"ABŞ Qarabağ münaqişəsinin tez bir zamanda həll olunmasını istəyir" - Politoloq





Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev hesab edir ki, Dağlıq Qarabağ və ətraf 7 rayon heç bir ilkin şərt olmadan Azərbaycana qaytarılmalıdır. O həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların çatdırılması üçün Azərbaycan diasporunun media sahəsində intensiv fəaliyyətini artırması vacibdir.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Robert Köçaryan da bir neçə gün öncə verdiyi müsahibəsində deyib ki, bütün görüşlərdə vasitəçilər ondan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməyi tələb edirdilər. Minsk Qrupunun bütün həmsədrlərinin bu mövqedə olduğunu qeyd edən Köçaryan konkret ərazilərin danışıqlar predmeti olduğunu və qaytarılmasının reallıq olduğunu deyib.
Erməni cəmiyyətində hansısa ərazini güzəştə getmək olmaz fikrinin formalaşdığını əlavə edən sabiq prezident deyib ki, rəsmi İrəvan öz mövqeyini dəqiqləşdirməlidir.
Bəs, Ermənistanın Dağlıq Qarabağ və ətraf 7 rayonu heç bir ilkin şərt olmadan Azərbaycana qaytarması nə dərəcədə realdır? Beynəlxalq qurumların və vasitəçi dövlətlərin təzyiqi və tətbiq edəcəyi sanksiyalar fonunda buna nail olmaq mümkündürmü?
Rusiyanın Azərbaycanı Avrasiya İttifaqının bir hissəsinə çevirmək istədiyini deyən politoloq Azər Rəşidoğlu hesab edir ki, ABŞ-ın bu cür münaqişələrdə təşəbbüsü Rusiyaya verməsi real deyil. Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunun Rusiyanın apardığı siyasətin nəticəsi olduğunu qeyd edən A.Rəşidoğlunun qənaətincə, ABŞ bu münaqişənin tez bir zamanda həll olunmasını istəyir: "Təəssüf ki, Rusiya amili Azərbaycan və Ermənistan arasındakı bu münaqişənin tənzimlənməyinə imkan vermir. ABŞ bu münaqişənin tez bir zamanda həll olunmasını istəyir. Amma bu məsələnin həll olunmasının hansı yolla reallaşacağı onu maraqlandırmır. Rusiya isə  tərəflərə təzyiqlərini artırmaq üçün münaqişənin saxlanılmasında maraqlıdır. Əgər iki güc mərkəzinin maraqları Dağlıq Qarabağ məsələsində üst-üstə düşmürsə, onda ABŞ-ın bu mövzuda təşəbbüsü Rusiyaya dövr etməsi inandırıcı görünmür. Bu münaqişədə Azərbaycan və Ermənistan qladiator rolunu oynayır. Əsl münaqişə Vaşinqton və Moskva arasında gedir. Bu baxımdan onların biri-birinə güzəştə getməsi məsələsi haqqında deyilənləri şişirdilmiş hesab edirəm. Sadəcə olaraq, Rusiya mesaj vermək istəyir ki, ABŞ və Qərb danışıqlar prosesinə nə qədər müdaxilə edib, danışıqlar aparsa da, Dağlıq Qarabağdakı işğalçılara təzyiq Rusiyanın əlindədir. Rusiya Dağlıq Qarabağ danışıqlarını ölü nöqtədən çıxarıb, məhz özünün vasitəçiliyini təmin etmək fikrindədir”.
Politoloqun sözlərinə görə, 7 rayonun qaytarılması və Azərbaycanın Heydər Əliyev dönəmində rədd etdiyi modelin yenidən işə düşməsi onu deməyə əsas verir ki, Rusiyanın məqsədi Dağlıq Qarabağa sülhməramlılar yeritməkdir: "Baş verən bütün proseslər Rusiyanın oyunudur. Əsas məqsəd rus hərbiçilərinin Azərbaycana qaytarılmasıdır. Bu, zaman-zaman təklif olunub və əvvəlki dönəmlərdə qətiyyətlə rədd edilib. Yenidən bu variantlarla bağlı düşünməyimizin özü belə Azərbaycanın ərazi bütövlüyünə və Dağlıq Qarabağın tamamilə itirilməsinə şərait yaradar. Bu isə faktiki olaraq alçaldıcı sülhdür. Azərbaycan ötən 20 ildə buna razılaşmayıbsa, indiki şərtlər daxilində buna razılaşması yolverilməzdir. Güman edirəm ki, heç bir halda rəsmi Bakı buna razılıq verə bilməz”.

Şəymən