"ABŞ tək İrana deyil, onu dəstəkləyənlərə də sanksiya tətbiq edəcək" - Gərginlik





"Donald Tramp İranla bağlanan nüvə sazişindən çıxmaqla seçkiqabağı kampaniyası zamanı verdiyi vədə əməl etdi”.

Bu sözləri "Sherg.az”a Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan söyləyib. Onun sözlərinə görə, ABŞ və müttəfiqləri, "altılıq ölkələri”ndə təmsil olunan dövlətlər arasında gərginliyin yaranmasına səbəb olub:

"Ehtimal etmək olar ki, ABŞ bu həftə İranla bağlı tətbiq edəcəyi sanksiyaları açıqlayacaq. Bundan sonrakı məsələ vəziyyəti daha da gərginləşdirəcək. Çünki həmin sanksiyalar tək İrana, İranın atom sənayesində fəaliyyət göstərən şirkətlərə, fiziki şəxslərə deyil, həm də rəsmi Tehranı dəstəkləyən, onun atom-nüvə proqramında iştirak edən dövlətlərə tətbiq olunacaq. Bu həm bölgədə, həm də ABŞ-ın siyasi müttəfiqləri arasında gərginliyə gətirib çıxaracaq.

ABŞ və müttəfiqləri arasında İranın taleyi ilə bağlı məsələ müzakirə olunmalıdır. Amerika sadəcə Ağ Evin İran hakimiyyətinə qarşı apardığı mübarizənin yekunlaşmadığını bəyan edib. Donald Tramp İrandakı hakim rejimin dəyişməsində maraqlı görünür”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın 8-də ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan edib.

Aysel Aslan