İran Prezidenti Məsud Pezeşkian MDB ilə Tehran arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə “MDB+1” formatının yaradılmasını təklif edib. Bu barədə “Fars” agentliyi İran Prezidentinin MDB sammitindəki çıxışına istinadən məlumat yayıb.
Pezeşkian bildirib ki, “Müstəqil Dövlətlər Birliyinin üzv ölkələri + İran”, yaxud “MDB+1” formatı dialoq və əməkdaşlıq üçün çevik və səmərəli mexanizm kimi yaradılmalıdır.
İran Prezidentinin sözlərinə görə, bu format MDB ölkələri ilə İran arasında qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edə bilər.
“MDB+1” formatının yaradılması təklifini şərh edən Politoloq İlqar Vəlizadə Sherg.az-a açıqlamasında bildirib ki, MDB ölkələri bir neçə il əvvəl təşkilatın imkanlarından daha geniş istifadə etməyə şərait yaradan bu cür əməkdaşlıq formatlarının yaradılmasının vacibliyini qəbul ediblər. Onun sözlərinə görə, “MDB+1” təşəbbüsünün də müəyyən əsasları var və tərəflərin bu formatın reallaşmasına müsbət yanaşması mümkündür:
“İranın Azərbaycan, Rusiya və Mərkəzi Asiya ölkələri ilə mövcud əlaqələri belə bir əməkdaşlıq mexanizminin faydalı ola biləcəyini göstərir. Bu format həm İran, həm də MDB ölkələri üçün yeni imkanlar yarada bilər”
İ.Vəlizadə vurğulayıb ki, İranın əsas məqsədlərindən biri beynəlxalq təcriddən çıxmaq, qonşu dövlətlərlə və regional qurumlarla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdir. Ekspert hesab edir ki, “MDB+1” formatı bu istiqamətdə əlaqələrin inkişafına və tərəflər arasında iqtisadi-siyasi əməkdaşlığın dərinləşməsinə töhfə verə bilər.
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında MDB-nin artıq regional və beynəlxalq siyasi çağırışlara cavab vermədiyini bildirib. Onun fikrincə, Rusiyanın yürütdüyü siyasət MDB-nin zəifləməsinə səbəb olub: “Buna baxmayaraq, İranın bu formatda iştirakı üzv ölkələrlə iqtisadi əlaqələrdə müəyyən canlanma yarada bilər. Ekspert əlavə edib ki, İranın MDB çərçivəsindəki statusu və bu istiqamətdə mümkün razılaşmalar, əsasən, Rusiyanın mövqeyindən və Moskvanın apardığı danışıqlardan asılı olacaq”.
Ekspertin sözlərinə görə, İranın “MDB+1” formatının yaradılmasında maraqlı olması ilk növbədə beynəlxalq təzyiqlər və sanksiyalar fonunda MDB ölkələri ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyindən qaynaqlanır: “Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatlarında daha fəal iştirakı İran üçün də müəyyən mənada presedent yaradıb. Yeni siyasi və iqtisadi nizam formalaşdığı təqdirdə, İranın da bu əməkdaşlıq mexanizmlərinə qoşulması mümkün ola bilər”.
M. Əsədullazadə MDB-nin hazırkı vəziyyətinə diqqət çəkərək bildirib ki, təşkilat əvvəlki nüfuzunu və təsir imkanlarını xeyli itirib. Onun fikrincə hazırda MDB-nin institusional və siyasi baxımdan zəiflədiyini müşahidə edirik:
“Gürcüstan, Ukrayna və Moldova ilə bağlı proseslər də birliyin əhatə dairəsinin və siyasi təsir imkanlarının məhdudlaşdığını göstərir. MDB getdikcə daha çox formal məsləhətləşmə platforması təsiri bağışlayır.
Türkmənistanda keçirilən sammitin, eləcə də dekabr ayında Sankt-Peterburqda nəzərdə tutulan qeyri-rəsmi görüşün MDB daxilində real inteqrasiyanı gücləndirməyəcək. Bu görüşlər, əsasən, dövlət başçılarının fikir mübadiləsi aparması və mövcud əlaqələri qoruması baxımından əhəmiyyət daşıyır. Rusiya isə bu platformadan istifadə edərək beynəlxalq ictimaiyyətə regionda hələ də tərəfdaşlarının olduğunu və regional proseslərdə fəal iştirak etdiyini nümayiş etdirməyə çalışır.
Bununla yanaşı, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri öz müstəqil siyasi-strateji xətlərini formalaşdırmağa çalışırlar. Ermənistanın da xarici siyasətində şaxələndirmə istiqamətində addımlar atması və Rusiyadan asılılığını azaltmağa çalışması bu prosesin tərkib hissəsidir. Belə bir şəraitdə MDB-ni daha çox dövlət başçılarının məsləhətləşmə və dialoq platforması kimi xarakterizə etmək mümkündür.
Azərbaycan üçün əsas məsələ Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı dərinləşdirmək, C6 formatında regional əlaqələri gücləndirmək və Orta Dəhlizin inkişafını sürətləndirməkdir. Cənubi Qafqazda həyata keçirilən siyasi-iqtisadi transformasiyanın Mərkəzi Asiya ilə uzlaşdırılması, yeni nəqliyyat marşrutlarının yaradılması və təchizat zəncirlərinin inkişaf etdirilməsi Azərbaycanın strateji hədəfidir.
Əslində, MDB ötən əsrin 90-cı illərində üzv dövlətlər arasında qarşılıqlı etimad və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirilsəydi, bu gün daha güclü beynəlxalq regional təşkilata çevrilə bilərdi. Lakin Rusiyanın qonşu dövlətlərlə münasibətlərində bəzən öz geosiyasi ambisiyalarını ön plana çıxarması birliyin inkişafına ciddi maneələr yaradıb. Moskva MDB-ni bu ambisiyaların təsiri altına salmaqla, istər bilərəkdən, istərsə də bilməyərəkdən, onun potensialının zəifləməsinə şərait yaradıb.
Bu səbəbdən MDB hazırda əvvəlki dövrlərdə gözlənilən güclü inteqrasiya platforması deyil. Azərbaycan isə öz milli maraqlarından çıxış edərək bu birlikdə iştirakını davam etdirir və mövcud formatdan siyasi-iqtisadi maraqları çərçivəsində istifadə edir. Bununla yanaşı, ölkəmizin əsas strateji prioriteti regional əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-kommunikasiya imkanlarının artırılması və müstəqil xarici siyasət kursunun möhkəmləndirilməsidir”.