"Ağ Ev nəticəsi olan görüş istəyir"

Azər Rəşidoğlu: "Nazirlərin ABŞ görüşündən əvvəl Vaşinqtonun İrəvana təzyiqləri başlayıb"
ABŞ tərəfi Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşünü Vaşinqtonda keçirməyi təklif edib. Amerikanın Azərbaycandakı səfiri Örl Litzenberqer bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün danışıqların davam etdirilməsidir: "Mən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək növbəti görüşünü səbirsizliklə gözləyirəm”. Gözlənilən Vaşinqton görüşü işğalçı ölkə tərəfindən də təsdiq edilib.
 Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla növbəti görüşünün məhz Vaşinqtonda baş tutacağını bildirib. Nazir vurğulayıb ki, Minsk Qrupunda üç həmsədr ölkə təmsil olunur. Artıq Parisdə və Moskvada görüşlər olub, lakin üçüncü həmsədr də var: "Biz Vaşinqtonda keçiriləcək görüşə hazırıq. 
Növbəti mərhələ mütləq olmalıdır”. Nazirin sözlərinə görə, amerikalı həmkarları öz dəvətlərini təsdiqləyən kimi bu barədə daha konkret danışmaq olar: 
"Amerikalı həmkarlarımız adından danışmaq istəmirəm, onlar da görüşə hazırlaşmalıdır”. Hazırda maraq doğuran məsələ nazirlərin Vaşinqton görüşünün hansısa nəticələrə gətirib çıxaracağı ilə bağlıdır. Eyni zamanda, burada ABŞ-ın tutacağı mövqe, məsələnin həlli istiqamətində fəallığı da xüsusi maraq doğurur. Lakin məsələ ondadır ki, Rusiya mediasında bir sıra ekspertlər gözlənilən Vaşinqton görüşü ilə bağlı nikbin proqnozlar vermirlər. Rusiyalı politoloqların fikrincə, görüş təşkil edən Ağ Evin məqsədi münaqişədə nəticə əldə etmək deyil, daha çox İranla bağlı məsələləri gündəmə gətirməkdir.
Məsələni "Şərq”ə şərh edən politoloq Azər Rəşidoğlu deyib ki, rəsmi Bakı işğalçı qoşunların Azərbaycan ərazilərindən tez bir zamanda, qeyd-şərtsiz çıxarılmasını tələb edir. Əgər bu şərtlərə əməl edilməsə, Qarabağ savaşının başlanması qaçılmaz olacaq: 
"Rəsmi Bakı bildirir ki, müzakirələrin predmetinin nə olmasından asılı olmayaraq, nəticə əldə olunmursa, danışıqları davam etdirməyin də mənası qalmır. İndi gözləntilər budur ki, qeyd olunan məqam Vaşinqton görüşündə mütləq şəkildə nəzərə alınacaq. Əks təqdirdə, regionda ABŞ-ın da marağında olmadığı savaşın başlanması qaçılmazdır. Yalnız Amerika və digər vasitəçilərin real addımları, Ermənistana təzyiqləri bu müharibəni əngəlləyə bilər. 
Düzdür, fikirlər səslənir ki, Minsk Qrupunun tərəflərə təsir imkanları və sülhə məcburetmə mexanizmləri mövcud deyil. Amma həmsədr ölkələr öz aralarında razılığa gələrsə, münaqişənin həllinə nail olmaq, hətta bunun üçün Ermənistana lazımi təzyiqlər göstərmək də mümkündür. Bunu yaxşı bilən həmsədrlər anlayırlar ki, danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu uzun müddət qoruyub saxlamaq mümkün deyil. Ermənistanın da konstruktiv mövqe nümayiş etdirməkdən başqa çıxış yolu qalmayıb. Digər tərəfdən, münaqişənin mümkün eskalasiyası Rusiya üçün də, Qərb üçün də risk deməkdir. Bu, regional enerji layihələri üçün təhlükədir. Yeni savaş başlayarsa, proseslərə İran və Türkiyənin də müdaxilə edə biləcəyi ehtimalı yaranır. Bu isə artıq regional savaş anlamına gəlir”.
Ekspert hesab edir ki, Qarabağ münaqişəsi Rusiya və Qərb üçün mövcud ziddiyyətlər şəraitində ciddi əməkdaşlıq stimulları yaradır: 
"Elə buna görə də, ABŞ və Rusiya Bakı ilə İrəvanı danışıqlar masasına dəvət edir. Fransa da danışıqların davam etdirilməsini istəyir. Bu məsələdə ATƏT-in Minsk Qrupu həmrəylik nümayiş etdirir. Erməni siyasətçilərinin dediyinə görə, hələ nazirlərin ABŞ görüşündən əvvəl Vaşinqtonun İrəvana təzyiqləri başlayıb. 
Əsas səbəb də odur ki, Ağ Ev nəticəsi olan görüş istəyir. Son günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-ı tənqid hədəfinə çevirməsinin əsas səbəblərindən biri də məhz budur. Burada bir məqamı diqqətdə saxlayaq. 
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində İrəvanın arxasında Rusiya dayanır. Bu amil Paşinyanı ABŞ-dan uzaqlaşmağa vadar edir. Amma məsələ burasındadır ki, əslində, Rusiya da Paşinyana hansısa ciddi yardımlar göstərmək niyyətindən uzaqdır. Paşinyanın yanlış xarici siyasəti üzündən Ermənistan hökuməti hələ də hansı prinsiplər əsasında danışıqlar aparacağını bəyan etmir. Belə vəziyyət diplomatik cəbhədə Bakının xeyrinədir”.
İsmayıl