Yaxın günlərdə Vaşinqtonla Moskva arasında gərginlik daha da artacaq
Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan ABŞ dövlət katibi Reks Tillersonu qəbul edib. Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, danışıqlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edib. Görüşün detalları tam açıqlanmasa da, tərəflərin Suriya böhranı ilə bağlı ətraflı müzakirələr apardığı bildirilib. Reks Tillerson Əsədin hakimiyyətdə olmasının ABŞ maraqlarına zidd olduğunu söyləyib:
"Əsəd hakimiyyəti sona çatmalıdır. Bu mövzuda digər ölkələr də bizə dəstəkdir. Əsəd öz xalqının məhvinə davam edir”. Sergey Lavrov isə deyib ki, Rusiya Suriyada nə Bəşər Əsədə, nə də başqa birinə üstünlük verir. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qətnaməsində göstərildiyi kimi, bütün suriyalılar eyni masa arxasında oturmalı və danışmalıdırlar: "Bu, suriyalılararası inklüziv dialoq olmalıdır”. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Suriyadakı vətəndaş müharibəsinin dayandırılmasının, terrorun məhv edilməsinin və qaçqınların evlərinə dönməsinin zamanı gəldiyini bildirib: "Suriyadakı fəlakəti həll etmək lazımdır. Artıq vətəndaş müharibəsini bitirmək və qaçqınların evlərinə qayıtmalarını təmin etmək vaxtı gəlib”.
İki super güc arasındakı danışıqları "Şərq”ə şərh edən siyasi ekspert Azər Rəşidoğlu deyib ki, Suriya böhranının həlli dünyanın yeni düzəninə birbaşa təsir edəcək:
"Suriya istər ABŞ, istərsə də Rusiya üçün çox əhəmiyyətli bir ölkədir. Bu baxımdan Suriya uğrunda ciddi mübarizənin davam edəcəyini ehtimal etmək mümkündür. ABŞ və Rusiya arasında müşahidə edilən gərginlik getdikcə daha da dərinləşə bilər. Görünən budur ki, region dövlətlərinin Suriya münaqişəsinə cəlb edilməsi qaçılmaz olacaq. Bu məsələdə Türkiyə və İranın proseslərə daha aktiv cəlb edilməsi də istisna edilmir. Əgər bu, reallaşarsa, regionda ciddi fəsadlar yaşanar və savaş yalnız Suriya uğrunda deyil, bütövlükdə bölgə uğrunda gedər. Hər şey prosesin gedişindən asılı olacaq”.
Politoloq bildirib ki, Ərdoğan ABŞ-dan dəstək alacağı təqdirdə, Əsədə və İrana qarşı çıxışlar edəcək. Əks təqdirdə, Ankara Moskva və Tehranla yaxınlaşacaq:
"Suriyanın ərazi bütövlüyünün qorunması üçün isə Əsədsiz Suriya modeli üzərində düşünmək lazım gəlir. Əsədin nə zaman və hansı şəraitdə gedəcəyi də prosesin həllinə təsir göstərəcək. Siyasi həllə Bəşər Əsədin istefası və başqa ölkəyə göndərilməsi də daxildir. Ankaranın tələbi ilk növbədə terror təşkilatlarının Türkiyəni hədəf almasının qarşısını almaqdır. İkincisi isə Türkiyənin daxilini və sərhədlərini təmizləməkdir. Ankara hökuməti daha sonra təhlükəsizlik zonasında türkmənlərin mövcudluğunu zəmanət alaraq, köç dalğasının qarşısını almaq istəyir. Bir sözlə, yaxın müddət ərzində Suriyada sülhə nail olmaq imkansız görünür. Bölgənin digər oyunçularından olan Türkiyə Bəşər Əsədin hakimiyyətdən getməsini tələb edir. ABŞ "Əsədsiz Suriya” modeli üzərində işləyir və PKK üçün xəyali "Kürdüstan” ideyasını reallaşdırmaq niyyətini gizlətmir”.
İsmayıl