ABŞ silahları geri alan deyil

Türkiyəyə boş vədlər verilir, heç birinə əməl olunmur



ABŞ Müdafiə Nazirliyi PYD və PKK terror təşkilatına verdikləri silahları geri alacaqlarını açıqlayıb. Terrorçuların Türkiyənin Kilis şəhərini raket atəşinə tutmasını qınayan Pentaqon "İŞİD-ə qarşı əməliyyat bitəndən sonra YPG-dən silahları geri alacağıq” açıqlamasını yayıb. Xatırladaq ki, Türkiyə Suriya məsələsində ABŞ-la əməkdaşlığın başlıca şərti kimi terrorçulara verilən silahların geri alınmasını irəli sürüb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında bununla bağlı telefon danışığı da olub. Hətta Tramp bir neçə dəfə "silahların terrorçulardan alınacağı” ilə bağlı vədlər də verib. Lakin göründüyü kimi, bugünədək verilən sözlər tutulmayıb.

Prosesləri "Şərq”ə şərh edən siyasi ekspert İlqar Vəlizadə deyib ki, ABŞ əməli addım atmayana kimi verdiyi heç bir vəd önəm kəsb etmir. Onun fikrincə, Türkiyə tərəfinə indiyədək onlarla belə boş vəd verilib: 

"Trampın, Tillersonun və ya başqa siyasi şəxsin sözləri mənasızdır. Demək istəməzdim ki, onlar yalan danışırlar. Amma görünən odur ki, siyasilər real vəziyyətə nəzarət edə bilmirlər. Amerikadakı real vəziyyətə hərbi-texniki kompleksə tabe olan dairələr nəzarət edirlər. Ona görə də heç bir dəyişiklik baş vermir. Nəzərə almaq lazımdır ki, ABŞ-ın Suriyada hərbi bazaları, silah saxlanılan xüsusi məntəqələri var. Həmin obyektlərdə xeyli sayda amerikalı hərbiçilər xidmət göstərirlər. Eyni zamanda Suriyanın bir çox hərbi obyektləri birbaşa ABŞ-ın nəzarətindədir”. Ekspertin sözlərinə görə, Amerikanın həmin silah-sursatı geri almasında heç bir problem yoxdur: "Ən azından silahların bazada toplanmasına və istifadəsinin qadağan edilməsinə göstəriş verə bilər. Texniki baxımdan burada problem yaradan amil yoxdur. Ancaq bunu etmirlər. Əksinə, 30 min terrorçuya təlim keçirlər, onları silah-sursatla təmin edirlər. Terrorçulara nəzarət edənlər də məhz Amerikanın hərbi müşavirləridir. Əgər Vaşinqton öz yardımını və himayəsini geri çəksə, Yaxın Şərqdəki terrorçular, PKK silahlıları Türkiyənin peşəkar ordusu tərəfindən çox qısa zamanda darmadağın edilər”.
İsmayıl