Əgər Rusiyanın mühafizə qırıcıları Sergey Şoyquya yaxınlaşan NATO qırıcısına atəş açsaydı, tərəflər arasında müharibə qaçılmaz olardı
Baltik dənizi üzərində NATO-ya aid bir təyyarə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun da içərisində olduğu təyyarəyə yaxınlaşmağa çalışıb. Lakin Şoyqunun təyyarəsini müşayiət edən mühafizəçi rus qırıcısı NATO təyyarəsini ərazidən uzaqlaşdırıb.
Hadisədən dərhal sonra ABŞ Müdafiə Nazirliyindən açıqlama gəlib. Pentaqon sözçüsü Jeff Davis deyib ki, ilk olaraq rus qırıcısı hərbi alyansın təyyarəsinə maneçilik törədib: "Rusiya ordusuna aid bir qırıcı təyyarə Baltik dənizi üzərində uçan ABŞ kəşfiyyat təyyarəsinə 1,5 metr məsafədə yaxınlaşıb. Hadisə Kalininqradın təxminən 40 kilometr yaxınlığında baş verib. Rus pilot çox sürətli uçub və idarəetməsi zəif olub. Biz beynəlxalq hava sahəsində uçmuşuq və təhrikedici hərəkətə səbəb olacaq bir şey etməmişik”. Davis hadisə əsnasında "US RC-135” tipli kəşfiyyat təyyarəsinin peyk alıcı-vericisinin açıq olduğunu əlavə edib: "Bu sistem təyyarənin digər təyyarələr tərəfindən fərq edilə bilməsini təmin edir”. Rusiya isə ABŞ təyyarəsinin qırıcılarına qarşı təhrikedici hərəkət etdiyini iddia edib. Rusiyanın Müdafiə Nazirliyi NATO təyyarəsinin təhlükəli hərəkətlər etdiyini açıqlayıb. Açıqlamada hadisədən 10 dəqiqə sonra bölgəyə başqa bir ABŞ casus təyyarəsinin gəldiyi, o təyyarənin də yolunun kəsildiyi deyilib.
ABŞ-Rusiya gərginliyini "Şərq”ə şərh edən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, baş verən hadisə tərəflər arasındakı qarşıdurmanın tərkib hissəsidir. Ekspert vurğulayıb ki, NATO qüvvələri Rusiyanın sərhədlərində, daha doğrusu, Baltikyanı respublikalarda hərbi bazalar yaradır, canlı qüvvələr yerləşdirir və bölgəni silahlandırır. Bu baxımdan tərəflər bir-birinin hərbi gedişlərinə ciddi yanaşırlar və bunu özləri üçün təhlükə hesab edirlər:
"ABŞ rəsmisinin açıqlamasından belə çıxdı ki, guya onlar ruslara məxsus təyyarədə müdafiə nazirinin olmasından xəbərsiz olublar. Sadəcə olaraq uçuşu həyata keçirən rus təyyarəsini araşdırmaq məqsədi ilə ona yaxınlaşıblar. Bu, öz-özlüyündə qarşıdurmaya səbəb olacaq amil hesab olunmasa da, çox ciddi bir məqamdır. Hər iki tərəf diqqətli olmalıdır. Çünki bu cür olaylardan sonra hərbi münaqişə başlaya bilər. Əgər Rusiyanın mühafizə qırıcıları Sergey Şoyquya yaxınlaşan NATO qırıcısına atəş açsaydı, tərəflər arasında müharibə qaçılmaz olardı. Görünür, ABŞ və Rusiya arasında koordinasiya çox zəifdir. Ona görə də belə problemlər meydana çıxır”.
İsmayıl