"ABŞ Kürdüstanın yaradılması üçün əlindən gələni edir" - Politoloq

Zərdüşt Əlizadə:"Amerika Türkiyənin Afrin əməliyyatından narazıdırsa, “su içsin”. ABŞ etiraz etsə də, heç bir addım ata bilməyəcək. Türkiyənin özünü müdafiə etməyə kifayət qədər gücü var"




"ABŞ Yaxın Şərqdə Ermənistan və İsraillə yanaşı, özlərindən asılı daha bir dövlət yaratmaq istəyir”.

Bunu "Sherg.az”a ABŞ Türkiyə gərginliyindən danışarkən politoloq Zərdüşt Əlizadə deyib. Onun sözlərinə görə, Kürdüstanın yaranması, mövcudluğu hər cəhətdən Qərbin maraqlarına uyğundur:

"Necə ki, Kosova dövləti yaradıldı, Qərbdən asılı şəkildə saxlandı, Kürdüstan bu şəkildə ABŞ-ın maraqlarına xidmət edə bilər. ABŞ Kürdüstanın yaradılması üçün əlindən gələni edir. Kürdüstanın yaradılması Türkiyənin dövlət maraqlarına ziddir, ərazi bütövlüyünə təhlükədir. 

Müttəfiq olmalarına baxmayaraq, Türkiyə kifayət qədər qətiyyətlə öz mənafeyini müdafiə edir. Həmçinin Afrində qabaqlayıcı əməliyyatı da uğurla həyata keçirir ki, kürdlərə muxtariyyət verilməsin.

Amerika Türkiyənin Afrin əməliyyatından narazıdırsa, "su içsin”. ABŞ etiraz etsə də, heç bir addım ata bilməyəcək. Türkiyənin özünü müdafiə etməyə kifayət qədər gücü var. Amerika görüşlərdə kürdlərə yardım etməyəcəyini deyir. Amma nəzərə almaq lazımdır ki, ABŞ həmişə öz maraqlarından çıxış edir”.

Qeyd edək ki, Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı keçirib. Tillerson konfransda çıxışında bildirib ki, ABŞ-ın YPG bölmələrinə göstərdiyi dəstək məhduddur. Xatırladaq ki, fevralın 15-i Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-ın Dövlət katibi Reks Tillerson Ankarada görüşüblər. Görüş 3 saat 15 dəqiqə davam edib. Tərəflər, Afrində keçirilən "Zeytun budağı" əməliyyatını, eləcə də Suriya və İraqdakı vəziyyəti müzakirə ediblər.

Aysel Aslan