Ağac kəsəni cərimələməklə iş bitmir

Telekanallarda, mediada və əhali arasında maarifləndirmə işi aparılmalıdır




Bakıda vəzifəli şəxs ağac kəsdiyi üçün cərimələnib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Asif Məhərrəmov küçəsi 60 saylı binanın qarşısında ağac kəsintisi ilə bağlı şikayət daxil olub. Ünvana baxış zamanı 1 ədəd ərik ağacının tikinti işləri aparılan zaman kəsildiyi və təbiətə 900 manat ziyan dəydiyi məlum olub.

İnzibati Xətalar Məcəlləsinə əsasən Vidadi Həsənov vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə olunub.

Müəyyən ərazidə tikinti işləri aparmaq, obyektlər tikmək üçün 5-10 ağacı kəsib müvafiq cərimə ödəmək iş adamları üçün o qədər də çətin deyil. Deməli, cərimələr bu sahədə olan neqativ halları aradan qaldırmayacaq. O zaman başqa hansı tədbirlər görülməlidir?

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli "Şərq”ə bildirib ki, cərimələrin tətbiq edilməsi müsbət mənada təsir göstərə bilər. Amma davamlı şəkildə cərimə tətbiq edilməsi məntiqə uyğun deyil: 

"Kifayət qədər böyük məbləğdə cərimə kəsilməsi müəyyən suallar yaradır - vətəndaş bunu hansı səviyyədə ödəyəcək, ümumiyyətlə, ödəmək imkanına malikdirmi? Məsələyə geniş baxmaq lazımdır, əgər ağac kəsilirsə, hansı səbəbdən kəsilir və buna kim göz yumur?

Bu gün Azərbaycanda heç kim və heç kəs sərbəst addım ata bilməz, çünki hər şey dövlətin nəzarətində, qayğısı altındadır. Müəyyən adamların məsələyə biganə yanaşaraq göz yummağı ağacların kəsilməsinə yol verir. Düşünürəm ki, cərimələrdən başqa telekanallarda, mediada və əhali arasında maarifləndirmə işi aparılmalı, tez-tez sosial roliklər hazırlanmalıdır. Bu yük də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə düşməlidir. Tutaq ki, hansısa şəxs savadsızdır və heç bilmir ki, ağacı kəsdiyi üçün ona 1000 manat cərimə tətbiq olunacaq. Bu nöqteyi-nəzərdən sosial roliklərin, televiziya verilişlərinin hazırlanması, hansısa mövzunu qoymaqla insanların müzakirəyə cəlb edilməsi müəyyən mənada öz töhfəsini verə bilər. Yalnız cərimə ilə məsələni həll etmək mümkün deyil, bu, müvəqqəti xarakter daşıya bilər”.

Yeganə Bayramova