Aydınxan Əbilov:"Cənnətə düşmək və Allahın yanında savab qazanmaq üçün pul xərcləyirlər, amma ac olana kömək etmirlər""Aidiyyəti qurumlar əhalinin yoxsul təbəqəsi üçün səhər və şam yeməyi təşkil etməlidir"
"Bir insan çörək, qida oğurlayırsa, buna böyük ehtiyacı var”.
Bunu "Sherg.az”a Bakı şəhər sakini Əliyev Vüqar Elman oğlunun "Spar” supermarketindən 63 AZN dəyəri olan Yeni Zellandiya yağını oğurlamasına münasibət bildirərkən kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, belə hadisədə cinayət məcəlləsinə uyğun addım atmaq, şəxsi həbs etmək mənəviyyatsızlıqdır:
"Amma hər dəfə belə hadisələrlə rastlaşanda məcburən oğurluğa əl atan, sosial müdafiəyə ehtiyacı olan şəxslərin tərəfində dururuq. Burada mağaza sahiblərini, malı oğurlanmış şəxsləri də nəzərə almalıyıq. Bu sahibkarlar məsələn, 20 manatdan mal satırsa, təxmini 10 faiz gəlir qazanır. Bir kiloqram yağ oğurlandıqda, mağaza sahibi onun zərərini ödəməlidir. Nəzərə alsaq ki, bir-neçə belə oğurluq baş verir, onda bu market sahibinə daha artıq ziyan edə bilər. Ona görə, əvvəl araşdırmalıyıq ki, həmin ehtiyacı olan şəxslər niyə buna məcbur olub. Bütün hallarda oğurluğun mənfi hal olduğunu insanlar bilməlidir.

Dövlət orqanları müxtəlif layihələr həyata keçirir. Bunu bir qədər də genişləndirmək lazımdır. Əgər kimsə oğurluq edib, ailəsində yeməyə çörəyi olmadığını əsas gətirirsə, aidiyyəti qurumlar əhalinin yoxsul təbəqəsi üçün səhər və şam yeməyi təşkil etməlidir. Qış vaxtı, qar yağanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən qidalar, isti yeməklərlə insanlara köməklik göstərir. Əhalinin müəyyən qrupları üçünsə tək dövlət qurumları yox imkanlı şəxslər də yardım həyata keçirməlidir.
İnsanlar cənnətə düşmək, Allahın yanında savab qazanmaq üçün pullar xərcləyib, müqəddəs ziyarətə, hüzrlərə gedir, dini bayramlarda ehsan verirlər. Amma gündəlik həyatda ətrafda, qohum-qonşuluqda ac olana kömək etmək istəmirlər. Yəqin ki, cəmiyyət get-gedə çoxalan bu məsələni ictimai müzakirəyə çıxarıb, həlinə çalışacaq”.
Qeyd edək ki, Bakı şəhər sakini Əliyev Vüqar Elman oğlu "Spar” supermarketindən 63 AZN dəyəri olan Yeni Zellandiya yağını oğurlayarkən tutulub. Hazırda hadisə ilə bağlı araşdırma aparılır”.
Aysel Aslan