Natiq Cəfərli: "Azərbaycanda rəsmi statistika açılan statistika ilə paralel olaraq bağlanan iş yerləri, real işsizlik haqqında rəqəmlərin açıqlanması çox vacibdir "
"Ola bilsin ki, müəyyən xırda layihələrlə bağlı yeni iş yerləri yaranıb”.
Bunu Sherg.az-a 2017-ci ilin yanvar-may aylarında 31,3 min adamın işlə təmin edilməsi ilə bağlı məlumatı şərh edərkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, çox yerlərdə nümunə olaraq yol təmirinə, xırda obyektlərin tikintisinə vəsait ayrılıb. Həmin vəsaitin istifadə olunması üçün yeni iş yerlərinin yaradılması mümkündür:
"Amma bu aylar ərzində nə qədər insan işini itirib, nə qədər insan daimi işlə təmin olunub, bunun heç vaxt doğru düzgün statistikası açıqlanmır. Açıqlanan yeganə statistik rəqəmlərlə də vəziyyətin nə yerdə olduğunu anlamaq olar. Belə ki, Azərbaycanda muzdla çalışan əhalinin sayı təxminən 1,7 milyon nəfərə yaxındır ki, bunun da 900 min nəfəri dövlət büdcəsindən maaş alan işçilərdir. Ümumilikdə isə Azərbaycanda əmək qabiliyyəti olan insanların sayı 5 milyona yaxındır. Bu təzadın olması əslində reallıqda nə qədər insanın işsiz olduğunu real şəkildə göstərə bilir. Ona görə də Azərbaycanda rəsmi statistika açılan statistika ilə paralel olaraq bağlanan iş yerləri, real işsizlik haqqında rəqəmlərin açıqlanması çox vacibdir. Çünki statistika siyasiləşməməlidir”.
N.Cəfərlinin sözlərinə görə, statistik rəqəmlərin əhəmiyyəti odur ki, nə qədər dəqiq məlumatlar verilsə, problemə o qədər tez və effektiv mexanizmlərini işləmək mümkün olar:
"İlkin rəqəmlər və ya əldə olunan rəqəmlər doğru deyilsə, reallığı əks etdirmirsə, o zaman problemin həlli üçün iş görülməsi də çətinləşir. Bu nöqteyi-nəzərdən təbii ki, iş yerləri ilə bağlı eyni problem hökm sürür. Açılan iş yerləri göstərilir, amma bağlanan müəssisələrlə bağlı məlumatlar verilmir. Bir də muzdla çalışan insanların sayı ilə əmək qabiliyyətli insanların say arasındakı fərqin ciddi izahı yoxdur. Heç bir qurum bunun səbəbləri haqqında normal açıqlama verməyib”.
Qeyd edək ki, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə həmin dövrdə 58 mindən çox adam isə peşəkar hazırlıq və tədris kurslarına göndərilib.
Aysel Aslan