqları "D” və "DE” kateqoriyası üzrə sürücülük hüquqlarını sürücülük vəsiqəsinin müddəti bitənədək saxlamalıdırlar. Amma həmin vəsiqənin müddəti bitdikdən sonra onların bu kateqoriyalar üzrə sürücülük hüququ uzadılmayacaq (yəni dəyişdirilən vəsiqədə "D” və "DE” kateqoriyaları göstərilməyəcək).
"D” və "DE” kateqoriyalarına malik olan və yaşı 65-ə çatmamış şəxslər isə bu yaşa çatdıqdan sonra onlara verilən yeni vəsiqədə "D” və "DE” kateqoriyası göstərilməyəcək. Şəxs vəsiqəsini 65 yaşından qabaq dəyişdikdə və yeni vəsiqənin müddəti 65 yaşı keçəndən sonra bitməli olduqda isə yəqin ki, onun "D” və "DE” kateqoriyası üzrə sürücülük hüququnun 65 yaşadək etibarlı olduğu göstəriləcək”.
Bu qərarın bəzi şəxslər tərəfindən etirazla qarşılanacağını vurğulayan ekspertin sözlərinə görə, 65 yaşı olan elə insanlar var ki, heç bir xəstəliyi və zəifliyi olmadığını iddia edir və marşrut avtobusunu idarə etmək istəyir. Qərar bu cür şəxslərin etirazı ilə qarşılana bilər. Ən mübahisəli problem isə əcnəbilərlə yaşana bilər: "Məsələn, 65-dən yuxarı yaşı olan və "D” və "DE” kateqoriyası olan əcnəbi avtobus sürərək Azərbaycana gəlir. Belə çıxır ki, həmin şəxs avtobusu idarə etməklə Azərbaycana buraxılmayacaq. Ölkə ərazisində avtobusu idarə edərkən saxlandıqda isə o, sürücülük hüququ olmayan şəxs kimi məsuliyyətə cəlb olunacaq”.
Şəymən