ABŞ-ın əlində imkan olsa, Paşinyanı devirər

Rusiya isə hələlik baş nazirə möhlət verib



Ermənistan parlamentinin Reqlament qanununda dəyişikliyi həyata keçirməsindən sonra ölkədə yenidən hakimiyyət böhranı yaşanır. Bu dəyişikliklə parlamentin buraxılma mexanizmi daha da çətinləşdirilir. Bu da, əlbəttə, baş nazır Nikol Paşinyanın siyasi maraqlarına cavab vermir. Parlament Paşinyan baş nazir olduqdan sonra ilk dəfədir ki, bu qədər açıq şəkildə ona qarşı mövqeyini bildirir. Bu gün Ermənistanda icra və qanunvericilik hakimiyyəti arasında olduqca ciddi problem yaşanır. Paşinyan hakimiyyətə gəldiyi gündən parlament ilə aralarındakı problemin mahiyyətini anlayır və bir gün bu problemin kəskin şəkildə ortaya çıxacağını bilirdi. 

O, parlamentə siyasi gücünü və imkanlarını göstərmək üçün İrəvan meri seçkilərini siyasi şouya çevirdi və səslərin 81 faizini alaraq siyasi dayaqlarının nə olduğunu göstərdi. Parlamentin reqlament qanununa dəyişiklik etməsi hadisələri tətikləyən səbəb oldu. Paşinyan dərhal reaksiya verdi və parlamentdə hələ də çoxluqda olan keçmiş iqtidar partiyası - Respublikaçılar Partiyası nümayəndələri də daxil olmaqla, fraksiya liderləri ilə görüşdü. 

Son günlərə qədər növbədənkənar parlament seçkilərinin nə zaman keçiriləcəyi qeyri-müəyyən olsa da, Paşinyan seçkilərin dekabr ayına qədər keçiriləcəyini bildirdi. Parlament buna etiraz edir və bu qədər qısa zamanda növbədənkənar parlament seçkilərinin keçirilməsini mümkünsüz sayır. Baş nazir isə vaxt itirmək istəmir. Vaxtın uzanması parlamentin manevr qabiliyyətini artıracağı kimi, Paşinyanın xalq arasında nüfuzunun azalması ilə nəticələnə bilər. Hazırda ölkədə iki siyasi qruplaşma qarşı-qarşıyadır. Parlament hələlik dirəniş göstərə bilir, amma ciddi xalq təzyiqi ilə üz-üzədir. Paşinyan hökumətdə təmsil olunan çiçəklənən Ermənistan və Daşnaksütyun partiyalarının nümayəndələrini vəzifədən qovub. Ölkədə faktiki olaraq hökumət mexanizmi iflic olub. Ekspertlərin fikrincə, parlament və hökumət arasında yaxın günlərdə razılaşma olmazsa, Ermənistanda daha ciddi hadisələr yaşana bilər.

Düşmən ölkədəki prosesləri "Şərq”ə dəyərləndirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib ki, Paşinyan düşmən ölkədə hakimiyyətə ona görə gəldi ki, Ermənistanda siyasi böhran yaşanırdı, korrupsiya geniş vüsət almışdı. Guya bunları düzəltmək üçün hakimiyyəti ələ keçirən Paşinyan vədlərini reallaşdıra bilmədi: 

"Hazırda Ermənistanda baş verənlər növbəti siyasi böhranı yaxınlaşdırır. Proseslər belə davam etdiyi müddətcə ölkədə siyasi gərginlik artacaq. Proses o zaman dayana bilər ki, Ermənistan normal dövlət olsun və bütün qonşuları ilə münasibət qursun. İran və Gürcüstanla olan əlaqələrdə də ciddi problemlər yaranmaqdadır. İrandan Ermənistana yük daşınmalarında çətinliklər meydana çıxır. Ümumiyyətlə, nə qədər ki, Ermənistanın Türkiyə və Azərbaycanla normal qonşuluq münasibətləri yoxdur, Ermənistanda siyasi böhran və yoxsulluq bitməyəcək”.

M.Əhmədoğlunun sözlərinə görə, Paşinyanın Qərbdən aldığı dəstək düşünüldüyü kimi çox deyil: 

"Ermənistandakı siyasi böhranın özü baş naziri hakimiyyətdən atır. Hazırda baş nazirin üz tutduğu ən yaxın məkan Rusiyadır. Paşinyanın Qərblə əlaqələri zəifdir. ABŞ və Avropa ölkələri Paşinyana nifrət edirlər. Amerika üçün ən vacib məqam Ermənistandakı bioloji laboratoriya idi. Amma erməni baş nazir hakimiyyətə gələn kimi laboratoriyanın qapısını ruslara açdı. Daha sonra isə laboratoriyanı Ermənistanın balansına keçirdi. 

ABŞ-ın əlində imkan olsa, Paşinyanı devirər. Rusiya isə hələlik Paşinyana möhlət verib və deyib ki, bacarırsansa, seçkidə qalib gəl. Mən deyərdim ki, Moskvaya Paşinyan qədər sərf edən ikinci şəxs olmayıb. Əgər Paşinyan seçkidə qalıb olarsa, Rusiya Ermənistanı öz tərkibinə qata bilər. Ona görə də Paşinyan Kremlin sözündən çıxmır. Ancaq reallıq odur ki, Paşinyanın növbədənkənar seçkidən sonra da vəziyyəti düzəlməyəcək. Çünki onun siyasi rəqibləri aktiv şəkildə prosesə qatılıblar. Hətta onlar Paşinyana qarşı silahlı müxalifət belə təşkil edə bilərlər”.

İsmayıl